Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məleykə Abbaszadə: Dərsliklərlə bağlı yeni nazirlə müzakirə aparmışıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Məleykə Abbaszadə: Dərsliklərlə bağlı yeni nazirlə müzakirə aparmışıq

Məleykə Abbaszadə: Dərsliklərlə bağlı yeni nazirlə müzakirə aparmışıq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu vaxta kimi dərsliklərin hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə mövcud olan müəyyən problemlərə aydınlıq gətirib. APA-nın xəbərinə görə, komissiya sədri bildirib ki, dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib: «Monitorinq elmi əsaslarla aparıldıqda və dərsliklərdə problemlər aşkar olunduqda bunlar Təhsil Nazirliyinə bildirilməlidir. Bu istiqamətdə yeni nazirlə müzakirə aparmışıq. Biz uşaqların mövqeyini müdafiə edirik və hamımız istəyirik ki, dərsliklər keyfiyyətli, müasir olsun. Texniki cəhətdən düzəldilməsi mümkün olan səhvlər düzəldilməli, düzəldilməsi mümkün olmayanlar isə əlavə yollarla, yeni kitabçaların çapı və digər vasitələrlə aradan qaldırılmalıdır. Hər bir halda məsələyə individual yanaşmaq lazımdır. Bu məsələlər aradan götürülməlidir ki, yeni ilə hazırlanan dərsliklərdə bu səhvlər olmasın. Dərsliklərlə bağlı məsələlər daima diqqət mərkəzindədir və çalışacağıq ki, Azərbaycan vətəndaşları, şagirdləri yalnız keyfiyyətli dərsliklərlə işləsinlər».
TQDK sədri Məleykə Abbaszadə Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə də münasibət bildirib. TQDK sədri jurnalistlərə açıqlamasında yeni təhsil naziri Mikayıl Cabbarova uğurlar arzulayıb. M.Abbaszadə ümidvar olduğunu deyib ki, TQDK və Təhsil Nazirliyinin birgə fəaliyyəti ölkə təhsilinə töhfə verəcək: «Təhsil sahəsində hər iki qurumun birgə fəaliyyəti bu sahənin inkişafı üçün uğurlu olacaq. Hər gün yeni təhsil naziri Mikayıl Cabbarovla müəyyən telefon danışıqlarımız olur, müxtəlif məsələlər müzakirə olunur. Həll edilməmiş məsələlər öz həllini tapmalıdır. Bunun üçün də açıq şəkildə müzakirələr aparılır. Yeni nazirlə işgüzar münasibət qurulub və normal fəaliyyət göstəririk».
«Təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikirlər sadəcə təklifdir. Hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək».
Bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun XI sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə bununla bağlı mövcud qanunvericilik var: «Hələlik attestatlar qanunvericiliyə uyğun veriləcək. Bu, bir təklifdir. Təklif müzakirə edilib, qərar qəbul olunduqdan sonra onu icra edəcəyik».
TQDK Azərbaycanın orta məktəblərinin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək: «İmtahandan sonra həmin yazı işlərini yoxlamaq üçün «marker» adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlaması prosesi heç olmasa 1 ay çəkəcək».
TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.

Geri dön