Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfəvilər dövləti Bütöv Azərbaycanın ideal modelidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Səfəvilər dövləti Bütöv Azərbaycanın ideal modelidir

Səfəvilər dövləti Bütöv Azərbaycanın ideal modelidir


Yusif Alı Afşar: “Şah İsmayıl Xətainin fəlsəfəsini və liderlik qabiliyyətini dərindən öyrənmədən onu polemik söhbətə çıxaran insanlara sadəcə acıyıram”

Fəlsəfə doktoru, tədqiqatçı-alim Yusif Alı Afşarın müsahibəsi.

- Bu gün bəzi şəxslər Şah İsmayıl Xətaiyə qarşı anti-təbliğat aparırlar. Ümumiyyətlə, nə üçün tarixi şəxsiyyətin üzərinə bu cür gedirlər?

- Əvvəla qeyd edim ki, Şah İsmayıl Xətai və ondan əvvəl və sonra mövcud olmuş ailə sülaləsi Azərbaycan tarixində xüsusi iz buraxmış şəxsiyyətlər olmuşlar. Birmənalı olaraq deyilməlidir ki, İsmayılın ata və ana tərəfi təmiz qanlı türk tayfalarından olub. Şah İsmayılın ana babası Uzun Həsən Azərbaycan tarixində xüsusi qüdrətə malik olmuş Ağqoyunlu dövlətinin yaradıcısı və başçısı olub. Şah İsmayıl Xətai 15 yaşında hakimiyyətə gəlmiş yeganə türk sərkərdəsidir. İsmayıl 15 yaşa kimi dövrünün tanınmış əmir və alimlərindən dünyəvi, hərbi və dini biliklər öyrənmişdir. 37 il yaşamasına baxmayaraq, Şah İsmayıl qüdrətli bir türk dövləti, daha doğrusu, imperiyası yarada bilmişdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, həmin dönəmlərdə dünya üzərində hökmranlıq edən Osmanlı imperiyası ilə müttəfiqlik əlaqələri yaradıla biməmişdir. Bunun da obyektiv və subyektiv səbəbləri vardı. Ən başlıca amil isə sünni məzhəbini Osmanlının rəsmi məzhəbi elan etmək istəyən Yavuz Səlimin Osmanlının təməlində dayanan türkmən tayfalarının inancına rəğmən qanlı siyasət yürüdərək xəlifə olmaq istəyi idi. Türkiyənin ən böyük tarixçisi, dünyaca məşhur Xəlil İnalcık buyurur ki, Osmanlının təməlini qoyan tayfalar abdalan və qaziyan adlı iki türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri, Qaziyanlar isə Tanrı savaşçıları anlamı daşıyan adlardır. Bu Türkmən tayfaları batini inanca sahib olaraq türk ruhunun coşqusunu öz yaşam tərzlərinə də hopdurmuş və Anadoluda türk dövlətinin böyüməsində əsas rol oynamışlar. Fəqət, sonradan Osmanlı sarayında türk kimliyindən uzaqlaşmalar yaşandı. İstanbulun fəthi ilə Bizans qeysər idarəçiliyinə keçməsi ilə kökə olan bağlılıq zəiflədi. Və artıq Şah Xətaiyə qədər türkmənlər sarayın bu mövqeyinə etiraz edirdilər. Məsələn, Simavna qazısı Şeyx Bədrəddinin üsyanı bunun bir örnəyidir. Mühüm fakt budur ki, Sultan Səlimin zəhərləyib öldürdüyü atası II Bəyazid Xanla Şah Xətai bir-birlərinə məktub yazarkən “sevgili atam” və “sevgili oğlum” deyə xitab edəcək qədər dost münasibətdə idilər. Hətta 1508-ci ildə Zülqədəroğullarına qarşı savaşa gedən Şah Xətai ordusunu Osmanlı torpaqlarından keçirməyə belə izn almışdı. Yəni, arada qarşılıqlı güvən var idi. Fəqət, Sultan Səlimi iqtidara gətirən Osmanlı ülaməsi onu daim Şah Xətai və Qızılbaşlığa qarşı əsas güc olaraq yönləndirdi. Çünki bilirdilər ki, Şah Xətai Qızılbaşlığı türkün mürtəce molla özbaşınalığına qarşı etirazıdır. Qəribədir ki, bəziləri tərəfindən böyük türk hökmdarı kimi tərif edilən Sultan Səlimin işi-gücü türk dövlətləri ilə savaşmaq olub. Əgər coğrafiyaya baxsanız, görərsiniz ki, Çaldıran düzü İstanbuldan nə qədər uzaqdadır. Elə isə kimin daha çox savaş istədiyini də anlamış olarsınız. Sultan Səlimin Məmlükləri məğlub etdikdən sonra sünni ərəb idrakını Osmanlının rəsmi ideologiyası, özünü isə xəlifə elan etməsi ilə sarayda türkə “etraki biidrak”, yəni “gerizəkalı türk” ayaması sırındı. Elə isə Sultan Səlim nəyə əsasən böyük türk adlandırılır? Təsadüfi deyil ki, Osmanlı sarayında serb, xorvat əsilli sədrəzəmlərindən savayı, 2 nəfər erməni sədrəzəm də olmuşdu. Fəqət, 1514-cü ildən bəri bir nəfər türk sədrəzəm varmı Osmanlı sarayında? O zaman hansı əsasla Sultan Səlimi türk hökmdarı kimi qələmə verib Şah Xətai ilə müqayisə edə bilərik ki? 1513-cü ildə Anadoluda 45 min türkü qızılbaş olduğu üçün qılıncdan keçirtdirən Səlim Yavuz Şah İsmayılın üzərinə hücuma keçdi. Sultan Səlimin farsca yazdığı təhqiramiz məktublarına türkcə cavab yazan Şah İsmayıl məsələni sülh yolu ilə həll etmək üçün çox cəhd göstərsə də, buna nail ola bilmədi və iki qardaş millətin tarixində bu gün də acı hisslərlə xatırlanan Çaldıran döyüşü baş verdi.

Amma bütün bunlara dövrün rakursundan baxmaq gərəkdir. Şah İsmayıl Xətainin hansı dini məzhəb sahibi olmasından öndə onun türk olmasına diqqət yetirməliyik. Çünki Səfəvilər dövləti tarixə ilk türk dövləti kimi daxil oldu və Qaraman oğlu Məmməd bəyin türk dilini rəsmi dil elan etməsindən sonra ilk dəfə olaraq türk dili Səfəvilər dövlətinin rəsmi dövlət dili elan olundu.

Bu gün çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, onsuz da dərdli tarixmizin yaralı məqamlarını milli qarşıdurmalar səviyyəsinə çıxaran insanlara geniş meydan verilib. Daha doğrusu, bu insanlar cəmiyyətdəki boşluqlardan istifadə edərək xalqın yazılı tarixi ilə oyun oynayırlar. Şah İsmayıl haqqında bir-iki kitab oxuyub, onun şeirlərini əzbərləmək Şah İsmayılı dərindən tanımaq demək deyil. Şah Xətai Tanrının insan qəlbində olduğunu ən yaxşı bilənlərdən biri idi. Bizim üçün onun sərkərdəlik, hökmdarlıq qabiliyyətləri tarixdən məlumdur. Amma Xətainin batini fəlsəfəsini duymaqda acizliklər yaşayırıq. Bu gün islam alimlərinin, araşdırmaçılarının təsəvvüf düşüncələrini incələdikcə Xətainin fəlsəfəsinin daha dərin çalarlarını görmək olur. Ümumiyyətlə, bu insanı iki istiqamətdə təhlil etmək gərəkdir: 1.Şah İsmayıl şəxsiyyəti; 2.Xətai düşüncəsi və fəlsəfəsi. Buna görə də özünü hər şeyi bilən zənn edən insanlara bir neçə sual verin: Xətainin şeirlərindəki dərin batini fəlsəfi fikirlərdən nə dərəcədə xəbərdarsan? Şah Xətai nədən Səfəvi deyil, Qızılbaş olaraq ortaya çıxdı? Dönəmin ab-havasını, eyni zamanda islam dünyasında 610-1500-ci illər arasında yaşananları nə qədər incələdilər, din və təsəvvüf məsələlərində nə qədər bilgilidirlər ki, Şah Xətai kimi böyük sufi ilə ilgili iftira söyləyə bilirlər? Əlbəttə ki, sualların sırasını artırmaq da olar, amma əsas məqsəd Şah Xətai dünyasını dərindən bilmədən onun haqqında küfr söyləyənlərə səslənməkdir. Onlar anlamırlar ki, Şah Abbasın dövründə Nəcəfdən şiə mollalarının İsfahana gətirilməsi ilə Qızılbaşlıq Səfəvi sarayından sıxışdırıldı və əslində Şah Abbas da eynən Sultan Səlim kimi öz kökünə qarşı çıxdı. Bugünkü İran mollası da Şah Abbasın səhvlərinin acısıdır. Yoxsa ənəlhaq ruhu ilə bütünləşmiş Qızılbaşlığın, cənnət-cəhənnəm sevdası ilə milləti avam yerinə qoyan molla ilə nə ortaq yönü ola bilər ki?

Azərbaycan tarixini öyrənmək üçün vahid konsepsiya olmadığından, hələ bu boşluqların əzabından tariximiz və tarixi şəxsiyyətlərimiz haqqında çox problemlər yaşayacağıq. Bu gün Şah İsmayıl Xətai haqqında anti-təbliğat düşüncələr yayan insanlar haqqında iki əsas fikir yürütmək olar. Ya onlar özlərini ifrat dərəcədə ağıllı, bilikli insan hesab edirlər, ya da onlar düşmən dəyirmanına su tökən insanlardır.

- Bəlkə bununla özlərini gündəmə gətirməyə çalışırlar?



- Bayaq qeyd etdiyim kimi, bu gün cəmiyyətmizin bir cox sahələrində kifayət qədər boşluqlar var. Bu boşluqlardan isə böyük ustalıqla istifadə edən yad missioner qruplaşmalar son anda bizim özümüzü özümüzə qarşı qoyurlar. Çünki kifayət qədər özümüzü öyrənməyə meyl etməyən xalqıq. Bunu hər sahədə də müşahidə edə bilərik. Mədəniyyət sahəsində təsadüfi insanlar səhnələrə, televiziyalara çıxaraq, əxlaqa zidd, mentalitetə zidd şoular göstərirlər. Mən çox təəssüf edirəm ki, bu gün bir çox siyasət insanları, ictimai təşkilatların rəhbərləri də gündəmə gəlmək üçün çox ucuz və bayağı yollardan istifadə edirlər. Aydındır ki, orta statistik vətəndaşın düçüncə tərzi dərinə işləyə bilmir. Çünki sosial problemlər, maddi sıxıntılar onun öz fəlsəfi dünyasına enməyə mane olur. Onun yeganə informasiya almaq imkanı isə televiziya vasitələridir. Burada isə xalqın üzdə olan insanları düşüncələrə təsir edəcək formada təbliğat aparırlar. Beləliklə, sadə vətəndaşın düşüncəsində milli qürur mənbəyi hesab etdiyi tarixi şəxsiyyətlər bir andaca gözdən salınır. Böyük kütlənin isə həqiqəti araşdırıb ortaya çıxarmağa nə vaxtı, nə də imkanları olmadığından daim bu fikir haçalanması içərisində yaşayır. Bu fikir ayrılığını yaradanlar, tarixi həqiqətlərə öz dar düşüncəsindən baxanlar, tarixi şəxsiyyətlərə özünün cılız anlayış sektorundan yanaşanlar həqiqətən də gündəmi qapsımaq üçün ortaya düşürlər. Bayaq qeyd etdiyim kimi, ortada dövlətin vahid ideologiyası, tarixi konsepsiyası olmalıdır ki, bu cür insanlar danışdıqlarına daxilən bir senzura tətbiq etsinlər. Sənin düşündüyün hamı üçün həqiqət kimi qəbul edilə bilməz. Bir insan həyatda bir neçə işi paralel apara bilməz. İnsan bir sahənin yüksək səviyyəli mütəxəssisi ola bilər. Qalan formada insan ya ensiklopedik biliyə malik ola bilər, ya da ki, müəyyən sahələrin həvəskar araşdırıcısı ola bilər. Bu durumda isə həmin insanlardan əsl mütəxəssis kimi yararlanmaq yanlışlıqlar yaradar. Şah İsmayıl Xətai kimi dahi insanın fəlsəfəsini və liderlik qabiliyyətini dərindən öyrənmədən onu polemik söhbətə çıxaran insanlara sadəcə acıyıram.

- Bu gün Səfəvilər dövlətini türk dünyasının bir parçası hesab etmək olarmı? Deyirlər ki, bu dövlət türk dünyasının parçalanmasına səbəb oldu...



- Bu gün bizim düşüncələrmizin rəng çalarları müxtəlif cür ola bilər. Amma tarixi həqiqətlər bu düşüncələrə uyğun da gələ bilər, əks də. Səfəvilər dövləti haqqında şəxsi fikirlər deyil, tarixi həqiqətləri söyləmək gərəkdir. Amma bu haqda öz fikrimi söyləyə bilərəm ki, Səfəvilər dövləti türk dünyasının bir hissəsi olub və Bütöv Azərbaycanın ideal modelidir. Qızılbaşlığı dərindən öyrənmədən Şah Xətainin və onun qurduğu Səfəvilər dövləti haqqında ictimai fikri yanlış istiqamətə yönəltmək qətiyyən yolverilməzdir.

- Bəs Qızılbaşlıq ideologiyası mahiyyət etibarilə İslama qarşı idimi? Çünki Xətaini həzrəti Əlini ilahiləşdirməkdə ittiham edirlər...

- İslamın batini qatlarından bəhrələnən Qızılbaşlıq əslində İslamın öz mahiyyətindən xəbər verir. Fəqət, mən təsəvvüf və ənəlhaq fəlsəfəsindən yetərincə xəbərdar olmadığım üçün məsələnin izahını bilənlərə buraxıram. İnşallah, onlar anladar, biz də öyrənmiş olarıq. Bayaq söyləmiş olduğum kimi, hər sahənin öz bilicilərini dinləmək, onlardan öyrənmək daha anlaşılan olar.

Elnur Eltürk

Geri dön