Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elxan Süleymanov: “Andres Herkelin dedikləri həqiqətdən uzaqdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Elxan Süleymanov: “Andres Herkelin dedikləri həqiqətdən uzaqdır”

Elxan Süleymanov: “Andres Herkelin dedikləri həqiqətdən uzaqdır”


“Cənab Andres Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiası həqiqətdən uzaqdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, habelə Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanov deyib. E. Süleymanovun sözlərinə görə, onun nitqi Monitorinq Komitəsinin sədri A. Herkel tərəfindən birinci dəfə “Ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-ci ildə mülki əhaliyə qarşı soyqırımı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib” cümləsindən sonra yarımçıq dayandırılıb: “Bu zaman Herkelə müraciət edərək bildirdim ki, Siz mənim ölkəm üzrə həmməruzəçi olmusunuz, demokratiya və insan hüquqlarının müdafiəsində Sizin də göstərdiyiniz səylər nəticəsində Azərbaycanda xeyli iş görülüb, xahiş edirəm, mənə söz azadlığımdan istifadə edərək çıxışımı davam etdirməyə imkan yaradın. Bundan sonra cənab Herkel çıxışımı davam etdirməyə şərait yaratdı”.

E. Süleymanovun sözlərinə görə, çıxışını davam etdirməyə başlayaraq, Tomas de Vaalın kitabında Sarkisyanın Xocalıda törədilmiş qanlı faciənin müəlliflərindən biri və iştirakçısı olması barədə etirafını Komitə üzvlərinin diqqətinə çatdırarkən, A. Herkel qəzəblə yenidən onun nitqini yarımçıq kəsib, məhz bundan sonra o, etiraz əlaməti olaraq iclası tərk edib: “Cənab Herkelin mənim 4 dəqiqə çıxış etdiyim və onun 2 dəqiqəyə çıxışımı yekunlaşdırmaq barədə xahiş etməsi də həqiqətdən tam uzaqdır. Belə ki, cənab Herkel ilk dəfə çıxışımı dayandıranda mən cəmi 1 dəqiqə 40 saniyə idi ki, çıxış etməyə başlamışdım, ikinci dəfə çıxışım dayandırılanda isə cəmi 2 dəqiqə keçmişdi”.

E. Süleymanov çıxışının xronometrajı müəyyən edilməsinin çox incə və məsələyə aydınlıq gətirmək üçün vacib məqam olduğunu bildirib. Deputat qeyd edib ki, onun Monitorinq Komitəsi iclasındakı çıxışının mətni KİV-də bir neçə gün əvvəl yayımlanıb: “Odur ki, hər bir oxucu özü üçün çıxışın yarımçıq dayandırıldığı vaxtın xronometrajını asanlıqla müəyyən edə bilər”.

Millət vəkili həmçinin vurğulayıb ki, martın 17-də çıxışının mətnini elektron poçtla A. Herkelə və Komitənin katibliyinə də göndərib: “Odur ki, Komitə üzvləri də həmin mətni əldə ediblər. Beləliklə, qeyd edilən çıxışın dayandırıldığı vaxtın xronometrajını və məsələ ilə bağlı Herkelin mətbuata ötürdüyü məlumatın nə dərəcədə obyektiv olduğunu asanlıqla müəyyən etmək imkanı var”.

E. Süleymanov Komitə iclasında müzakirə olunan məsələlərə ayrılmış vaxt məsələsinin də narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, iclasda Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı hər çıxışçıya cəmi 4 dəqiqə ayrıldığı halda, Türkiyə və Rumıniya ilə bağlı məsələlər ətrafında çıxışçılara uzun-uzadı vaxt verilib, onların arasında hətta 40 dəqiqəyədək çıxış edənlər olub.

“Çox maraqlı məqamdır ki, cənab Herkel həmin iclasda “Azərbaycanda son vəziyyət” barədə müzakirədə mənə 15 dəqiqə danışmağa məhdudiyyət qoymadı. Buna görə mən ona minnətdarlığımı bildirirəm. Bəs o, Ermənistanla bağlı çıxışımda nə üçün reqlamenti bəhanə gətirir? Biz demokratiya, azadlıq və vəhdət evində səmimi olmalı, ictimaiyyətə yanlış məlumat ötürməməliyik”, – deyə deputat vurğulayıb.

E. Süleymanov sonda Komitə iclasında baş verənlərin təsadüfi olmadığı, Ermənistanın təcavüzkar və cinayətkar dövlət olmasını, yenidən bu ölkənin prezidenti seçilmiş Serj Sərkisyanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini, nəhayət, seçkilərin demokratiyaya və hüququn aliliyi prinsiplərinə zidd olmasını ört-basdır etmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş prezident seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı KİV-də məlumatlar verilib. Həmin məlumatlarda bildirilirdi ki, insident Azərbaycan nümayəndə heyətinin Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib. Çıxış zamanı sədr Andres Herkel onun çıxışını bir neçə dəfə kəsib və Azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.

Monitorinq Komitəsinin sədri Andres Herkel isə martın 22-də mətbuata bildirib ki, o, E. Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. “Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqəyə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində qaldım. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi”, - deyə A. Herkel qeyd edib.

Geri dön