Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ
Fərəc Quliyev: “Biz hakimiyyəti məqsəd bilmirik” - MÜSAHİBƏ |
“Hakimiyyət bizim üçün vasitədir” -
“Ölkəmizdə qarışıqlıq salmaq, bölücülük yaratmağa çalışanlara dəstək verənlərlə bir yerdə ola bilmərik” Prezident seçkiləri yaxınlaşdıqca ölkədə fəaliyyət göstərən ayrı-ayrı siyasi dairələr seçki mübarizəsinə qoşulacağı barədə öz iddialarını ortaya qoyurlar. Seçkiyə 6 aya yaxın bir vaxt qalmasına baxmayaraq artıq 10-a yaxın siyasi partiya lideri namizədliyini irəli sürəcəyini açıqlayıb. Belə partiyalardan biri də Milli Dirçəliş Hərəkatı Partiyasıdır. Düzdür, sözügedən partiya hələlik namizədinin adını rəsmiləşdirməsə də, seçkidə iştiraka qərarlıdır. Partiyanın sədri, millət vəkili Fərəc Quliyev “OLAYLAR”-a verdiyi müsahibədə seçki hazırlığı istiqamətində MDHP-də görülən işlər, seçki prosesi ərəfəsindəki siyasi vəziyyət barədə danışıb. MDHP sədri partiyanın müşaviri Seymur Həsənli ilə yollarının ayrılması səbəblərinə də aydınlıq gətirib. -Fərəc bəy, Milli Dirçəliş Hərəkatı Partiyası pezident seçkilərinə hazırlıq istiqamətində hansı addımları atır? -Milli Dirçəliş Hərəkatı Partiyası olaraq biz seçkilərə yalnız seçki ilində hazırlaşmağı məqsədəuyğun hesab etmirik və bu mövsümi xarakter daşıyan bir şey deyil. Seçki partiyanın bütün fəaliyyəti dönəmində nəzərdə tutulmalıdır. Seçici ilə ünsiyyətdə olduğun müddətdə ona nə istədiyini bildirməlisən. Hesab edirəm ki, biz bütün fəaliyyətimiz dövründə bu istiqamətdə müəyyən qədər işlər görə bilmişik. Bizim başqa partiyalardan struktur fərqimiz var və partiyamızda departamentlik institutu mövcuddur. Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan, Borçalı, Güney Azərbaycan, Türk dünyası ilə əlaqələr, Dərbənd departamentləri var. Biz problemlərə adekvat olaraq formalaşmışıq və həmin kəsimlərlə də ardıcıl şəkildə iş görmüşük. Bəzi partiyalar var ki, hakimiyyəti birmənalı şəkildə məqsəd qoyurlar. Biz isə hakimiyyəti məqsəd bilmirik və hakimiyyət bizim üçün vasitədir. Qeyd etdiyimiz problemlərin həlli üçün də həmin vasitəni əldə etmək istəyirik. Bu istiqamətdə də sivil yolla mübarizə aparırıq. Bütün dönəmlərdə bu problemləri qabartmaq, onların həlli yollarını göstərməklə cəmiyyətlə münasibətlər sistemi qurmuşuq. Ona görə də seçki ilində bizə bu məsələlərdə çətinlik yoxdur. O başqa məsələdir ki, rayon şöbələri ilə əlaqələrimizdə bir az çətinliklərimiz vardı. Bu da təbii ki, bütün partiyalarda olduğu kimi maddi durumla bağlı idi. Bu il dövlət tərəfindən maliyyə ayrılması bir balaca da olsa bizə dəstək oldu və müəyyən qədər əlaqə qura bilirik. Yerlərdə təşkilatlanırıq və göstəriş vermişik ki, seçki ilə bağlı müəyyən hazırlıqlar görsünlər. Partiyanın mərkəzi qərargahında artıq seçki ilə bağlı müəyyən hazırlıqlar həyata keçirilir və gündəlik olaraq bu istiqamətdə işləyirik. Hələlik namizədliyimizi rəsmi şəkildə elan etməmişik. Yəni, partiyanın ali orqanları müzakirədən sonra bu barədə qərar verəcək. Ancaq ümumi bir fikrimiz var ki, partiyamız seçkilərdə iştirak etsin. Partiyanın namizədi mən də ola bilərəm, başqa biri də. Həmçinin partiyaya başqa müraciətlər də var və ola bilər ki, ümumi məsələlər, seçki mühitinin formalaşdırılması ilə bağlı partiyalarla əməkdaşlıq edək. Ancaq bütün halda biz seçkilərdə öz namizədimizlə iştirak edəcəyik. Buna görə də partiyada hazırlıq işləri gedir. -ATA bloku ilə əməkdaşlığınız hansı istiqamətləri özündə əks etdirəcək? -Ümumiyyətlə, biz əməkdaşlıq edəndə yalnız Azərbaycanın milli maraqlarını prioritet götürürük və bu istiqamətdə də hər kəslə əməkdaşlığa hazırıq. Biz blok siyasətində yoxuq və bloklara qarışmırıq. Blok siyasətinə qarışmamaqda da əsas məqsədimiz odur ki, üzərimizə öhdəliklər götürməyək və sabah müttəfiq olacağımız partiyaların da hansısa mənfi davranışları olacaqsa, həmin davranışlar, yalnışların da şəriki olmayaq. Ancaq konkret şərtlər daxilində, seçki mühitinin demokratik olması, məntəqələrin təşkili, seçkilərə nəzarət məsələlərində əməkdaşlıq mümkündür. O mənada ATA blokunun rəhbərliyi tərəfindən edilən müraciətə biz müsbət yanaşdıq. Bununla bağlı bizim bir razılaşmamız var ki, seçki dönəmində əməkdaşlıq edək. Başqa təşkilatlarla da bu məsələdə əməkdaşlıq etməyə hazırıq. Ölkədə demokratik prinsiplərin üstün vəziyyətə gətirilməsi üçün daima çalışırıq ki, hər kəs təmərgüzləşmə aparsın. Ancaq o təşkilatlar və bloklarla bir yerdə olmayacağıq ki, onlar Azərbaycanın milli maraqlarına uyğun davranış nümayiş etdirmirlər, bir əlləri Rusiyada kiminsə cibindədir. Yaxud RATİ kimi təşkilatlarla bağlılıqları var, Abdulətifov kimi adamlarla əməkdaşlıq edirlər ki, o da guya Azərbaycanda ləzgi probleminin olması ilə bağlı bəyanatlar verir. Hüseyn Sadıqov kimi adamlarla əlaqədə olub Azərbaycanın milli maraqlarına zidd olan, Borçalıda yaşayan 500 min insanımızı risq altına qoyan açıqlamalar səsləndirirlər. Ölkəmizdə qarışıqlıq salmaq, bölücülük yaratmağa çalışanlara dəstək verənlərlə təbii ki, bir yerdə ola bilmərik. Amma Azərbaycanın dövlət maraqlarına xidmət edən, ona uyğun formalaşan, hakimiyyət uğrunda mübarizə aparan təşkilatlarla bu məsələdə əməkdaşlıq mümkündür. -Artıq 10-a yaxın siyasi partiya rəhbəri seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlayıb. Sizin bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir? -Artıq Azərbaycan cəmiyyətində siyasi palitra oturuşur. Düzdü, mövsümü xarakterli təşkilatlar da üzə çıxır ki, seçkiyə qarışsınlar. Ancaq bu təşkilatların uğur qazanacağına o qədər də inanmıram. Lakin yuxarıda da qeyd etdiyim çərçivələr daxilində biz istənilən təmərgüzləşmənin tərəfdarıyıq. Ölkədə sivil qaydada normal bir yarışın olması labüddür, qaçılmazdır. Hesab edirəm ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasında, hakimiyyətin üst eşalonunda, Azərbaycan cəmiyyətinin siyasiləşmiş və siyasiləşməmiş hissəsində o istək var ki, ölkədə bütün məsələlər dinc, sivil yolla həll edilsin. Bu hakimiyyət savaşı deyil, hakimiyyət yarışı kimi təqdim olunsun. İnsanlar dünya görüşlərini bölüşsün, komandalarını yarışdırsın, platformalarını toqquşduranlar ki, kim daha ağıllı bir platforma ilə çıxış edir. Çünki ölkənin bugünkü vəziyyəti özündə onu ehtiva edir. Gözləntim odur ki, bütün bu seçki dönəmində aktiv fəaliyyət göstərmək məcburiyyətində qalan kəsimlər bu amili nəzərə alıb çox normal şəkildə, demokratik qaydada seçki keçirilməsini təmin etməlidirlər. Hesab edirəm ki, ölkədə demokratik seçki baş tutacaq. -Bu günlərdə mətbuatda müavininiz Seymur Həsənlinin partiyadan istefa verdiyi xəbəri yayıldı. Bu istefalar davamlı ola bilərmi? -Çox maraqlıdır ki, bu məsələ ilə bağlı xəbər portalları, saytlarda qəribə mənzərə yaranıb. Əvvəla onu qeyd edim ki, Seymur Həsənli birinci müavin deyildi. Onu bir müddət əvvəl müavin vəzifəsindən azad etmişdim. O, partiyada ictimaiyyətlə əlaqələr üzrə müşavir idi. İkinci bir tərəfdən Seymur Həsənli istefa verməyib. O, şəxsi işləri ilə bağlı təşkilati işləri çatdırmadığı üçün partiyadan azad olunub. Facebook sosial şəbəkəsində də bunu özü bildirmişdi. Bu çox normal şəkildə, dostyana olan məsələdir. Təəssüflər olsun ki, bunu da bəzi saytlar partiyada yarpaq tökümü, istefalar kimi qələmə veriblər. Yəni, bir nəfərin getməsi yarpaq tökümü olur? Hətta Seymur bəy istefa versəydi belə, burada faciəli bir şey yox idi, bir nəfər istefa verə bilər. Partiya türmə deyil ki, adama vaxt qoyasan və bildirəsən ki, bu zamana qədər mütləq orada qalmalısan. Partiyaya gələn də olar, oradan gedən də. Seymur bəy də sağ olsun ki, bu məsələyə aydınlıq gətirib və bildirib ki, şəxsi işlərlə bağlı təşkilatdan uzaqlaşdırılmışam. Bundan bir neçə müddət əvvəl isə bizim partiyaya 200-dən çox gənc qəbul edilib. Onların aralarında Olimpiya, bir neçə dəfə dünya çempionu olan gənclər var. Bu barədə biz bütün saytlara məlumat göndəririk. Ancaq təəssüflər olsun ki, heç biri bu məlumatı dərc etmir. Lakin 15 gün əvvəl bir nəfərin təşkilatdan uzaqlaşdırılmasını tamam fərqli bir formada sayta yerləşdirirlər. Bu bir az anormal məsələdir. Mən başa düşürəm, seçki ilidir və piar oyunlar olacaq. Bundan sonra da bizim təşkilatdan istefalar olacaqsa, kimlərsə gedəcəksə, bunu çox normal qəbul edərəm. Çünki Azərbaycanda artıq siyasi mühit, siyasi plüralizm məsələsinə normal, sivil qaydada yanaşmaq lazımdır. Yuxarıda qeyd etdiyim kimi, heç bir partiya həbsxana deyil ki, kiməsə müəyyən müddət üçün vaxt qoyasan və bildirəsən ki, bu müddət ərzində burada olmalısan. Adam təşkilata gələ də bilər, gedə də. Həmçinin partiyanın lideri, davranışlar, həyata keçirilən siyasət və s. kiminsə xoşuna gəlməyə bilər -Seçkinin təbliğat-təşviqat mərhələsi dövründə Avropa və qonşu ölkələrin seçki təcrübəsindən istifadə edəcəksinizmi? -Təbii ki, təcrübədən istifadə etmək faydalıdır. Ancaq biz heç kimi yamsılamaq fikrində də deyilik. Eyni zamanda hər kəsin də təcrübəsindən yararlanmaq fikrindəyik. Çünki kamilləşmə məhz budur. Biz mövcud olan təcrübələrin ən yaxşısını götürmək fikrindəyik. Ancaq birmənalı şəkildə biz seçki dönəmində ortaya kiminsə göstərdiyi formada davranış qoymayacağıq O qərarı biz özümüz verəcəyik. Onu da qeyd edim ki, bizim gənclərimiz ATƏT və başqa beynəlxalq təşkilatların tədbirlərinə dəvət olunur və həmin tədbirlərdə iştirak edirlər. Eyni zamanda təbii ki, onların təcrübəsini də öyrənirlər. Biz bütün təcrübələrin ən yaxşısından istifadə etməyi düşünürük. Sonuc olaraq isə bu seçkinin sivil, demokratik, rəqibləri kiçiltmədən, hörmət göstərilməklə, sadəcə güclü olduğunu nümayiş etdirərək seçici qazanmaq xəttini tutmuşuq. Əgər demokratik seçki keçəcəksə və bu seçkidə məğlub olacağıqsa, o halda qalib gələn rəqibin də əlini sıxmağa hazırıq. Ancaq seçkidə iddialıyıq və hesab edirəm ki, ciddi nəticələr əldə etmək imkanlarımız da var. Süleyman İsmayılbəyli "Olaylar" informasiya agentliyi. "Olaylar" qəzeti Geri dön |