Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Boss-Shelf şirkətində çalışan 2500-ə yaxın neftçi işi dayandırdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Boss-Shelf şirkətində çalışan 2500-ə yaxın neftçi işi dayandırdı

Boss-Shelf şirkətində çalışan 2500-ə yaxın neftçi işi dayandırdı


Neft sektoru işçiləri sosial haqsızlığa od püskürdü
“Boss-Shelf” şirkətində çalışan 2500-ə yaxın neftçi işi dayandırdı; fəhlələr əmək haqlarının azlığına, xarici rəhbər mütəxəssislərin onları söyüb aşağılamasına etiraz etdi; işçilər rəhbərliyə aprelin 1-dək vaxt verdi; ARDNŞ rəsmiləri əl-ayağa düşdü...
Martın 18-də səhərdən başlayaraq Heydər Əliyev adına Dərin Özüllər Zavodunda fəaliyyət göstərən “Boss-Shelf” şirkətinin bütün sexlərində iş dayandırılıb. 2500-ə yaxın neftçi zavodun həyətində toplaşaraq tələblərini irəli sürüblər. Tətil səhər saat 09:30-da başlayıb. İlkin olaraq neftçiləri zavod rəhbərliyi dinləyib. Tətil edən neftçilər əmək haqlarının azlığından, şirkət rəhbərliyində təmsil olunan xarici vətəndaşların onları təhqir etməsindən narazılıqlarını ifadə ediblər. Zavod rəhbərliyinin onların tələblərini yerinə yetirmək iqtidarında olmadığını düşünən neftçilər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin onların qarşısına çıxmasını tələb ediblər.


Neftçilər günorta saatlarına qədər ARDNŞ rəhbərliyinin yolunu gözləyib, rəsmilərin gəlmədiklərini gördükdə isə zavodun ərazisindən çıxaraq Bakı-Ələt magistral yolunu bağlamaq istəyiblər. Bu vaxt neftçilərə bildirilib ki, ARDNŞ rəhbərliyi zavodun akt zalında onlarla görüş keçirəcək.
Bundan sonra fəhlələr zala gediblər. Orada neftçiləri ARDNŞ vitse-prezidenti Xalid Məmmədov, ARDNŞ-in Hüquq Departamentinin rəhbəri Eldar Orucov, ARDNŞ Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, “Boss-Shelf”in direktoru İxtiyar Axundov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər vəzifəlilər dinləyib.
Çıxış edən neftçilər rəhbərlik qarşısında 5 tələb qoyublar. Onlar aprelin 1-dən maaşlarının 52 faiz artırılması, maaşların dollarla deyil, manatla verilməsini, məzuniyyət haqqının və tibbi sığortanın bərpasını istəyiblər. Neftçilər onları təhqir edən “Boss-Shelf” rəhbərliyində ikinci-üçüncü şəxs hesab olunan Yuven və Alan adlı şotlandların cəzalandırılmasını tələb ediblər. Neftçilər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aprelin 1-dən tətili davam etdirəcəklərini bəyan ediblər.
“Boss-Shelf”in rəhbəri İ.Axundov deyib ki, bəzi tələblər haqsızdır və onları yerinə yetirmək mümkün deyil. Məsələn, o, qısa vaxtda maaşların artırılmasını real saymayıb: “Bu, bir günün və ya bir ayın işi deyil. Ona görə də kim maaşının 52 faiz artırılmasını tələb edirsə, aprelin 1-ni gözləmədən indidən tətilə başlaya bilər”.
Maaşların dollarla deyil, manatla verilməsinə gəlincə isə İ.Axundov deyib ki, “Boss-Shelf” şirkəti bp şirkəti ilə işləyir. Buna görə də maaşlar dollarla hesablanıb manatla verilir: “Ancaq dolların kursu maaşa təsir etməməlidir. Əgər belədirsə, mühasibatlığa deyərik, bunu yoluna qoyar”.
O ki qaldı tibbi sığorta tələbinə, İ.Axundov bu yöndə iş getdiyini, iyundan kartların paylana biləcəyini də söyləyib. İ.Axundov yerli işçiləri aşağılayan əcnəbi həmkarların cəzalandırılması haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, millətçi olmaq lazım deyil. Ancaq İ.Axundov yerli işçilərin təhqir olunmasını da yolverilməz sayıb və bu yöndə araşdırma aparılacağını bildirib.
Toplantı zamanı fəhlələr bildiriblər ki, onlar “over taym” istəyirlər. Bu da iş vaxtı bitəndən sonra da işləmək deməkdir. Neftçilərin işdən sonra qalıb işləmək istəkləri “over taym”a görə ödənilən əlavə əmək haqqı ilə bağlıdır. Belə məlum olur ki, 1 il əvvəl Dərin Özüllər Zavodu “Boss-Shelf” şirkəti ilə birləşib. Nəticədə əmək haqqı 650-700 manatdan 350-420 manata qədər enib. Bayram günlərində neftçilərə verilən əlavə əmək haqqı kəsilib, məzuniyyət işçilərin “Boss-Shelf”ə işə qəbul olunduqları gündən hesablanmağa başlayıb. 25-30 il iş stajı olan neftçilərin məzuniyyəti 1 ilin işçiləri kimi 21 gün hesablanmağa başlayıb. Bütün bunlar neftçilərin zavodun yenidən ARDNŞ-ə qaytarılmasını tələb etməsinə gətirib çıxarıb.
Şirkətdə çalışan xadimə İradə Pirquliyeva bildirib ki, onlara 160-170 manat əmək haqqı verilir. Tribunaya çıxan neftçilərdən biri deyib: “Sex rəislərinə çox pul verirlər. Ona görə də rəislər neftçilər etirazını yuxarılara, ARDNŞ-ə çatdırmırlar”.
Şirkətdə çalışan qaynaqçılar isə çubuq (elektrod) sexinin bağlanmasına etiraz ediblər: “Bizim sexlərdə istehsal olunan elektrod İsveçdən alınan elektroddan keyfiyyətlidir. Amma elektrod sexini bağlamaq istəyirlər. Axı niyə xaricdən baha qiymətə elektrod almalıyıq? Bizim zavodda istehsal olunan elektrod daha keyfiyyətlidir, bunu hamı bilir”.
ARDNŞ vitse-prezidenti Xalid Məmmədov deyilənlərlə razılaşmayıb, xaricdən alınan elektrodun daha keyfiyyətli olmasında israr edib. “Boss-Shelf”in direktoru İxtiyar Axundov etiraz iştirakçılarına söz verib ki, bütün problemlər həll olunacaq. O, obrazlı şəkildə deyib ki, qılıncını çıxararaq ARDNŞ rəhbərliyi ilə “Boss-Shelf” ailəsinin şəraitini düzəltmək üçün çalışır: “Səhər sizin qarşınıza çıxıb təkliflərinizi istədim. Amma siz təklifləri mənə çatdırmaq əvəzinə qapıya gedirsiniz?! Bu, çıxış yolu deyil, təkliflərinizi verin, çıxış yolunu necə görürsünüzsə, söyləyin. Mən hər həftədə ən azı bir dəfə sizinlə bərabər yeməkxanaya gəlib yemək yeyirəm. Əgər sözünüzü sex rəisləri mənə demirsə, özünüz deyə bilərsiniz. Bunun əvəzinə işi dayandırıb müəssisəyə ziyan vurursunuz. Bura biznes müəssisəsidir”.
ARDNŞ Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev də neftçilər qarşısında çıxış edib. O, məlumat verib ki, bp şirkəti dövlət qarşısında xaricdən 10 min nəfər mütəxəssis gətirilməsi ilə bağlı məsələ qaldırsa da dövlət bununla razılaşmır. ARDNŞ-in Hüquq Departamentinin rəhbəri Eldar Orucov, daha sonra Qaradağın icra başçısı Süleyman Mikayılov danışıb. İH başçısı deyib ki, xarici mütəxəssislər işin yaxşılaşdırılması üçün dəvət olunub. O, hazırda Qaradağda tikilən yeni məktəbdən danışaraq bildirib ki, bu məktəbdə yerli mütəxəssislər öz ixtisaslarını artıracaqlar. S.Mikayılov neftçilərin şikayətinə toxunaraq bildirib ki, qaldırılan məsələlər boş bir şeydir.
Fəhlələr onun bu fikrinə ciddi şəkildə etirazlarını bildirib. İcra başçısı əlavə edib ki, bu məsələləri həll etmək elə də çətin deyil və bu məsələlər həll ediləcək. ARDNŞ-in vitse-prezidenti Xalid Məmmədov çıxış edərək deyib ki, şirkətin sex rəisləri problemləri yuxarılara çatdırmır. O, məsələni ARDNŞ prezidentinə məruzə edəcəklərini bildirib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, bu şirkətdə bu cür aksiyanın keçirilməsi birinci dəfə deyil, fəhlələrin əmək haqlarının aşağı olması onları belə tədbirlərə əl atmağa vadar edir: “Əsas etiraz edənlər qaynaqçılardır. Deyirlər ki, maaşlarımız azdır - saatı 6 dollar. Aldıqları maaş işlədikləri saatlardan və ay ərzində neçə bayram gününün olmasından asılır. Ən çox maaş alanlar məhz qaynaqçılardır. Digər sahələrdə işləyənlər daha az maaş alır. Fəhlələr tibbi sığorta olunmayıb. Bu isə qanun pozuntusudur. Onlar əmək şəraitinin də standartlara cavab vermədiyini bildirirlər”.

Geri dön