Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azəriçilik nəzəriyyəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azəriçilik nəzəriyyəsi

Azəriçilik nəzəriyyəsi


Yaxın gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə çevrilməsinin şahidləri ola bilərik Hazırda Azərbaycanda saxta «beynəlmiləlçilik», yaxud da kosmopolitizm şüuru yalnız türklüyü, islamlığı deyil, müstəqil milli ideologiyaya çevrilməyə çalışan azərbaycançılığı da hədəf almışdır. Çünki azərbaycançılıq məhz yeniləşmə ruhlu türkçülük və islamçılığın sintezindən meydana çıxmışdır. Xüsusilə, azərbaycançılığın yaranmasında türkçülüyün müstəsna rolu, onun əhəmiyyətli dərəcədə milli məna kəsb etməsini saxlayır. Sadəcə olaraq, türkçülüyüə münasibətdə daha çox qıcıq yaradan onun mahiyyəti deyil, adıdır-türklüyüdür. Bu mənada azərbaycançılıq ona görə qıcıq yaratmır ki, onun adında milli kimlik öz əksini tapmır. Əgər tapsaydı onda azərbaycançılıq da türkçülük kimi şovinizm mənasında yozulacaqdı.
Bu baxımdan azərbaycançılığın cəlbedici olmasında əsas məsələ kimi onun başlıca prinsipinin «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»i bağlı olduğu ifadə edilir, bununla da dolayısıyla türk kimliyini və türk dilini ifadə etməməsi göstərilir. Başqa sözlə, bəzi tədqiqatçılara görə «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»nin mövcudluğu imkan verir ki, yalnız Azərbaycan türkləri deyil, Azərbaycanın milli azlıqları (talış, ləzgi, tat və b.) özünü bu kimliyə və dilə aid etsinlər. Əslində bu dolayısıyla da olsa, «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» ilə yanaşı, özünü başqa kimlikdə və dildə görənlərin varlığını təsdiq edir. Bu mənada, bəziləri milli azlıqların ikili kimliyini (azərbaycanlı-talış, azərbaycanlı-ləzgi və s.) və ikili dilini (Azərbaycan dili-talış dili və s.) normal qəbul etdikləri halda, milli çoxluğun - Azərbaycan türklərinin eyni statusla (azərbaycanlı-türk, Azərbaycan dili-türk dili) çıxış etməsinə bir o qədər də dözümlü yanaşmırlar. Halbuki bu statuslar, yəni azərbaycanlı-türk kimliyi, Azərbaycan dili-türk dili bir medalın iki üzüdür. Çünki burada nə qədər qəribə olsa da, bir millətin iki adı və iki dili var. Əslində isə azərbaycanlı adlanan millət türk milləti, Azərbaycan dili türk dilidir. Belə olduğu təqdirdə, yalnız türk millətinin və türk dilinin üstündən xətt çəkilərək uyğun olaraq «azərbaycanlı» milləti və «Azərbaycan dili»ni müdafiə etmək doğru deyildir. Bu baxımdan məntqi olaraq, əgər bir millətin təbii kimliyi və dili görməməzlikdən gəlinirsə, o zaman onun yerini hansısa yeni «kəşf»lə doldurmaq lazımdır. Əks təqdirdə, mövcud olanı davamlı şəkildə qoruyub saxlamaq və şüurlarda yaşatmaq çətin olacaqdır.
Bizə elə gəlir ki, məhz bu faktı nəzərə alaraq son illərdə Azərbaycanda «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» ilə paralel «azəri» kimliyi və «azəri dili»nin təbliğatına başlanmışdır. Bu da, həmin boşğluğu doldurmaq, eyni zamanda türklüyə, türk ruhuna qarşı yönəlmiş təbliğatı davam etdirməkdən başqa bir şey deyildir. Başqa sözlə, bu məsələdə də əsas məqsəd hansı yolla olursa-olsun «azərbaycanlı» kimliyini və «azərbaycan dili»ni türklükdən uzaqlaşdırmaq, Azərbaycan türklərinin milli varlığını görməməzlikdən gəlməkdir. Fikrimizcə, bu mənada «azəri» kimliyi və «azəri dili»nin təbliğatı da ilk növbədə, türklüyü Azərbaycan türklərinin yaddaşından silmək, milli mənlik şüurunun zədələnməsini daha da dərinləşdirməyə xidmət edir.
Çox təəssüflər olsun ki, bu məsələ də Türkiyənin bir çox dövlət adamlarının, yaxud tanınmış siyasət, incəsənət xadimlərinin və elm adamlarının Azərbaycan türklərinə yönəlik «azəri» anlayışından istifadə etməsi də az rol oynamır. Doğrudur, ilk vaxtlarda (1920-1930-cu illərdə) «azəri» sözü tək işlədilmir, əksər halda «azəri türkü», «azəri türk dili» anlayışları ilə bir yerdə çəkilirdi. Məsələn, Azərbaycan milli ideoloqu Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdiyi jurnal «Azəri türk» adlanırdı. Mühacirətdəki milli şairimiz Almas İldırım şeirlərində «Azəri türk» ifadələri işlədirdi. Ancaq elə həmin dövrdən başlayaraq Türkiyə və Azərbaycan mətbuatında bəzi tədqiqatçılar Azərbaycan türklərini «azəri» adlandırır, onu türklükdən fərqli mənada verirdilər. Bu ayrımçılığa qarşı çıxan tannımış türkoloq Əhməd Cəfəroğlu yazırdı ki, Azərbaycan və Türkiyə türkləri eyni soyu və dili paylaşdıqları halda, hər iki ölkədən bəzi tədqiqatçıların türk mütəfəkkirlərini «azəri», «türkiyəli» deyə iki yerə parçalamaları yolverilməzdir: «Bu hər bir Azəri türkünü nə qədər mütəəssir eləyirsə, eyni dərəcədə də bir soydan olan, bir dili paylaşan iki qardaşın - Azəri və Anadolu türkünün ortaq ədəbiyyat, dil və mədəniyyətini parçalamağa rəvac verir və təbii ki, məhz bu səbədən də hər iki tərəfdən olan türkləri əsla məmnum etməyəcəkdir. Mirzə Fətəli əslən və nəslən bir türk olduğu halda onu Türkiyə mühitinə əcnəbi bir müəllif kimi tanıtmaqdan güdülən məqsəd nədir? Anlaşılması ən çətin olan məsələ də elə budur. Əgər məqsəd Azəri türk müəlliflərini Anadolu mühərrirlərinə, Azəri türklərini isə Anadolu türklərinə əcnəbi kimi tanıtmaqdırsa, belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlərini də sadəcə «əcnəbi» Azəri mühitinə daxil edərək onları ümumtürk mədəniyyəti sahəsindən kənarda saxlamaq lazımdır. Halbuki elə dünən Ulu Qazinin (Atatürkün) göstərişi ilə Ankarada toplanan ilk türk tarix qurultayında türk birliyinin ana vətəni, mənşəyi, mədəniyyətinin və ümumiyyətlə, bütün mövcudiyyətinin qətiyyən «ayrılıq və qeyrilik» güdülmədən bir küll halında araşdırılması ilə bağlı qərar verilmişdir».
Maraqlıdır ki, əsrlər boyu və günümüzdə də yunanlar, farslar, ərəblər, gürcülər, ermənilər və başqa xalqlar, onların tarixçiləri bizləri (Türkiyə, Türküstan, Azərbaycan, Krım, Tatarıstan və b. ölkələrdə yaşayan türkləri) türk adlandırdıqları halda, eyni millətin genini daşıyanlardan biri - Azərbaycan türkü digərinə - Türkiyə türkünə vaxtilə «osmanlı» dediyi kimi, indi də Türküyə türkü Azərbaycan türkünə «azəri» deyir. Doğrudanmı 21-ci əsrdə türkün türkə «türk» deməsi bu qədər çətindir?! Təbii ki, yox. Sadəcə olaraq, bütün bunlar türkün şüuruna yeridilən assimilyasiya siyasətidir. Türkü məhv etməyin ən asan yolu, türkü türklüyündən - türk kimliyindən, türk dilindən, türk mədəniyyətindən, türk mənəviyyatındanənməsinə səbəb nə " uzaqlaşdırmaqdır. Bu mənada, həmin məsələ ilə bağlı təkcə Türkiyə türklərini suçlamaq doğru olmazdı. Belə ki, hətta Güney Azərbaycan türkləri bir çox hallarda Quzey Azərbaycan türklərini «şurəvi»-azərbaycanlı, quzeylilər isə güneyliləri «iranlı» adlandırırlar. Halbuki hər ikisi türkdür, türklüyü təmsil edirlər.
Şübhəsiz, Azərbaycan türklərinin «tatar», «azəri», «şurəvi», «iranlı», «azərbaycanlı» və s. adlandırılması onların təbii istəyi ilə deyil, SSRİ və İran rejimlərinin apardıqları siyasət nəticəsində meydana çıxmışdır. Sadəcə olaraq, istər içimizdə, istərsə də kənarda bir çoxlarını hazırda bu anlayışların necə meydana çıxmasından daha çox, ondan necə istifadə etməsi maraqlandırır. Fikrimizcə, son zamanlar «azəri» anlayışının geniş mənada təbliğ olunması da bunun tərkib hissəsidir. Belə anlaşılır ki, hələlik «azərbaycanlı» kimliyinə və «Azərbaycan dili»nə toxunmamaqla yanaşı, buna paralel olaraq «azəri» kimliynin və «azəri dili»nin formalaşdırılması prosesinə başlanmışdır. Xüsusilə, bəzi telekanalların və kütləvi informasiya vasitələrinin (qəzetlərin, portalların və s.) bu məsələ də fəallıq göstərməsi «azəri» anlayışının təbliğinin sistemli şəkildə baş verdiyini göstərir. Artıq bəzi alimlərin əsərləri ilə yanaşı, dövlətin rəsmi nəşlərində «azəri» kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir. Məsələn, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan - 20 il» kitabında dövlət dili həm «azərbaycan», həm də «azəri» adlandırılmışdı.
Bu o deməkdir ki, artıq «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»nə paralel olan, ilk baxışda ona daha yaxın və inandırıcı olan «azərbaycanlı»-«azəri», «Azərbaycan dili»-«azəri dili» yeni bir statusa çevrilməyə başlamışdır. Bu mənada istisna etmirik ki, müəyyən bir dövrdən sonra «azəri» kimliyi və «azəri dili» istər parlament səviyyəsində, istərsə də dövlət səviyyəsində müəyyən status əldə etsin. Hətta, yaxın gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə çevrilməsinin də şahidləri ola bilərik.
Bizə elə gəlir ki, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda tələbələrin milliyyəti kimi «azəri» adından istifadə olunması da məsələnin ciddiliyindən xəbər verir. Hər halda dünənə qədər bəzi istisnaları nəzərə almasaq (nadir hallarda da olsa, bəzi tələbələr milli kimliyini ləzgi və s. göstərirdilər), tələbələrin milliyyət qrafasının qarşısında «azəri» deyil, «azərbaycanlı» yazılırdı. Bu isə, SSRİ dövründən qalma ənənə kimi hamı tərəfindən «başa düşülürdü».
Görünür, «azəri» kimliyi və «azəri dili» artıq sovet dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin milli mənlik şüuruna hesablanmış bir nəzəriyyədir. Yəni «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» SSRİ dövründə yaşamış insanların şüurları üçün hesablandığı kimi, «azəri» kimliyi və «azəri dili» müstəqil Azərbaycanın vətəndaşlarına yönəlmişdir. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının növbəti mərhələlərində tarixə, etnoqrafiyaya, dilçiliyə və s. sahələrə də «səyahət» ediləcəkdir. Daha doğrusu, bu kütləvi xarakter alacaqdır, çünki ötən əsrdə «azəri» kimliyini və «azəri dili»ni ortaya atanlar və onun müdafiə edənlər olmuşlar. Bu gün də «azəriçilik» nəzəriyyəsinin tərəfdarları vardır. Bu da təbiidir.
Doğrudur, biz də hesab edirik ki, milli mənlik şüurunun qorunub yaşaması üçün vətəndaşlığı, yurddaşlığı bildirən «azərbaycanlı» kimliyində və «Azərbaycan dili»ndə müəyyən korrektələr edilməlidir. Amma bu korrektələr türklüklə uzlaşmayan «azəri» kimliyi və «azəri dili» adı altında deyil, türk kimliyi və türk adı altında baş verməli, xüsusilə milli dilin adına münasibətdə Azərbaycan türklərinin mühüm mövqeyi nəzərə alınmalıdır. Fikrimizcə, yalnız bu halda türkçülükdən yaranmış azərbaycançılıq öz varisliyini ləyaqətlə davam etdirə bilər. Əks halda sələfinin başlıca ideyalarını yaşada bilməyən xələf üçün yalnız bir neçə formal, hüquqi məsələlər baxımından varislikdən çıxış etməsi, üstəlik türk kimliyi və türk dili əvəzinə «azəri» kimliyi və «azəri dili»nə meyil etməsi milli ideologiyanın həllinə deyil, daha da mürəkkəbləşməsinə səbəb olacaqdır.

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru

Geri dön