Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > BAKININ FƏTHİ
BAKININ FƏTHİ |
BAKININ FƏTHİ
15 sentyabr Bakı şəhərinin xilaskar türk ordusu tərəfindən bolşevik və erməni daşnaksütyun birlikləri tərəfindən xilas edildiyi gündür Bakı ona görə əziz, şirin və müqəddəsdir ki, bu şəhər qan görüb, Bakıda qudsal savaş olub. Azərbaycan türkü haqq uğrunda mübarizəsini bu şəhərdə qanla yazıb. Azərbaycan türkünün şüur altında hələ Bakı adlı şəhər tam alınmayıb - həm də bu o deməkdir ki, Bakı tam fəth olunmayıb. Çünki Qarabağ adlı ruhumuzun paytaxtı erməninin tapdağı altındadır. Bir şəhərin qudsal dəyər qazanması üçün ən azından 100 il içərisində bir neçə dəfə öz azadlıq yolunda çalxalanması gərəkdir. İnsanlar kimi yerin, yurdun da öz aurası və sakrallığı mövcuddur. İnsan energetik varlıq olduğu kimi, şəhərlər də sakral özəlliyə sahibdir. Məsələn, Osmanlının tarix üçün son dərəcə maraqlı sultanlarından biri olan Fateh Sultan Mehmet başa düşürdü ki, İstanbulu azad etməmişdən öncə, İstanbulun mənəvi ərazisi, sakral məkanı azad olmalıdır. Çünki bu sakrallıq əldə edilməyincə, İstanbulu fəth etsən də, türk toplumunun bu şəhərdə çox yaşaması o qədər də inandırıcı ola bilməzdi. Yaxud da, o şəhərdə uzun müddət yaşasalar belə, bu yerləri özlərinə doğmalaşdırmadan, qürbətçilik havası içərisində, sabah bu yerlərdən köçüb gedəcəklərmiş kimi, bir duyğulara və düşüncələrə qərq olaraq yaşamaq, o əraziləri hər hansı bir topluma nə ata, nə ana yurd edə bilməz. İnsan, toplum yaşayacağı məkanı özü üçün ya doğmalaşdırmağı bacarmalıdır, ya da bu istiliyi və müqəddəsliyi öz ruhunda yaşayacağı yerə gətirməlidir. İstanbulun uzun müddət türklərdə qalmasının ikinci digər səbəbi ondan ibarətdir ki, türk etnosunun energetik kodu ilə İstanbulun sakral kodu bir-birini tamamlayıb zamanında reaksiyaya girə bildi. Bakı şəhərinin Azərbaycan türkləri üçün doğmalıq və ata şəhər statusu qazanması da eynən bu şəhərin sakral aurası ilə millətimizin energetik-genetik kodu ilə üst-üstə düşə bilməsi ilə bağlıdır. * * * Mənim üçün dünyada əvəzsiz dəyəri olan bir neçə şəhərlər vardır. Birinci olaraq, onlara farz şəhərlər deyirəm: Məkkə, Mədinə. Bu şəhərlər anlayan türk müsəlmanları üçün, doğrudan da, dünya şəhərləri sırasında farzlıq məqamı qazanmış şəhərlərdir. Bunlarsız olmur. İkincisi sıradakı şəhərlərə isə sünnət şəhəri deyirəm: Bakı, İstanbul, Təbriz, Bağdad. Üçüncü sıradakı icma şəhərlərə: Pekin, Tokio, Paris daxildir nədənsə. Bakının digər özəlliyi isə neft qoxuması və beynəlmiləlçilik "xasiyyətnamə"sini almasıdır. Bakı nə dindar, nə milliyyətçi şəhərdir. Bakı 50, 100 il öncəyə nisbətən bu gün fərqli bir kosmopolitlik qriminə bürünmüşdür. Bu müvəqqəti gərginliyin geridə qalacağına inanaraq 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusunun Bakıya inanclı olaraq daxil olmasına keçirəm. * * * Azərbaycan türkləri üçün Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi unudulmaz, yaddaşlardan silinməz bir hadisədir. Bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşlı insanlardan o günləri xatırlayan az da olsa, yaşayanlar var. Bu yaşlı insanların səslərini, sözlərini, surətlərini arxivləşdirmək, yurdumuzu qarış-qarış gəzib bu insanları tapıb danışdırmaq, doğrudan qeyrət tələb edir. Aradan keçən 88 il tarix üçün o qədər də uzun müddət deyil. Əks təqdirdə gələcəkdə tariximizin bu şanlı səhifəsinə işıq tutmaq istəyən, qanı-qanımızdan olanlar yenə də rusun, ingilisin yazdığı saxta, qondarma tarixi mənbələrə istinad edərək keçmiş tariximizi qələmə alacaqlar. Elə deyilsə, Azərbaycan türkünün tarixinin mənbələri Vatikanda, Drezdendə, Leninqrad, Tiflis, İrəvan arxivlərində nə gəzir? Digər bir faciəmiz ondan ibarətdir ki, hələ də ədəbiyyatda, mədəniyyətdə, tarixi məqamlara yanaşdığımız məsələlərə ümumtürk tarixindən təcrid olunmuş şəkildə münasibət bildirməyi davam etdiririk. Elə 1918-ci il 15 sentyabr olayları da göstərir ki, Azərbaycan türkünün tarixinə ümumtürk tarixi kontekstindən yanaşmaqla, istənilən baş vermiş tarixi, ictimai-siyasi, ədəbi-mədəni hadisələrə geniş, dəqiq, gələcəkdə mübahisə və şübhə doğurmayacaq zəmində araşdırmaq məqsədəuyğun olar. * * * 28 May 1918-ci ildə yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varlığı de-fakto təhlükə ilə üz-üzədir. Bir tərəfdən, ingilislər, ruslar, digər tərəfdən isə, bolşevik-erməni daşnak hərbi birləşmələri Azərbaycanı dağıdıb yox etmək, bu torpaqları öz müstəmləkələrinə çevirmək niyyətindədirlər. Bu qarışıqlıqdan yararlanan silahlı erməni millətçi birləşmələri azərbaycanlı türklərinə olmazın tarixi sitəmini daddıraraq, son dərəcə vəhşi əməllərə əl ataraq, Azərbaycanı qan gölünə çevirirlər. Ermənilərin əsas məqsədi isə tarixin verdiyi bu şansdan istifadə edərək "Böyük Ermənistan" ideyalarını gerçəkləşdirərək, Azərbaycan adlı bir türk yurdunu erməni ərazisinin bir parçasına çevirmək olub. Mənə elə gəlir ki, biz nə qədər ermənilərin düşmənçilik siyasətindən, barbar tarixi əməllərindən, iyrənc niyyətlərindən danışmağımıza baxmayaraq, onların əsl məqsədlərinin nə olduğunu bilsək də, hələ də bu məqsədin mahiyyətini anlamırıq. Təsəvvür edirsinizmi, Azərbaycan əraziləri tərkibinə birləşdirilən, Azərbaycan türklərinin qırılıb yox edildiyi bir Ermənistan. Sual oluna bilər. Bəs o dönəmdə ermənilərin at oynatdığı halda, bizimkilər harda qalmışdılar? Ermənilər başladacaqları qırğına çoxdan, planlı şəkildə hazırlaşmışdılar. İkinci, tarixi şərait onların xeyrinə işləyib. Üçüncü, yeni qurulan gənc Azərbaycan dövləti başını qaşımağa vaxt tapmamış, toparlanmamış bu bəla ilə üz-üzə gəldilər. Digər tərəfdən, ingilis, rus qüvvələri ermənilərə at oynatmaq imkanı verməsilə yanaşı, onlara istənilən şəkildə hər cür yardımlarını vaxtlı-vaxtında əsirgəmədilər. Digər bir məsələ isə, azərbaycanlıların müsəlman və türk olmaları da tarixi gedişatı əleyhimizə tündləşdirərək Azərbaycanın fonunda erməni daşnakları daha çox xristian görsənirdi. Osmanlı dövlətinin varlığının qorxusu isə hər şeyi düşmənlər tərəfindən sürətləndirərək Azərbaycan hökumətinin bir anda yox edilib, bu millətin varlığının ərazilərimizdən silinməsini tələb edirdi. Bu vəziyyət 1918-ci il 26 mayda Osmanlı dövlətinin Batumi konfransındakı nümayəndə heyətinin rəhbəri Xəlil bəyin Zaqafqaziya Seyminə təqdim etdiyi memorandumda dolğun olaraq öz əksini tapıb: "Bakı və ətrafında yüz minlərcə müsəlman özlərini "inqilabçı" adlandıran quldurların qanlı pəncəsində inləyir... Saysız mütəşəkkil quldur dəstələrinin təcavüzünə məruz qalan Qafqazın başqa bölgələrindəki türk və müsəlman xalqının vəziyyəti heç cür ümidverici deyildir. Qafqazı məhv edən bu anarxiyaya Dövləti-Aliyi-Omaniyyənin əhalisi ilə eyni irq və dinə mənsub bir əhalinin asayişinə dəxi əlaqəsi vardır". 1918-ci ilin yanvarında Müsəlman Milli Komitəsinin Gəncədə keçirilən toplantısında Nəsib bəy Yusifbəyli deyirdi: "Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Çünki Başsız bədən olmaz və yaşaya bilməz... Böyük bir yardıma ehtiyacımız vardır və bu yardımı bizə yalnız Osmanlı dövləti edə bilər". Bu sətirlər göstərir ki, istiqlal savaşında Osmanlı dövlətinin qardaş köməyi olmadan tab gətirməyin mümkünsüzlüyünü Azərbaycanın o zamankı siyasətçiləri əvvəlcədən başa düşmüşdülər. O günlərdə Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında böyük önəm kəsb edən dostluq müqaviləsi imzalandı. Razılaşmanın bir bəndində yazılırdı: "Dinclik və asayişin möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Cümhuriyyətinə hərbi yardım göstərməyi öz üzərinə götürür". Qardaş Osmanlı dövləti çətin bir tarixi məqamına yaşamasına baxmayaraq, verdiyi sözə əməl edərək zamanın ən qorxmaz, cəsur, igid, ağıllı, inanclı sərkərdələrindən biri Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu Azərbaycan türklərinin köməyinə göndərir. Qafqaz İslam Ordusunun ilk sağalmaz zərbəsini düşmənlər Əhməd Həmid bəyin komandanlığı altında Göyçayda aldılar. İyunun əvvəllərində inamla irəliləyən Qafqaz İslam Ordusu erməni-bolşevik hərbi birləşmələrini geri oturdaraq, ayın 20-də Şamaxını düşmənlərdən təmizlədi. Avqustun ilk günləri isə Nuru Paşanın başçılıq etdiyi türk ordusu Bakı ətrafında amansız döyüşlər apararaq Qobu kəndini, "Qurd qapısı" yüksəkliyini və Hacı Həsən kəndini düşmənlərdən geri aldılar. Düşmən Bakını nəyin bahasına olursa-olsun əldən vermək istəmirdi. Buna baxmayaraq, Qafqaz İslam Ordusunun komandanlığı Bakının fəth olunması üçün son dərəcə ciddi hazırlıq işləri görürdü. 1918-ci il 15 sentyabrda, günortadan az sonra Qafqaz İslam Ordusu və onun tərkibində döyüşən cümhuriyyətimizin hərbi dəstələri Bakını fəth etdilər. Təbii ki, qanlı çarpışmalar ara vermədi. Xalq xilaskar türk ordusunu bitib-tükənməz sevinc içərisində qucağını açıb ağuşuna basaraq qarşıladı. Azərbaycanın azad olması Bakının təmizlənməsi ilə reallaşdı. Bakının, ümumiyyətlə, Azərbaycanın gizli və açıq düşmənlərindən təmizlənməsində sözsüz ki, Osmanlı ordusunun hərbi naziri Turan hərb ideallarının müəllifi, Şərqin Napaleonu adlanan Ənvər paşanın qardaşı Nuru Paşanın sərkərdəlik qüdrətinin misilsiz xidmətləri olub. Azərbaycanı və onun insanlarını özününkü sayan şanlı Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 1918-ci ilin noyabrında Bakıdakı çıxışlarının birində deyirdi: "Qardaş Azərbaycan türkünün mənafeyi hər bir kəs üçün müqəddəsdir... Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq". Çox maraqlıdır ki, Bakının qurtuluş günü Qurban bayramına təsadüf edir. Təsadüfmü? Bu sözü işlətmək bizimlə başqasının heç bir fərqi olmadığı anlamına gəlir. Əslində isə, belə deyil. Bu, bir təsadüf ola bilməz. Minlərlə şəhid vermiş qardaş türk ordusu və cümhuriyyətimizin əsgərləri bu torpaq uğrunda qurbana çevrildilər ki, bu yurd, bu məmləkət, bu ölkə, bu ərazilər qiyamətə qədər Allah rızası üçün millətimizin hizmətinə ərməğan edilsin. Onun üçün də Bakının fəth olunması o gün içərisində baş verən bütün olayların qudsallığını içinə alaraq bu milləti böyük bir türk dövlətinə sahib olmağa doğru aparır. * * * Qafqaz İslam Ordusunun harayımıza vaxtında yetişməyini anlatmaq baxımından o dövrdə baş vermiş bir hadisəni - Şamaxı ətrafında aparılan savaşlarda şəhid düşən türk əsgərinin adı bəzi qaynaqlarda İzzət, bəzilərində isə Qədir olaraq keçən və günümüzə qədər dastanı söylənilən, rütbəsi minbaşı olan əsgərin şəhid olmasını türkiyəli yazar Əlfayım Əzizin "Azadlıq naminə" adlı kitabında anlatılanları sizlərin də bilməyinizi istərdik. İzzət bəy Aşot adındakı bir düşmənin atəşi nəticəsində yerə yıxılır. Ağır yaralanan minbaşının köməyinə yaxında yaşayan insanlar qaçıb gəlirlər. Əsgər yaralandığında orda olan Gülsabah adlı bir qadın hadisəyə şahid olmaqdadır. Başörtüsünü çıxarıb əsgərin yarasını sarımaq istəyir. İzzət bəy: "Bacım, qolumu sağlam tut, mən qurşunu çıxarım" - deyir. Qurşunu çıxarır. İzzət bəy Gülsabahın cibindən dəsmalını çıxarmasını xahiş edir. Dəsmalı Gülsabah İzzət bəyə verir. Dəsmalın içərisinə qurşunu bükdükdən sonra İzzət bəy: "Artıq tamamdır. Hər şey bitdi, yaramı sarımağa lüzum yoxdur. Qanım bu torpaqlara axsın" - deyir. Halsız şəkildə yerdə uzanan İzzət bəy silah səslərindən ayılır. Türk ordusunu görür. Əsgərlər İzzət bəyi yaralayan ermənini çoxdan vurmuşdular. Ordunu gördüyündə sevinir. Qarşısında Nuru Paşa dayandığından həyəcanlanır. Nuru paşa İzzətin başını dizləri üzərinə qoyur. İzzət bəy son anlarını yaşamaqdadır. Paşaya deyir: "Paşam, bir türk Paşasının dizlərində can vermək mənim üçün böyük bir şərəfdir". Paşa ona təsəlli vermək üçün "Sən yaşayacaq, daha çox zəfərlər qazanacaqsan" - deyir. Əsgərin ətrafında hər kəs diz çökür və Şeyx Mühsin Quran oxumağa başlayır. İzzət bəy vətənindən min kilometrlərlə uzaqlarda ölüm-qalım savaşı verən soydaşlarına kömək etmənin hüzurunu yaşadığı anlarda səssiz bir şəkildə oxunan Quranı dinləyir. Sonra isə özünü toparlayıb cibindəki qurşun bükülmüş dəsmalı zorla cibindən çıxarıb Nuru Paşaya verirkən: - Paşam! Atam Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşarkən ağır yaralanmışdı. Bədəninə girən qurşunu çətinliklə çıxardıqdan sonra yanındakı silah yoldaşlarına "bu qurşunu oğluma verin, mən vətənim üçün qəhrəmancasına savaşdım, ölkəm üçün canımı vermək üzrəyəm. Ona söyləyin, məni yaralayan bu qurşunu yanında daşısın. Bunu iki etsin" - deyir və vücudundan çıxan qurşunla ekiz qardaşlar kimi duran şəhadət nişanlarını göstərərək: "Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi, qurşunu iki etdim. Hələ qurşunun üzərindəki qanım qurumayıb. Siz də bu qurşunu alın, oğluma verin. Ona atasının da qəhrəmanca savaşdan sonra şəhid olduğunu anlatın, bu qurşunları üçə çıxarmağını söyləyin" - deyərək, son sözlərini söyləyən İzzət bəy vurulduğu yerdə dünyaya gözlərini yumur. Xalq İzzət bəy yaralandığında Şamaxıya gətirmək istəyirlər, ancaq orada dəfn edilməsini vəsiyyət edir. Onun vəsiyyətini nəzərə alıb öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı yaxınlığındakı Acıdərə tərəfdə dəfn edilir. O gündən bu günə qəbirin adı "Türk məzarı" olaraq anılır. * * * İnanıram ki, bir zamanlar oğluna bir qurşunu iki etməyi, oğlunun isə iki qurşunu öz oğluna üçə çıxarmağı vəsiyyət edən bir türk ruhu nə vaxtsa bu torpaqlarda o iki qurşunu yenidən üç edəcəkdir. Lazım gələrsə, üç qurşunu bu torpaqlar uğrunda dördə də, beşə də qaldıranlar çıxacaq. Bu vaqeə həm də onu göstərir: - atanın oğula, oğlun isə öz oğluna qurşunların sayını artırma vəsiyyəti o anlama gəlir ki, düşmənlər heç zaman uyumur, istənilən məqamda qarşılarında bizi görəcəklər. Geri dön |