Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Niderland Krallığında Azərbaycan diaspor təşkilatları
Niderland Krallığında Azərbaycan diaspor təşkilatları |
Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Soydaşlarımızın bu ölkəyə mühacirəti əsasən müstəqillik illərindən sonraya təsadüf etsə də, azərbaycanlılar qısa bir zamanda Niderlandda güclü diaspor təşkilatları, cəmiyyət və müxtəlif mərkəzlər təsis edə biliblər. Bir müsbət məqam da ondan ibarətdir ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri müddət ərzində digər ölkələrdəki həmkar təşkilatlarından fərqli olaraq bir sıra uğurlara imza atmağa müvəffəq olublar. Təkcə Haaqada Xocalı soyqırımına dair abidənin ucaldılması faktı Niderland Krallığındakı diaspor təşkilatlarımızın bu ölkədə necə güclü olduqlarını deməyə əsas verir. Hazırda Niderland Krallığında onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlardan da biri "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyidir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi ziyalı azərbaycan qadınları tərəfindən 2004-cu ildə təsis edilib. Birlik qocalar evi, reabilitasiya mərkəzləri və universitetlərlə işləyir. « Ana Vətən » Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Hollandiyanın müxtəlif qrupları arasında körpü yaratmaq üçün çalışır. Fondun 50-dən çox konullusu vardır. Birliyin ən möhtəşəm tədbirlərindən biri 2007-2008-ci illərdə Apeldoorndakı “Veenkamp” və “Matenhof” yaşlılar evində “Odlar yurdu, küləklər şəhəri” layihəsi çərçivəsində həyata keçirilib. Həmçinin, Haarlemdəki “Reinalda” yaşlılar evində Novruz şənliyi, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dörd rəssamımızın “Haaqada Azərbaycan rəngləri” sərgisini təşkil olunub. Apeldorn və Harlem mətbuatında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, onun fəaliyyəti barədə dəfələrlə məqalələr dərc olunub. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti Gülşən Kazımovadır.
Azərbaycan-Niderland Cəmiyyəti-2003-cu ildə yaradılmış Azərbaycan-Niderland Cəmiyyəti bu ölkədəki ən fəal diaspor təşkilatlarından hesab edilir. Niderland Krallığının müvafiq rəsmi orqanlarında qeydiyyatdan keçmiş cəmiyyətin əsas məqsədi Azərbaycan tarixi ənənələrini, mədəniyyətini yaşatmaqdan, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin Niderland Krallığında təbliğinə nail olmaqdan ibarətdir. Cəmiyyət Niderlandda “Həftəsonu” məktəblərinin açılması istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Cəmiyyətin tərkibində mədəniyyət, idman, mətbuatla iş, dil, ictimai təşkilatlarla iş və nəzarət-təftiş komissiyaları fəaliyyət göstərir. Azərbaycan-Niderland Cəmiyyətinin sədri Ofelya Babayevadır. Benilüks Azərbaycanlıları Konqresi-Beniluks Azərbaycanlıları Konqresi 18 noyabr 2006-cı il tarixində Amsterdam şəhərində yaradılıb. Konqres yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır. Belə ki, fəaliyyəti müddətində Benilüks Azərbaycanlıları Konqresi Suzan Krugerin çəkdiyi "Ümid axırıncı olur" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olub. Konqres həmçinin, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsi də Benilüks Azərbaycanlıları Konqresinin gördüyü işlər sırasındadır. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdur. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi-Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi 2005-ci ildə Rotterdam şəhərində təsis olunub. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımının ildönümü burada müxtəlif tədbirlərlə qeyd olunur. Eləcə də, xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması, artıq ənənə halını alıb. Cəmiyyətin xətti ilə burada təşkil olunan müxtəlif mövzularda müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə bu cür tədbirlərə Holland ictimaiyyəti ilə bərabər, Niderlandda yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspor təşkilatlarının nümayəndələri də cəlb edilir. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyinin sədri Elxan İsazadədir. Vahid, Bolunməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti-Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Təşkilat rəsmi olaraq qeydiyyatdan keçib. Cəmiyyətin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edir. Bu Cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda“Azərbaycan guşə”lərinin yaradılmasıdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədri İradə Uluxanlıdır. Geri dön |