Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın qonşu dövlətlərlə münasibətləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycanın qonşu dövlətlərlə münasibətləri

Azərbaycanın qonşu dövlətlərlə münasibətləri


Azərbaycan hüquqi dövlət olaraq müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan etdi. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub. Amma nə etmək olar ki, ölkəmizin yerləşdiyi bölgə bir çox super güclərin maraq dairəsində olduğundan və Ermənistan kimi təcavüzkar siyasət yeridən qonşunun işğalçılığı üzündən gərginlik ocağı olaraq qalır. Bir çox ölkələr Azərbaycanın ciddi iqtisadi potensiala malik olaraq dövlətini gücləndirə biləcəyini həzm etməyərək, hər vəclə çalışırlar ki, ölkəmiz daim təhdid və təzyiq altında yaşasın.
Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan, İran və təcavüzkar Ermənistanla quru sərhədləri var.
Bu qonşu olan 5 dövlətdən ölkəmiz 4 ilə strateji tərəfdaşlıq, mehriban qonşuluq və dostluq prinsipləri əsasında bir sıra müqavilələr imzalayıb.
Ermənistana gəldikdə bu ölkə 20 ildən çoxdur ki, Azərbaycana qarşı təcavüzə yol verərək 20 faiz torpaqlarımızı işğal edib. Bunun da nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Bu işğal ilə Ermənistan bununla da beynəlxalq prinsiplərdən irəli gələn mehriban qonşuluq və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etmək siyasəti yürütmədiyini ortaya qoydu. Yəni İrəvan mehriban qonşuluq siyasəti deyil, düşmənçilik siyasəti yürüdür. İşğal olunmuş torpaqlardan geri çəkilməsilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunmasına baxmayaraq, İrəvan hələ də bu qətnaməyə məhəl qoymur. Ermənistan eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin beynəlxalq prinsiplər üzrə tənzimlənməsinə dair təkliflərinin reallaşmasına da maneə olmaqda davam edir. Hə qədər ki, işğal faktoru aradan qalxmayıb Bakı haqlı olaraq heç zaman İrəvanla hər hansı bir dövlətlərarası əlaqə qurmayacağını bildirib. Belə vəziyyətdən isə daha çox Ermənistanın özü ziyan çəkir. Ermənistan işğalçı mövqeyindən əl çəkmədiyindən o, bölgədə həyata keçirilən bütün mühüm əhəmiyyətli layihələrdən kənarda qalıb.
Qonşularımız arasında qardaş Türkiyə ilə münasibətlər xüsusi önəm kəsb edir. Rəsmi Ankara Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Bu tanıma prosesi 1991-ci ilin noyabrında baş verib. Bundan başqa, Türkiyə Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə cavab olaraq İrəvanla sərhədləri bağlayıb. Hansı ki, sərhədlərin açılması istiqamətində bu gün bəzi cəhdlərin olmasına baxmayaraq, Türkiyə hökuməti işğal faktoru aradan qalxmayınca sözügedən qərarında möhkəm dayandığını bəyan edib. Ölkəmizlə Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq istiqamətində qurulub. Bütün sahələr üzə əlaqələr məhz bu prinsiplə həyata keçirilir. Ankara müstəqilliyin ilk illərində Azərbaycana qardaşlıq yardımı göstərən ilk ölkələrdəndir. Azərbaycan ordusunun müasir tələblərə cavab verərək bölgənin ən güclü ordusuna çevrilməsində də Türkiyənin özünəməxsus xidmətləri olub və yenə də var. İki qardaş ölkə arasında əlaqələrin ən yüksək fazası Bakı-Tiflis-Ceyhan neft kəmərinin 2005-ci ildə işə düşməsilə əlaqədar olub. Bundan başqa Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsi istiqamətində gedən işlər də bu iki ölkə arasında əlaqələrin daha sıx olmasına stimul yaradır. Son dövrlər isə Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya ixracı ilə bağlı olaraq Ankara ilə Bakının əlaqələri daha da intensivləşib. Bunun nəticəsidir ki, ortaya TAHAP layihəsi çıxıb. Dəfələrlə Azərbaycanın dövlət başçıları Ankarada, Türkiyə rəhbərləri isə Bakıda rəsmi və işgüzar səfərlərdə olublar. Bu səfərlərin sonu olaraq qardaş ölkələr arasında əlaqələr daha möhtəşəm xarakter kəsb edib. Son olaraq iki ölkə arasında «Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası»nın qurulması haqqında birgə bəyannamə imzalanıb. Bağlanan bir sıra iqtisadi və ticari müqavilələr nəticəsində Türkiyə ilə Azərbaycanın ticarət balansı da durmadan artır. 2011-ci ilə qədər iqtisadi sahədə 23 sənəd imzalanıb. 2010-cu ildə iki dövlət arasında ticari-iqtisadi əlaqələrin həcmi 2,5 milyard dollar idisə, 2011-ci ildə bu rəqəm 3 milyard dolları keçib. Ümumiyyətlə, iki ölkə arasında investisiyanın ümumi həcmi 15 milyard dolları aşıb. Qardaş ölkələr arasında təhsil sahəsində də ciddi iş birliyi var. Hər il çoxsaylı azərbaycanlı tələbə Türkiyənin müxtəlif universitetlərində təhsil alır. Eyni zamanda, xeyli miqdarda Türkiyədən olan tələbələr də Azərbaycan universitetlərində oxuyurlar. Yalnız viza rejiminin ləğvi məsələsində müəyyən anlaşılmazlıqlır hökm sürür. Belə ki, Ankara birtərəfli qaydada Azərbaycana münasibətdə viza rejimini ləğv etsə də, Bakı hələlik bu addımı atmayıb.
Azərbaycanla Gürcüstan arasında 1992-ci ilin noyabrın 18-də diplomatik münasibətlər yaranıb. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tiflisdə Azərbaycan səfirliyi işə başlayıb. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xəttlər birləşdirir: Birincisi, müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrinin genişlənməsi. İkincisi, Qafqazda siyasi sabitliyin yaranması. Üçüncüsü Transqafqaz və Transxəzər magistrallarının təhlükəsizliyinin təmini və nəhayət, demokratik cəmiyyət, hüquqi dövlətin quruculuğu prosesində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi. Qeyd edək ki, hər iki ölkə separatizmin qurbanıdır. Buna görədir ki, Türkiyə, Azərbaycan və Gürcüstan separatizm və terrorizmə qarşı birgə mübarizə istiqamətində də əməkdaşlıq edirlər. 1995-ci ildə Bakı ilə Tiflis arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən müqavilə imzalanıb. Dəfələrlə iki ölkənin dövlət başçılarının bir-birinə ikitərəfli səfərləri olub və bunun da nəticəsində çoxsaylı müqavilə və sənədlər imzalanıb. Bu müqavilələr arasında iqtisadi sahədə imzalanan sənədlər xüsusi yer turur. 2012-ci ilin yekunlarına görə bu dövlətlər arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur. Heç şübhəsiz Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TRASEKA kimi enerji, nəqliyyat-kommunikasiya layihələri bu iki ölkəni bir-birinə strateji cəhətdən daha sıx tellərlə bağlayır. Azərbaycan Gürcüstanın qaza olan tələbatının 70 faizini verir. Ötən müddət ərzində Tiflislə Bakı arasında ümumiyyətlə, 120-dən artıq hüquqi-normativ sənədlər imzalanıb. Regional və qlobal məsələlərdə də hər iki ölkə əksər hallarda eyni mövqedən çıxış edirlər. Azərbaycan Gürcüstanla birgə «Şərq əməkdaşlığı» proqramının iştirakçısıdır. Bundan başqa hər iki dövlət GUAM, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında da təmsil olunurlar.
Amma bəzən Gürcüstandakı bir sıra dairələr Azərbaycanın şimal-qərb bölgəsi və David Qareci monastr ərazisinə açıq və üstörtülü formada iddia da irəli sürürlər.
Cənub qonşumuz İrana gəldikdə, Azərbaycanı müstəqil dövlət olaraq tanıyan ilk dövlətlərdən biridir. Hazırda hər iki ölkənin paytaxtlarında bir-birinin səfirlikləri mövcuddur. Bundan başqa, Haxçıvanda İranın, Təbrizdə isə Azərbaycanın konsulluğu fəaliyyət göstərir. İranla münasibətlərə gəldikdə, bir sıra hallarda görürük ki, Tehran rejimi Azərbaycana fərqli yanaşma tərzi sərgiləyir. İranla mədəni və mənəvi dəyərlər baxımından yaxın olmağımıza rəğmən Tehran bəzən Azərbaycanın daxili işlərinə qarışmaq kursu götürür. Belə olan halda isə iki tərəfli münasibətlərdə müəyyən gərginlik yaranır. Azərbaycan isə özünün mehriban qonşuluq və başqasının daxili işlərinə qarışmamaq kursu ilə sülhpərvər qonşuluq prinsiplərinə sadiq qaldığını dəfələrlə sözdə və işdə sübut edib. Bunun nəticəsidir ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrana qarşı üçüncü bir dövlətin Azərbaycan ərazisindən istifadə etməsinə heç bir halda imkan verməyəcək. Lakin Tehran Azərbaycanın səmimi qonşuluq münasibətinin müqabilində təcavüzkar Ermənistala daha sıx əlaqələr qurmaqda davam edir, Azərbaycanda müəyyən təxribatçılıq fəaliyyətində də bulunur. Bir il öncə Bakı və Gəncədə İranın xüsusi xidmət orqanları ilə bağlı olan bir qrup terrorçunun zərərsizləşdirilməsi bunun əyani sübutudur. İki ölkə arasında yalnız ticarət və tranzit sahəsində yüksək əməkdaşlıq prosesləri davam edir.
Həhayət, şimal qonşumuz olan Rusiyaya gəldikdə, bu ölkə ilə diplomatik əlaqələr 1992-ci ilin əvvəllərində qurulub. Həmin ilin aprelin 4-də Moskvada Azərbaycanın, sentyabrın 25-də isə Bakıda Rusiyanın səfirliyi açılıb. İkitərəfli münasibətlərin müqavilə hüquqi bazasını təşkil edən sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə olub. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 110-dan çox dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. İki ölkə rəhbərlərinin Moskva və Bakıya ara-sıra reallaşan səfərləri, habelə Rusiyanın Minsk qrupunda iştirakı ölkələr arasında əlaqələrin güclənməsinə təkan verib. Moskva ilə Bakı arasında sərhədyanı, xüsusən də terrorizmə qarşı mübarizədə, əməkdaşlıq da əlaqələrin vacib tərkib hissəsinə çevrilib. İki ölkə arasında sərhədlərin 99 faizi artıq delimitasiya edilib. Ötən müddət ərzində Azərbaycanla Rusiyanın müxtəlif bölgələrilə də sıx əlaqələr qurulub. Həmçinin, mədəniyyət və təhsil sahəcində də bir sıra müqavilələr imzalanıb. Çoxsaylı azərbaycanlı tələbə Rusiyada təhsil alır. 2008-ci ilin fevralında isə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı açılıb. Mədəni əlaqələrin genişlənməsində Rusiyada Azərbaycan ili və əksinə, Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən tədbirlər böyük rol oynayıb. Bildiyimiz kimi, bu yaxınlara qədər Qəbələ RLS-i Rusiya tərəfindən icarəyə götürülmüşdü. Lakin artıq keçən ilin sonlarından başlayaraq əldə olunan razılığa və icarə müddətinin bitməsinə əsasən Moskva artıq Qəbələ RLS-dən çıxdı. Lakin Azərbaycanın Rusiya ilə mehriban qonşuluq siyasəti yeritməsinə baxmayaraq, şimal qonşumuz da bir sıra hallarda ölkəmizə qarşı qərəzli və təhdid mövqeyindən çıxış edir. Belə ki, Rusiya Minsk qrupunun həmsədri olmasına rəğmən təcavüzkar Ermənistanı dəstəkləyir, onu daim silahlandırır.
Amma bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq prinsiplərdən irəli gələn mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq siyasəti yürütməklə qonşu dövlətlərlə əməkdaşlağı durmadan inkişaf etdirir. Əlbəttə ki, işğalçı Ermənistanı çıxmaq şərtilə…

Rüfət Sultan

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirilən «Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu» layihəsi çərçivəsində dərc olunur.

Geri dön