Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb, DAVAMın yazıları > Azərbaycan Xalq Cümhuriyyətinin generalları
Azərbaycan Xalq Cümhuriyyətinin generalları |
Şəmistan Nəzirli: «Əliağa Şıxlinskin Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmaqla Azərbaycan ordusunun təməl daşını qoyub»
Əliağa Şıxlinski 1863-ci il martın 3-də Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. Anası Yəmən xanım Qayıbova şair Molla Vəli Vidadinin nəvəsi idi. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirir. 1904-1905-ci illərdə rus-yapon müharibəsində batareya komandiri kimi vuruşur. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alır. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən «Səhra toplarının cəbhədə işlədilməsi» əsəri 1910-cu ildə çap olunur. Onun «Şıxlinski üçbucağı», «Şıxlinski formulu» adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilir. Xidmətlərinə görə 1912-ci ildə general-mayor rütbəsi verilir. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilir. 1914-cü ildə I Dünya Müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılır. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunur. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur edir. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilir. Tanınmış araşdırmaçı Şəmistan Nəzirli bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa generallarımızın olması sübut etdi ki, bu xalq döyüşkənlik ruhunu qətiyyən itirməyib. Fitri istedada malik, anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə sevdiyi xalqına sədaqətlə xidmət edib: «Onun hərbi fəaliyyəti ilə bağlı araşdırmalar aparan zaman bir çox sahələrdə ilkin şəxs olduğunu gördüm. Yəni təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən «Şıxlinski üçbucağı»ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub. «Şıxlınski üçbucağı»nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikası işlənib hazırlanıb». Əliağa Şıxlinskinin Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə göstərdiyi rəşadətlər barədə araşdırmaçı bu qənaətdədir: «Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Şıxlinski həmişə birincilər sırasında olub. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə I Cahan Savaşında, 1918-20-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Maraqlıdır ki, hətta Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmamışdı. Onun məşhur «Xatirələrim» kitabı bu gün də hərbi memuarın ən qiymətli nümunələrindən biri hesab edilir. «Xatirələrim» kitabının yazılmasında Heydər Hüseynovun mühüm xidmətləri olub. Qoca general «leçkomissiya»da yerləşdirildikdən sonra onun xatirələrini yazıya almaq üçün bir nəfəri bu işə təhkim edib. Şıxlinskinin «Xatirələrim» kitabı hələlik Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə kimi ondan istifadə etməsin. Əliağa Şıxlinskin 1917-ci il noyabrın 15-də Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl daşını qoyub». Tale Şıxlinskiyə övlad nəsib etməmişdi: «Sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonra demək olar ki, yaşamaq onun üçün artıq mənasızlaşmışdı. 1931-ci ildə vəfat etmiş Higar xanımdan sonra o, 13 il yaşadı. Hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət edər, hər ildönümündə ehsan verərmiş. General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib. 1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindəki «Şıxlinkski fondu»nda ağzı bağlı bir məktuba rast gəldim. Mavi rəngli zərfin üzərində rusca yazılmışdı: «Vəsiyyət. Mən öləndən sonra açmalı.» O zaman vəsiyyətdən düz qırx il keçirdi. Məni maraqlandıran o idi ki, nə əcəb bu vaxtacan generalın vəsiyyətini oxuyan olmayıb? Ehtiyatla məktubu açdım. İçindən adi dəftər kağızında yazılmış dörd vərəq çıxdı. Vəsiyyatnamədə deyilirdi ki, «ölümümdən sonra əmlakımdan nə qalarsa… həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova və onun həyat yoldaşı Qayıbovaya vəsiyyət edirəm». 1933-cü ildə yazılmış vəsiyyət yenidən 1938-ci ildə işlənib. Bu zaman Şıxlinski yazırdı ki, gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim, bununla da vəsiyyətnaməm mənasını itirmiş oldu. O, son xahişini belə edirdi: «Əgər mən yataqda xəstə qalası olsam, xəstəxanaya göndərin. Xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın. Qəzetdə elan verməyin. Heç bir ehsan verməyin. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb üstündə yazarsınız: «Əliağa Şıxlinski». Heç bir tarix lazım deyil. Bakı. 13.03.1942-ci il». Azərbaycan hərbi xadimi, general-leytenant (1915), krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi Süleyman bəy Sulkeviç 1865-ci ildə Vilna quberniyasında (indiki Kemeyşı, Voranava rayonu, Qrodno vilayəti, Belarusda) anadan olub. Süleyman bəy Voronejdə Mixaylovski kadet korpusunu və Peterburqda Mixaylovski artilleriya məktəbini bitirib, poruçik rütbəsində 1888-ci il oktyabrın 3-də Rusiyanın Baş Qərargah Akademiyasına daxil olur. Sonradan qərargah zabiti kimi Odessa hərbi dairəsində xidmətini davam etdirib. 1899-cu ildə Sulkeviç həm podpolkovnik rütbəsi, həm də Müqəddəs Stanislav ordeninə layiq görülür, Odessa hərbi dairəsi qərargahının baş yavəri vəzifəsinə təyin olunur. 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak edir, xidmətlərinə görə II dərəcəli Müqəddəs Anna və IV dərəcəli Müqəddəs Vladimir ordenləri ilə təltif edilir. 1910-cu ildə general-mayor rütbəsinə layiq görülərək İrkutsk hərbi dairəsinin general-kvartirmeysteri vəzifəsinə irəli çəkilir. 1912-ci ildə ona VII ordu korpusunun qərargah rəisi vəzifəsi həvalə olunur. 1915-ci il aprelin 26-da Süleyman bəyə növbəti general-leytenant rütbəsi verilir. I Dünya müharibəsi illərində yaradılmış ilk müsəlman korpusunun komandiri olur. Çar hakimiyyətinin devrilməsindən sonra 1918-ci ildə Sulkeviç Krıma gəlir və 25 iyun 1918-ci ildə burada yaradılan Krım diyar hökumətinin sədri, daxili və hərbi işlər naziri seçilir. 1919-cu ilin martında Sulkeviç Azərbaycana gəlir. Həmin vaxtdan o, Azərbaycanda «Məmməd bəy Sulkeviç» kimi tanınır. Sulkeviçin 19 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirilir, onların döyüş hazırlığı xeyli təkmilləşdirilir. Onun rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradılır, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilir, qoşun və agentura kəşfiyyatı işinin təşkilinə diqqət artırılır. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunur. Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoyur. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlanır. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilir. Denikin təhlükəsi güclənən zaman Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü əhəmiyyətli işlərdəndir. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsusdur. Səfərbərlik elan ediləcəyi təqdirdə dəmir yolu xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və könüllü ordunun Azərbaycana təcavüzünün geniş miqyas alacağı halda qoşun hissələrinin yerləşdirilməsi, müharibə başlanarsa, Gəncədə arxa cəbhə komandanlığının yaradılması planları və digər mühüm sənədlər Sulkeviç tərəfindən hazırlanır. 1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirir, erməni-daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürür. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək Rusiyaya gedən könüllü ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunur. 1920-ci il Aprel işğalından sonra Sulkeviç bolşeviklər tərəfindən həbs olunur, ölüm cəzasına məhkum edilir və 15 iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnir. Məhəmməd Əmin Rəsulzadə öz kitabında Süleyman bəy Sulkeviçin həyatının son anları haqqında yazır: «Onunla birlikdə olan Mehmet Əli bəy deyirdi: «Generala çekistlərin arxasınca getməyi əmr etdilər. Biz başa düşdük ki, onun ölüm anı çatıb. Biz onun gözlərinə baxmağa cürət etmirdik, lazımi söz tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı və sakit, ancaq inamlı səslə dedi: «Əlvida!» Şəmistan Nəzirli Geri dön |