Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA...
AZƏRBAYCAN İSTEHKAMLARI ERMƏNİ MÖVQELƏRİNDƏN ÜSTÜNDÜR, YOXSA... |
Fərəc Quliyev: “Səngərlərdən çıxmağı da daha çox hücum taktikası ilə işləməyi bacarmalıyıq”
Üzeyir Cəfərov: “Bizim səngərlər, müdafiə qurğularımız ən yüksək səviyyədədir” Eldar Sabiroğlu: “Bu məsələyə xüsusi diqqət yetirilir” “Ön xətt - sonu görünməyən düzənlik ərazidən keçir, orada tank əleyhinə tranşeylər və möhkəmləndirilmiş komanda məntəqələri yerləşir. Möhkəmləndirilmiş komanda məntəqəsi özündə blindaj qurğularını birləşdirir. Blindajlarda balaca kazarmalar və təsərrüfat bloku, dotlar, rabitə xətləri, uzaq müşahidə məntəqəsi və 10 nəfərə qədər şəxsi heyət yerləşir”. Bunlar rusiyalı reportyorların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni ordusunun səngərlərindən hazırladıqları “Dağlıq Qarabağ - sirlər diyarı. Təmas xətti” başlıqlı reportajdandır. Reportyor Stanislav Mudrıy və fotoreportyorlar Pyotr Kazakovla AntonYakunin ötən ilin payız aylarında Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olub. Reportyorlar Xankəndindəki rejimin qadağalarına baxmayaraq, gizlicə Ağdama giriblər və gördüklərini qeydə alıb fotolar çəkiblər. Bu fotolar və qeydlər bir tərəfdən Azərbaycan üçün qiymətli faktlar olsa da, digər tərəfdən ermənilərin rus reportyora belə bir şərait yaradarkən hansı məqsəd güddüklərini də araşdırmaq lazım gəlir. Mümkündür ki, düşmən bununla öz gücünü olduğundan çox göstərməyə, Azərbaycanı torpaqlarını qaytarmaq üçün hərbi əməliyyatlara əl atmaqdan daşındırmağa çalışsın. Hər halda söhbət Ermənistana hər cür dəstək verən Rusiyanın jurnalistlərindən gedir. Ancaq fotolardan görünən budur ki, ermənilər kifayət qədər təchiz olunublar, müasir istehkam qurğularına, hərtərəfli təchizata malikdirlər. Azərbaycan öz torpaqlarını azad etmək üçün isə ilk olaraq düşmənin istehkam qurğularını dağıdıb onun üzərindən işğal altındakı torpaqlarımıza doğru irəliləməlidir. Ancaq düşmənin və onun havadarının qəfil hücumundan da heç zaman sığortalanmamışıq. Üstəlik, düşmən snayperləri daim Azərbaycan əsgərini təqib edir və bu baxımdan müdafiə mövqelərimizin standartlara cavab verməsi önəmlidir. Bu mənada düşmənlə müqayisədə bizim mühəndis-istehkam qurğularının durumunun hansı vəziyyətdə olması, hərbçilərimizin təminatı məsələsi günün əsas suallarındandır. Milli Məclisin üzvləri də vaxtaşırı səngərlərdə olur, əsgərlərimizin durumu ilə maraqlanırlar. Düzdür, adətən belə rəy formalaşır ki, nümayəndə heyətini normal təchizatı olan hərbi mövqelərə aparırlar və bu, real mənzərəni əks etdirmir. Ancaq əksini düşünənlər də var. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev də deyir ki, narahatçılıq üçün əsas yoxdur: “Mən ən ucqar yerlərdəki səngərlərimizdə olmuşam. Bizim istehkam qurğuları düşmənin istehkam qurğularından heç də zəif deyil. Həm normal təchizat var, həm də kifayət qədər də diqqət yetirilir. Mənim oğlum Sədərəkdəki yüksəkliklərdən birində xidmət edirdi, ən gedilməz yollarla ora çıxmaq olurdu. Amma kifayət qədər normal təchizat və təminat gördüm”. Ancaq F.Quliyev deyir ki, biz hücum qarşılamaq üçün yalnız səngəri düşünməməliyik: “Biz hücum edən tərəf olmalıyıq və təbii ki, qarşı tərəfin səngərləri öyrənilməlidir. Biz səngərlərdən çıxmağı da daha çox hücum taktikası ilə işləməyi bacarmalıyıq. Ona görə də səngərlərdən çox ordumuzun hücum məsələlərinə diqqət verməliyik”. Üzeyir Cəfərov deyir ki, Azərbaycanın mühəndis-istehkam qurğuları da yüksək səviyyədədir: “Deməzdim ki, bizdə hansısa ciddi problemlər var. Atəşkəs elan olunandan bəri bu sahədə xeyli işlər görülüb və bizim səngərlər, müdafiə qurğularımız ən yüksək səviyyədədir. Mən narahat deyiləm ki, hansısa əməliyyatlar olsa, yaxud tapşırıqlar verilsə, bizim hər hansı bir çətinliyimiz ola bilər. Baxmayaraq ki, son vaxtlar əsgərlərimiz düşmən snayperlərinə tuş gəlirlər, ancaq bəzən olur ki, bu, əsgərlərimizin özünün də səhlənkarlığı nəticəsində baş verir. Düşmənə o imkanı yaratmaq lazım deyil ki, hədəfi düzgün nişan alsın. Çünki ilk imkan yaranan kimi qarşı tərəf bizim əsgərlərimizi sıradan çıxartmağa çalışır. Ancaq bizim səngərlər , istehkam qurğularımız ən yüksək səviyyədədir. Düzdür, rusların köməyi ilə ermənilər də xeyli işlər görüblər. Amma düşünmürəm ki, sabah döyüş tapşırığı verilərsə, bizimçün böyük problemlər yarana bilər”. Ü.Cəfərov deyir ki, düşmənin mühəndis-istehkam qurğularını yarıb keçmək üçün Azərbaycan əsgərinin kifayət qədər imkanı, resursu var və bunun üçün avadanlıqlar da mövcuddur: “Düşmənin mühəndis-istehkam qurğularını sıradan çıxartmaq üçün bizim ən müasir avadanlıqlar alınıb”. Hərbi ekspert səngərdə duran Azərbaycan əsgərinə ermənilərdən fərqli olaraq dəmir dəbilqə, yaxud zirehli gödəkcənin verilmədiyi barədə fikirlərlə də razılaşmır: “Posta çıxan əsgərlərin hər birinə həm dəmir dəbilqə, həm də zirehli gödəkcə verir. Ancaq bəzən komandirlər səhlənkarlığa yol verilir, əsgərlər dəmir dəbilqə və zirehli gödəkcəni geyinmirlər və müəyyən problemlər yaşanır. Ancaq böyük komandirlərin ciddi nəzarəti olan yerdə böyük problemlər yaşanmır”. Ü.Cəfərov hesab etmir ki, bir sıra hallarda efirdə göstərilən Azərbaycan səngərləri istehkam qurğularımızın real mənzərəsini əks etdirir: “Biz hər şeyi düşmənə göstərə bilmərik. Bizim səngərlərimizin tam əksəriyyəti müasir tələblər əsasında tikilib. Amma hərbi məsələ olduğundan biz vəziyyəti düşmənə tam açıqlamırıq. Bütövlükdə səngərlər həm güllənin qarşısını almaq baxımından, həm dərinliyinə görə normal səviyyədə hazırlanıb”. Ekspertin sözlərinə görə, səngərdəki əsgərimizin və gizir, zabit heyətinin təminatı məsələsində də Azərbaycan ordusu düşməndən qətiyyən geri qalmır, əksinə, üstündür: “Bəzən komandirlərin məsuliyyətsizliyi qanunsuzluqlara yol açır. Amma maddi təminat, maaş məsələsində əsgərlərimizin böyük sıxıntısı yoxdur. Zabitlərin aldığı məvacib isə Bakı və digər şəhərdəkindən qat-qat çoxdur. Ancaq maaşın daha da artırılması yaxşı olardı. Çünki bu, onların müəyyən problemlərinin həllinə yardımçı olardı”. Ü.Cəfərov erməni istehkamları barədə iddiaları şişirdilmiş sayır: “Erməni təbliğatı həmişə olduğu kimi xüsusi məqsəd güdür. Onlar bilirlər ki, Azərbaycan ərazilərində müvəqqətidirlər, günün birində bu torpaqlardan çəkilib getməyə məcbur olacaqlar, ona görə də istehkamları barədə vəziyyəti şişirdirlər. Azərbaycan tərəfi kifayət qədər işlər görüb. Yetər ki, komandirlər vəziyyətə xüsusi diqqət yetirsinlər ki, əsgər və ya çavuşlar boşluğa yol verməsinlər”. Ekspert onu da bildirdi ki, son xəbərlər və fotolar ermənilərin məqsədli şəkildə, Azərbaycanı qorxutmaq üçün yaydığı materiallardır: “Hətta postlarda əsgərlərin sayı çatışmır, onlar müxtəlif yerlərdən atəşkəsi pozurlar və bununla görüntü yaradırlar ki, guya bütün postlarda əsgərləri, müşahidəçiləri var. Amma əslinə qalsa, bu, rusların texnologiyası əsasında yaradılan görüntü, manevrdir”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə deyir ki, ermənilərin istehkamlarının “topdağıtmaz” olması barədə materiallara o qədər də əhəmiyyət vermək lazım deyil: “Azərbaycanda istehkam məsələsi çox güclü qaydada təşkil olunub, bu məsələyə xüsusi diqqət yetirilir. Yüksək təhsil görmüş istehkamçı zabitlərimiz var ki, onlar öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər”. Nazirlik rəsmisi atəşkəs dövrünün itkiləri barədə danışarkən bildirdi ki, bu itkilərin istehkama heç bir aidiyatı yoxdur: “Müharibə şəraitində olduğumuzdan bu itkiləri təbii qarşılamaq lazımdır. Təkcə Azərbaycan itki vermir, ermənilər də çoxlu sayda itkilərə məruz qalırlar. Atəşkəs rejimi pozulan zaman cəbhədə gərgin vəziyyətlərin yaranması və itkilərin olması mümkün haldır”. E.Sabiroğlu əsgərlərimizin təminatının ermənilərdən geri qalması barədə iddiaları da bölüşmür: “Mən istəməzdim ki, ermənilərin yalanı üzərində geniş gəlişmə aparaq. Düşmən istənilən şeyi söyləyə bilər və buna köklənib şərhlər verməyi, nəyisə dəqiqləşdirməyi düzgün saymıram. Tarixi düşmənimizdən başqa şey gözləmək lazım deyil. O, heç zaman Azərbaycanın vəziyyətini olduğu kimi dilə gətirməz”. MN rəsmisi bir erməni ordusunun acınacaqlı vəziyyətindən də bəhs etdi: “Helsinki Assambleyasının Vanadzor Ofisinin keçənilki məlumatına görə, Ermənistanda 44, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi kontingentindən isə 67 əsgər müxtəlif səbəblərdən xəstəlikdən, təmas xəttindəki atışmalar nəticəsində, yaxud intihardan ölüb. Mən hesab etmirəm ki, erməni Azərbaycan haqqında hər hansı müsbət söz desin. Tarixi düşməndən yaxşı söz gözləməyin özü sadəlövhlükdür”. Nazirlik rəsmisi mətbuatı ordu ilə bağlı diqqətli olmağa da çağırdı: “Düşmən bizim mediada Azərbaycan ordusu haqqında yazılanları böyük sevinclə qarşılayıb bütün internet saytlarında yayır”. Elşad PAŞASOY "MUSAVAT" qəzeti Geri dön |