Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini, Müsahibə > Elşad İskəndərov: ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının hesabatı ermənipərəst mövqedən hazırlanıb
Elşad İskəndərov: ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının hesabatı ermənipərəst mövqedən hazırlanıb |
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının hesabatı ilə bağlı Trend-ə müsahibəsi
- ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının yaydığı hesabatda Azərbaycan haqqında müəyyən iddialar var. Buna münasibətiniz necədir? - Sözügedən hesabat keçən həftə yayımlanıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təhlil edilib. Əvvəla, qeyd edim ki, adıçəkilən təşkilat dövlət qurumu deyil, qeyri-hökumət təşkilatıdır və ABŞ-ın dövlət qurumları üçün məsləhət xarakterli sənədlər hazırlayır. Təşkilatın rəhbərləri müxtəlif dini icmaların lobbiçilərindən ibarətdir. Ona görə də bu hesabatlarda ABŞ dövlətinin deyil, müxtəlif dini qurumların təəssübkeşlərinin maraqları əks olunur. Ümumilikdə, hesabatda üç əsas yanlış xətt var. İlk növbədə, ikili standartların hökm sürdüyü aşkar şəkildə görünür. Digər tərəfdən, Azərbaycanla bağlı bir sıra faktlar ya təhrif edilib, ya da ki, qiymətləndirmə zamanı Azərbaycanda və regionda olan reallıqlar nəzərə alınmayıb. Burada tamamilə subyektiv qiymətləndirmə mövcuddur. Nəhayət, hesabatın özündə bir qərəzlilik əks olunub. Ona görə də hesabatı ikili standartlar, təhrif olunmuş faktlar və qərəzlilik əsasında hazırlanan sənəd kimi qiymətləndirmək olar. - Söylədiyiniz məsələlərlə əlaqədar konkret faktlar barədə nə deyə bilərsiniz? - Məsələn, faktların təhrif olunması məsələsində dini icmaların qeydiyyatı əsas yer tutur. Burada 2009-cu ildə qəbul olunan yeni qanunla dini icmaların qeydiyyat mexanizmi tənqid olunur. Bildirilir ki, bu qanun dini icmaların qeydiyyatını çətinləşdirib və onları sıxışdırır. Amma statistika tamamilə başqa bir mənzərəni göstərir. Qeydiyyat prosedurundakı sözgedən yenilikliklər icmaların sayının azaldılması ilə nəticələnməyib. Belə ki, 2001-2009-cu illərdə (yəni məlum qanundan əvvəlki 8 il ərzində) 534 dini icma qeydiyyatdan keçmişdisə, qanun qəbul olunandan sonrakı 4 il ərzində bu rəqəm 576-ya çatıb. Bir sözlə, dəyişikliklər icmaların sayı və fəaliyyətinin məhdudlaşdırılmasına deyil, fəaliyyətlərinin hüquqi tənzimləmə və şəffaflığına yönəlmiş dəyişikliklərdir. Odur ki, məhdudlaşdırmadan söhbət gedə bilməz, əksinə, artım var. Bununla yanaşı, hesabatda deyilir ki, 2009-cu il qanunu ilə nəzərdə tutulmuş qeydiyyatdan keçməyən dini icmalar fəaliyyət göstərə bilmirlər. Təkrar qeydiyyatdan keçməmək hələ icmanın hüquqi qeydiyyatının ləğvi demək deyil. Qanunda da öz əksini tapdığı kimi, icmanın hüquqi statusuna xitam verən prosedur məhkəmə üzərindən keçir. Belə hallar Dövlət Komitəsinin təşəbbüsü ilə son 4 il ərzində yalnız 2 icmaya tətbiq olunub. Onlardan biri "Həyatverici lütf" dini icmasının qeydiyyatının alınması ilə əlaqədar dövlətə müraciət etməkdən imtina etməsidir. Yəni ortada həmin icmanın dövlət qanunlarını saymaması faktı var. Digəri isə Xırdalanda qarajda qeydə alınan bir icma idi. Sivil bir ölkədə insanların dini inanclarının etimadını qazana bilən icmaların dövlətin qanunlarını heçə sayması, yaxud da yararsız bir vəziyyətdə, yarı leqal qarajda fəaliyyət göstərməsi normaldırmı? Burada dövlətin vətəndaşlarının hüquqlarının müdafiəsi prinsipindən çıxış edərək tənzimləyici funksiyadan istifadə etməsi tam normal bir haldır. Belə olmadığı halda vətəndaşların maddi və mənəvi həyatına, o cümlədən sağlamlığına zərərli olan cərəyanlar onların hüquqlarının pozulmasına geniş rəvac verəcək. Bu kimi halları hesabatda "hüquqi qeydiyyatı çətinləşdirmək" adı altında təqdim etmək əlbəttə ki, faktları təhrif etmək deməkdir. - Bəs icmaların məhkəmələrə müraciət etmək haqqı varmı? - Təbii ki, ümumiyyətlə, qeydiyyat proseduru bir istiqamətli yol deyil. Yəni ilk başvurmada qeydiyyatdan keçməmək dini icmanın öz hüquqi sənədlərini qaydaya salıb təkrar qeydiyyatdan keçmək üçün müraciət etmək şansının əlindən alınması deyil. Elə hesabatın digər bir yanlışlığı da buradadır - sənəddə qeyd olunur ki, icmalar guya Komitənin qərarını dəyişdirmək mexanizmindən məhrumdurlar. Bu, tamamilə yanlışdır. Çünki Dövlət Komitəsinin verilən qərarlara icmalar tərəfindən edilən şikayət nəticəsində məhkəmə vasitəsilə yenidən baxmaq hüququ var. Elə hesabatda adıçəkilən protestant icmalarından biri olan "Həyat sözü" icması Dövlət Komitəsinin qərarı ilə razılaşmadığını bildirib və məhkəmə yolu ilə 2012-ci ilin may ayının 23-də yenidən qeydiyyata alınıb. Elə təkcə bu fakt məhkəmələrin bu sahədə müstəqilliyinin sübutudur. Eyni zamanda, məhkəmə qərarından sonra Dövlət Komitəsi ilə həmin icma arasında münasibətlərin normal olması bu sahədə qanunun işlədiyini sübut edir. Ona görə də hesabatda göstərilən icmaların apellyasiya hüququnun olmaması fikirləri tamamilə yanlışdır və reallıqdan uzaqdır. - İkili standarların adını çəkdiniz. Bununla bağlı hesabatda hansı məqamlar öz əksini tapıb? - Elə hesabatın əhatə etdiyi coğrafiyaya baxsaq, ikili standartın şahidi olarıq. Belə ki, minarə tikintisi, azan verilməsi ilə bağlı çoxsaylı problemlərin, müsəlmanların neonasistlər tərəfindən qətlə yetirilməsi faktlarının, hicabla bağlı çoxsaylı etirazların olduğu Avropa ölkələrinin heç biri bu hesabatın əhatə dairəsinə düşməyib. Onların heç biri haqqında və oradakı müsəlman icmalarının problemləri haqqında bu hesabatda bir kəlmə belə söz yoxdur. Burada, əsasən, transmilli korporasiyalara çevrilmiş beynəlxalq missioner təşkilatlarının maraq dairəsində olan müsəlman və Şərq ölkələri haqqında məlumatlar öz əksini tapıb. Bu da ikili standartların bir başqa təzahürüdür. Bundan başqa, hesabatın xüsusi hissəsində qeyd edilir ki, Azərbaycanda dini inanclarına görə hərbi xidmətə getməyənlərə təzyiqlər edilir. Təbii ki, ermənipərəst mövqedən hazırlanan hesabatın müəlliflərini torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın milli təhlükəsizliyi üçün bu yayınmaların nə dərəcə təhlükəli olması maraqlandırmır. Amma işğalçı Ermənistan barədə bu mövzuda bir kəlmə belə deyilmir. Reallıqda isə, məsələn, "Yəhova şahidləri" dini sektasının bir çox üzvü erməni işğalçı ordusunda xidmət etməkdən imtina etdiklərinə görə həbsə atılıblar. Amma Ermənistan, ümumiyyətlə, bu hesabatın obyekti deyil. Əksinə, Ermənistanla bağlı Avropa məhkəməsinin qərarı hesabatın Azərbaycanla bağlı hissəsində yer alıb. Buna el arasında "ağrımayan başa dəsmal bağlamaq" deyirlər. - Hesabatın qərəzli tərəfləri hansılardır? - Hesabatın qərəzli olması ilk növbədə onun seçdiyi yanlış metodologiyadan qaynaqlanır. Məsələn, Azərbaycanın "ikinci kateqoriya"ya aid edilməsi əsasən onunla izah edilir ki, din xadimləri yalnız dövlətin dəstək verdiyi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyin edilir. Əvvəla, qeyd edim ki, QMİ müasir Azərbaycan yaranmamışdan öncə mövcud olan İslam icmalarının ənənəvi bir dini mərkəzidir və müstəqil qeyri-hökumət qurumudur. Bu baxımdan qanunda dövlətin QMİ tərəfindən təyin edilən din xadimlərini tanımasında heç bir problem yoxdur. Amma əgər hesabat müəllifləri üçün bu problemdirsə, nəzərlərinə çatdırmaq istərdik ki, məsələn, qardaş Türkiyədə din xadimlərinin istisnasız hamısı dövlət məmurlarıdır. Onlar dövlət tərəfindən bilavasitə təyin olunurlar. Böyük Britaniyada isə ümumiyyətlə, dövlətin başçısı sayılan kral kilsənin də başçısı sayılır və anqilikanların baş keşişini də bilavasitə özü təyin edir. Və yaxud başqa bir fakt. Qonşu Gürcüstanda Pravoslav kilsəsi ölkənin rəsmi dini kimi tanınıb və hökumətlə kilsə arasında konstitusiya aktı səviyyəsində saziş mövcuddur. Ermənistanda isə Qriqoryan kilsəsinin rəsmi statusu konstitusiyada yer alıb. Amma bu kriteriyaya görə Böyük Britanıyadan hesabatda danışılmadığı təqdirdə, bizə münasibətdə daha yumşaq yanaşma olsa da, Türkiyə də hesabatda tənqid edilir, amma Ermənistanla Gürcüstan isə ümumiyyətlə, hesabatda yer almayıb. Bu qiymətləndirmədə qərəzlilik deyilsə, bəs nədir? - Bununla əlaqədar Dövlət Komitəsi tərəfindən hər hansı cavab hazırlanırmı? - Təbii ki, hazırda rəsmi şərhlərimiz üzərində iş gedir və hesabatın müəllifi olan quruma və bu hesabatı almış ABŞ-ın dövlət qurumlarına real vəziyyəti əks etdirən rəsmi cavab hazırlanır. Amma qeyri-rəsmi şəkildə bu hesabatı hazırlayan insanlara xatırlatmaq istərdim ki, bu gün dinlərarası toqquşmaların, bu sahədə ciddi təhlükələrin olduğu regionda dinlərarası tolerantlığın məkanı olan Azərbaycana qarşı ən azı insaflı yanaşma nümayiş etdirmək lazımdır. Belə qeyri-obyektiv dəyərləndirmələr həm də ABŞ və dünyadakı digər sağlam qüvvələrin dinlərarası harmoniyanın bərqərar edilməsi istiqamətindəki maraq və siyasi xəttinə ziddir. Şəxsi müstəvidə isə hesabat müəllifləri ən azından xoşniyyətli münasibət sərgiləyə bilərdilər. Hesabat qrupunun rəhbəri Xolokostun qurbanları sırasında yeganə ABŞ senatoru mərhum Tomas Lantosun qızı, fəaliyyətini atasının qoyduğu irsin üzərində quran xanım Katerina Lantos Svitdir. Ən azından xanım Lantos atasının və Xolokost qurbanı olan milyonlarla yəhudinin xatirəsinə hörmət əlaməti olaraq, yəhudilərin sərbəst yaşadığı azsaylı ölkələrdən olan Azərbaycanın "sıfır antisemitizm ölkəsi" olmasını qeyd edə bilərdi. Çox istərdim ki, bu sahədə fəaliyyət göstərən beynəlxalq hüquq müdafiəçiləri lobbiçi qrupların maraqlarından deyil, obyektiv mövqedən çıxış etsinlər. Geri dön |