Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölüm hökmünün ləğv edilməsi müzakirəsi hüquqşünaslarda parçalanma yaratdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Ölüm hökmünün ləğv edilməsi müzakirəsi hüquqşünaslarda parçalanma yaratdı

Ölüm hökmünün ləğv edilməsi müzakirəsi hüquqşünaslarda parçalanma yaratdı


Müzəffər Baxış: “Fazil Mustafanın fikirlərinə hörmətim var, amma ölüm cəzasını bərpa etməklə bu tip cinayətlərin qarşısını almaq mümkün olmayacaq”
Cəlilabadda ana və iki azyaşlı qızının qəddarlıqla qətlə yetirilib yandırılması ölüm hökmünün bərpası məsələsini yenidən gündəmə gətirib. Deputat Fazil Mustafa bu olaydan təsirlənərək 1998-ci il, fevralın 10-da ləğv edilən ölüm hökmünün bərpasını təklif edib.

İxtisasca hüquqşünas olan deputat facebook səhifəsində bu olayla bağlı status yazıb: “Martın 23-də Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. Bu vəhşiyə ömürlük həbsmi veriləcək? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz”.

Hüquq elmləri doktoru, professor İlham Rəhimov, tanınmış vəkil Elton Quliyev bu mövzuda müəllif yazıları və müsahibələrlə çıxış edib. Ümumən son illərdə ölkədə ölüm hökmü, edam cəzası mövzusu aktuallaşıb. 2011-ci ilin aprelində deputat İqbal Ağazadə məsələni Milli Məclisdə qaldırmış, amma MM bu təşəbbüsü dəstəkləməmişdi. Bununla yanaşı, son illərdə ölkədə artan ağır cinayətlərin fonunda bir sıra hüquqşünaslar, ictimaiyyət nümayəndələri ölüm cəzasının bərpası təklifi ilə çıxış edib. Bir çoxları isə hesab edir ki, insanların törətdiyi cinayətə görə həyatdan məhrum edilməsi humanizm prinsipinə ziddir, insanlar islah olunmalı, cinayətdən çəkindirilməlidir. Bir çox Avropa ölkələrində məhz bu qaydaya riayət olunur. Ancaq bunun əksini düşünənlər də var. Onlar hesab edir ki, islah olunmayan, ağır cinayətlər törədən insanların edam olunması zəruri və məntiqidir.

70-dən çox ölkədə edam cəzası hələ də qalır. 25 ölkədə isə edam cəzası hüquqda mövcud olsa da son 10 ildə heç kim edam olunmayıb. Ölüm hökmü dünyada ən çox Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və Vyetnamda icra olunur. Türkiyədə edam cəzası 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tam ləğv olunub. 1920-1984-cü illərdə Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib.

1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv edildiyi bəyan olunur. Yalnız 3 hal istisna olmaqla ölüm cəzasının tətbiqi qadağan olunur: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı qiyam və kütləvi iğtişaşın qarşısını alanda ölüm hadisəsinə yol verilə bilər.

Müasir dünya praktikasında xüsusi ağır cinayət törədən qatillər, manyaklar edam edilir. Bəzi ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, Çinin bəzi əyalətlərində isə hətta oğrular da edam olunur. İranda isə narkotik tacirləri, narkotikin yayılmasında iştirak edənlər barədə ölüm hökmü çıxarılır.

Vəkil Xalid Bağırov ölüm hökmünün tətbiqinə qarşı olanlardandır. Vəkilin fikrincə, Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığı üçün ölüm hökmü xeyli günahsız insanın edamına gətirə bilər. X.Bağırov deyir ki, Azərbaycanda 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ildə isə tam ləğv olunub: “Bu, Avropa Şurasına qəbul olunması üçün Azərbaycanın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi məqsədilə edilib. Ölüm hökmünün ləğvi müsbət addım sayılmalıdır. Xüsusən bu gün ədalətli məhkəmə araşdırmasının olmadığı bir vaxtda ölüm cəzası yolverilməzdir. Cinayət Məcəlləsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Lakin statistika göstərir ki, ölüm cəzasının mövcud olması cinayətlərin qarşısını almır, yəni qorxuducu nəticəsi yoxdur”.

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış da ölüm cəzasının bərpasına tərəfdar deyil: “Zaman-zaman ölüm cəzasının bərpası ilə bağlı fikirlər səslənir. Amma düşünmürəm ki, ölkəmizdə ölüm hökmünün tətbiqi mümkündür. Ümumən bu cəzanın fəlsəfəsi qüsurludur. Dinimizə də ziddir. İslama görə, əgər canı Allah verirsə, onu Allah ala bilər. Bu cəzanın bərpasını tələb edənlər mövqeyini belə əsaslandırır ki, ölüm hökmü tətbiq olunsa, Cəlilabaddakı kimi ağır cinayətlərin qarşısı alınacaq. Amma sübut olunub ki, cəzanın fərdiləşdirilməsi ilə cinayətin qarşısını almaq qeyri-mümkündür. Əgər mümkün olsaydı, bu gün ölüm cəzasının qüvvədə olduğu ölkələrdə xüsusilə ağır cinayətlər baş verməzdi. Bu baxımdan ölüm cəzasının bərpasını istəyənlərin fikri tənqidə dözmür. Cinayət sosial bir hadisədir”.

M.Baxış düşünür ki, bu cəzanın bərpasına ehtiyac yoxdur: “Bundan sonra ölkəmizdə ölüm hökmü bərpa edilə bilməz. Avropa ailəsinə qoşulan dövlətlər öhdəlik götürür ki, ölüm cəzasını ləğv etsinlər. Fazil Mustafanın fikirlərinə böyük hörmətim var, amma ölüm cəzasını bərpa etməklə bu tip cinayətlərin qarşısını almaq mümkün olmayacaq”.

E.MƏMMƏDƏLİYEV

Geri dön