Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müasir Azərbaycanın dövlət quruculuğunda Konstitusiya Məhkəməsinin rolu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Müasir Azərbaycanın dövlət quruculuğunda Konstitusiya Məhkəməsinin rolu

Müasir Azərbaycanın dövlət quruculuğunda Konstitusiya Məhkəməsinin rolu


Tural Aslanov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Konstitusionalizm hər bir dövlətdə hüquqi nizam prinsiplərini tətbiq etmək üçün vacib mexanizmlər sistemidir. Bu anlayış, ilk növbədə, dövlət anlayışı ilə bağlıdır. Çünki məhz dövlət cəmiyyətin inkişafı və onun fərdlərinin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bunun üçün dövlətə vahid hüquqi mexanizmlər tələb olunur. Bunu da konstitusiya hüququ təmin edə bilər. İngilis filosofu Con Lok yazırdı ki, dövlətdə fərd azadlığı cəmiyyətin bütün üzvləri üçün vahid olan daimi qaydaların olmasından ibarətdir.
Azərbaycanda konstitusionalizmin nəzəriyyə və praktikasının öyrənilməsi dövlətçilik prinsiplərinin tətbiqi, demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə, Azərbaycanda konstitusionalizm təcrübəsi mövcud olmuşdur. Həm Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1918-ci ildə konstitusiya aktları, həm də respublikamız Sovet İttifaqının tərkibində olduğu zaman Konstitusiyası qəbul edilmişdir. Sovet İttifaqı dövründə yazılan Konstitusiya heç də ölkəmizin maraqlarını, onun milli özünəməxsusluğunu əks etdirməmişdir. Əslində, bu sənəd Azərbaycan üçün sırf formal səciyyə daşımışdır. Bunu həmin sənəddə milli atributların, dövlət dili ilə bağlı maddənin əks olunmaması da təsdiq edir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının təsdiqi yalnız XX əsrin sonlarında - 1995-ci ildə mümkün olmuşdur. Məhz bu tarix Azərbaycanda hər bir müstəqil ölkəyə xas olan konstitusionalizm nəzəriyyəsi və praktikasının yaranmasını labüd etmişdir. Müstəqil ölkənin Konstitusiyası onun ilkin dəyəridir. Yalnız ölkənin müstəqilliyi onun konstitusiyasında milli dəyərləri, xalqın maraqlarını, ölkənin perspektivə hesablanmış inkişafını əks etdirməyə imkan verir. Müstəqil dövlətçilik yoluna qədəm qoyan ölkə Əsas Qanunu vasitəsilə dünya konstitusional hüquq sisteminə daxil ola, özünü sübut edə bilər. Azərbaycan bu müstəqilliyi qazana bildi.
Azərbaycan xalqı müstəqilliyi asanlıqla əldə etməmişdir. Bu yolda çox şəhidlər vermiş, çox itkilərlə üzləşmişdir. Müstəqilliyimizin ilk illərində məhz dövlətçilik prinsiplərinin olmaması, ölkəmizin dünya hüquq sistemində mövqelərini möhkəmlətməyə nail olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnmişdi. Hesab etmək olar ki, ölkənin Əsas Qanunu onun hüquq sistemində nüvə rolunu oynayır. Həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının olmaması ölkədə digər qanunların tam gücü ilə işləməməsinə gətirib çıxarırdı. Çünki SSRİ dövründə qəbul edilən Azərbaycan Konstitusiyası, ona edilən dəyişiklərə baxmayaraq, müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Bu nizamın yaradılması isə hər bir xalqın, ölkənin həyatında tarixi nailiyyətdir.
Müstəqilliyimizin ilk illərində konstitusionalizmi geriyə atan ən böyük amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Eyni zamanda, ölkədə baş verən siyasi proseslər də dövləti konstitusional hüquq quruculuğundan uzaqlaşdırırdı. Müasir dövrdən baxdıqda, Azərbaycanın həmin illərdə necə mürəkkəb vəziyyətə düşməsini daha yaxşı anlamaq olur. Hüquqi nizamın yoxluğu, eyni zamanda, cəmiyyətdə demokratik prinsiplərin də bərqərar olmasını ləngidir, ölkəni illərlə geriyə atırdı. Demokratiyanın tez bir zamanda Azərbaycanda bərqərar edilməsi isə ölkəmiz üçün yeganə çıxış yolu, müstəqilliyimizin dünya hüquq sistemində təsdiqi demək idi.
Həmin dövrdə hüquqi nizamın yoxluğu şəraitində ölkədə vəziyyətin sabitləşdirilməsi bir çox siyasətçilər üçün çətin və mümkünsüz görünürdü. Azərbaycan müstəqil olsa da, onun dövlətçilik prinsipləri yox səviyyəsində idi. Düşünmək olar ki, bu problemin həllinin məsuliyyəti ölkədə dövlət və ictimaiyyət nümayəndələrinin üzərinə düşürdü. Lakin həmin illər Azərbaycanda siyasi çəkişmələr, hakimiyyət uğrunda gedən hətta qanlı mübarizələr onların buna qadir olmadığını göstərdi. Belə vəziyyətdə hüquqi nizamı yalnız dövlətçiliyin nəzəriyyəsi və praktikasını dərindən bilən bir lider qura bilərdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının əsas məqsədi bu olmuşdur. Xalq məhz onun ölkəyə sabitlik gətirəcəyinə inanmış və geridə qalan illər də göstərmişdir ki, Azərbaycan cəmiyyəti bu məsələdə yanılmamışdır. Əgər Ümummilli Lider hakimiyyətə gəlməsəydi, müasir dövrdən nəzər yetirdikdə ölkəni nə gözləyəcəyini təsəvvür etmək belə çətin görünür. Ulu Öndərin Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığı ilk anlardan cəmiyyətimizə hava, su kimi lazım olan hüquqi nizamın işartıları görünməyə başladı. 1994-1995-ci illərdə də cəmiyyəti parçalamağa çalışan siyasi qüvvələr ölkədə hüquq quruculuğunun qarşısını almağa cəhdlər göstərdilər. Lakin bu, mümkün olmadı. Ümummilli Lider həm ölkəni xaosa sürükləməyə çalışan bu qüvvələrin qarşısını almaq üçün səylər göstərir, eyni zamanda, hüquq quruculuğunu dayanmadan davam etdirirdi. Ulu Öndər konstitusional hüququn bərqərar olmasının vacibliyini dərindən bilən qüdrətli siyasi xadim kimi ölkədə hüquqi nizamın yalnız bu yolla bərpa edilməsini mümkün hesab edirdi.
Bu məqsədlə 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Azərbaycanda sabitliyə böyük təhdidlərin olmasına rəğmən, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu. Ümummilli Lider Konstitusiya Komissiyasının iclasında ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində prioritetlərini dəfələrlə vurğulamışdır: "Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmağı nəinki elan etmişik, biz onu həyata keçiririk və bu sahədə çox dəyərli addımlar atırıq".
Ulu Öndər Azərbaycanın ilk Konstitusiyasının yaradılmasını ölkəni xaotik vəziyyətdən çıxara bilən əsas istiqamət kimi görürdü. Azərbaycanda demokratik dəyərlərin bərqərar olması Ali Qanunun mövcudluğu ilə mümkün idi. Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın Konstitusiyası hazırlanarkən onun məhz dünyəvi demokratik dəyərlər əsasında yaradılması başlıca məqsəd olmuşdur. Bu yolla Azərbaycanın perspektiv inkişafının təməli qoyulmuş, onun hər bir sahədə irəli addımlaması üçün əsaslar yaradılmışdır: "Konstitusiyamız da, yaradacağımız parlament də və parlamentin yaradılması üçün keçirilən seçkilər də respublikamızda seçilən həmin strateji məqsədə - Azərbaycanın müstəqilliyi, respublikamızda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qurulması, ölkəmizin həyatında - iqtisadiyyatda, sosial sahədə ciddi dəyişikliklər edilməsi və Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması məqsədinə uyğun olmalıdır: həm seçki qanunu, həm də Konstitusiyamız - Əsas Qanunumuz".
Göründüyü kimi, Ulu Öndər Konstitusiyanın qəbulunun cəmiyyətin bütün sahələrində hüquqi nizam yaradacağına əminliyini ifadə etdirmişdir. Diqqət yetirsək görərik, məhz Azərbaycanın ilk Konstitusiyasının qəbulundan sonra ölkədə vəziyyət sabitləşməyə doğru dəyişdi, sabitlik bərpa olundu, iqtisadi artım tempi yüksəldi, cəmiyyətin fəaliyyəti normallaşdı. Ümummilli Lider Konstitusiyanın yaradılmasını, həmçinin Azərbaycanın dünya demokratik dəyərlər sisteminə inteqrasiyasını şərtləndirəcəyini də yaxşı bilirdi. Məhz bu Ali Sənəd Azərbaycanı digər dövlətlər sırasında layiqli yerini tutmağa, demokratik idarəetmə təcrübəsi qazanmağa və eyni zamanda, özünü dünyaya müstəqil dövlət kimi tanıtmağa zəmin yarada bilərdi. Ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsiplərini özündə cəmləşdirməlidir".
Demokratik inkişaf, eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə yanaşı, müstəqil Azərbaycanın yeni dövlət idarəetməsinə qədəm qoyması demək idi. Ölkəmiz yalnız bu yolla sabitliyə nail ola bilərdi. Sabitlik isə, öz növbəsində, cəmiyyətin bütün sahələrinin inkişafını şərtləndirən amildir. Bu baxımdan demokratik prinsiplər dövlət hakimiyyətinin möhkəmləndirilməsi üçün əsas şərt sayılırdı. Həmin dövrdə Azərbaycan üçün demokratik inkişaf prioritet seçilmişdi və bu da xaosdan çıxmaq üçün yeganə düzgün yol idi. Cəmiyyətin hüquqi nizama düşməsi üçün perspektivləri müəyyənləşdirəcək yeni qanunların qəbulu tələb olunurdu. Bunu isə mütləq şəkildə yeni Konstitusiyanın qəbulu ilə etmək olardı. Ölkənin Konstitusiyası hüquq yaradıcılığının bütün sahələri üçün təməl rolunu oynayırdı. Ümummilli lider Heydər Əliyev demokratik prinsiplər dedikdə məhz bunları nəzərdə tuturdu: "Əgər bu, bir tərəfdən, insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır".
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu. Ümummilli Lider bu Konstitusiya ilə Azərbaycanın çox-çox illər öncəyə inkişafının təməlini yaratdı. Bu Ali Sənədi hazırlayarkən o, ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayaraq deyirdi: "Əgər Ermənistan təcavüzündən qurtara bilsək, əgər dövlətçiliyimizi möhkəmləndirə bilsək, bilin, Azərbaycanın çox böyük gələcəyi var".
Prezident İlham Əliyev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təkcə respublikamızın deyil, hətta regionun da hərtərəfli inkişafına ciddi maneə olduğunu dəfələrlə vurğulamışdır. Buna baxmayaraq, Azərbaycan məhz dövlətçiliyini, hüququn aliliyini möhkəmləndirməklə indiki inkişafa nail ola bilmişdir. Bu da şübhəsiz ki, Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın qəbul edildiyi dövrdən başlayır. Müasir tariximizdə bu, həlledici an olmuşdur. Heydər Əliyev Konstitusiyanın hazırlanmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmək çox məsuliyyətli, eyni zamanda, şərəfli bir vəzifədir. Xoşbəxt adamlarıq ki, bu vəzifə bizim üzərimizə düşübdür".
Konstitusiyanın qəbulu Azərbaycanın hüquq sistemində dönüş yaratmışdır. Ölkənin milli hüquq sistemi formalaşmağa başlamış, müxtəlif sahələri nizamlayan qanunlar qəbul edilmiş, ən əsası isə Konstitusiyada təsbit edilən hakimiyyətin qollarından biri - müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına başlanmışdır.
Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. 1998-ci il iyulun 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Konstitusiya Məhkəməsi yaradılmışdır. Məqsəd ölkədə konstitusiya ədalət mühakiməsinin təmin edilməsi olmuşdur. Buraya Konstitusiyada təsbit olunan prinsiplərin həyata keçirilməsinə nəzarət, onun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi daxildir. Ulu Öndər deyirdi: "Məhz buna görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsi, insan hüquqlarının müdafiəsi və hüququn aliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul edilir".
On beş il əvvəl Konstitusiya Məhkəməsinin yaradılması ölkədə gedən demokratik proseslərin daha əsaslı, düzgün istiqamət alması üçün vacib addım idi. Konstitusiya ölkədə ictimai münasibətləri hüquqi nizama saldığı kimi, Konstitusiya Məhkəməsi də bu nizamın daha da möhkəmlənməsinə nəzarəti həyata keçirir. Ölkədə qəbul edilən qanunların Konstitusiyada təsbit edilən xəttə uyğunluğunu yoxlamaq Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Bu, həmin qurumun dövlətdə qanunun aliliyinin təmin olunmasında böyük rola malik olduğunu göstərir. Konstitusion prinsiplərin hər bir qanunda əksini tapması konkret bir sahənin deyil, ümumilikdə ölkənin inkişafını təmin etmiş olur. Bu kontekstdə yanaşdıqda Konstitusiya Məhkəməsi, eyni zamanda, ölkənin hüquqi nizam xəttindən kənara çıxmaması, təsbit edilən prinsiplər əsasında inkişaf etməsinə böyük töhfə verir.
Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən demokratik dövlət quruculuğunda böyük rol oynamışdır. Ötən 15 il ərzində Konstitusiya Məhkəməsi 243 qərar və 56 qərardad qəbul etmişdir. Bundan əlavə, vətəndaşların birbaşa müraciəti ilə bağlı 85 qərar və 39 qərardad qəbul olunmuşdur.
Fəaliyyətini açıq və şəffaf quran Konstitusiya Məhkəməsinin bütün qərarları mətbuatda işıqlandırılır. Yalnız 2012-ci ildə Konstitusiya Məhkəməsi 23 qərar və 11 qərardad qəbul etmişdir. Qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunmuşdur. Ötən il Konstitusiya Məhkəməsinə 1605 müxtəlif xarakterli şikayət ərizəsi daxil olmuşdur. Bunların 582-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil etmişdir.
Konstitusiya Məhkəməsi hazırkı fəaliyyətində beynəlxalq təcrübəyə böyük diqqət yetirir, beynəlxalq hüququn müddəalarına, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar edir. Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, o cümlədən Avropa Şurası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) və başqa beynəlxalq təşkilatlarla sıx əlaqələr qurmuşdur. Konstitusiya Məhkəməsi tərəfindən Türkiyə, Rusiya, Almaniya, ABŞ, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Koreya Respublikası, İndoneziya və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının vəzifəli şəxsləri ilə işgüzar görüşlər keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Konstitusiya Məhkəməsi, həmçinin beynəlxalq tədbirlərin keçirilməsində də fəal iştirak edir. 2008-ci ildə Konstitusiya Məhkəməsinin 10 illiyi ilə əlaqədar Bakıda "Konstitusiya məhkəməsi qərarlarının icrası konstitusiya ədaləti mühakiməsinin həyata keçirilməsi prosesinin mühüm mərhələsi kimi" mövzusunda, 2010-cu ildə Azərbaycan Konstitusiyasının 15 illiyi ilə bağlı "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmi" mövzusunda beynəlxalq konfranslara ev sahibliyi etmişdir.
Konstitusiya Məhkəməsi Azərbaycanın dünya demokratik dəyərlər sisteminə inteqrasiya prosesində iştirak edən mühüm strukturlardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı Konstitusiya Məhkəməsinin 10 illiyi ilə bağlı 2008-ci il 12 iyul tarixli müraciətində qeyd etmişdir: "Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarda hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir".
Müasir dövrdə qanunçuluq və konstitusionalizm prinsiplərinə söykənən demokratiyanın alternativi yoxdur. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Bu yolda isə cari ilin iyul ayında öz 15 illik yubileyini qeyd edəcək Konstitusiya Məhkəməsi Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri əsasında beynəlxalq əlaqələrini genişləndirməklə, məhkəmənin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmağa çalışır.

Geri dön