Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə yanaşmaları…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə yanaşmaları…

Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə yanaşmaları…


Elşən Manafov: «Qərbin Qarabağ münaqişəsilə bağlı mövqeyi daha çox xristian təəssübkeşliyindən qaynaqlanır»

Akif Nağı: «Onların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeləri söz olaraq qalır»

Keçmiş sovet imperiyasının dağılması ilə onun əhatə olunduğu ərazilərdə bir neçə münaqişə ocaqları yarandı. Bu münaqişə ocaqları Moldova, Gürcüstan və Azərbaycanı əhatə edib. Moldova əsasən rusların yaşadığı Dnestryanı bölgədə, Gürcüstan Cənubi Osetiya ilə Abxaziyanın separatçı hərəkatının qurbanı olublar. Azərbaycan isə erməni təcavüzü və Dağlıq Qarabağ da daxil olmaqla ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə üzləşib. Belədə hər üç respublika eyni problemlə qarşı-qarşıyadır. Moldova və Gürcüstanda olduğu kimi, Azərbaycanın da ərazi bütövlüyü işğal səbəbindən hələlik təmin edilməyib. Hər üç respublikada işğal fonunda çoxsaylı qaçqın və məcburi köçkünlər ordusu yaranıb. Digər tərəfdən, Azərbaycan torpaqları başqa bir dövlət, Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunub. Amma Moldova və Gürcüstanda bu mənada vəziyyət bir qədər fərqlidir. Belə ki, bu ölkələrin ərazi bütövlüyünü başqa xarici dövlətlər deyil, məhz daxildəki separatçı qüvvələr tərəfindən pozulub. Bu mənada aydındır ki, Azərbaycanın işğaldan xilas olmaq üçün beyənlxalq qanunlara söykənməklə dünya birliyinin daha geniş dəstəyinə ehtiyacı var. Amma reallığa gələndə fərqli mənzərənin şahidi oluruq. ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlar sözdə hər üç respublikanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Amma buna rəğmən sözügedən qurumların Gürcüstan və Moldovanın ərazi bütövlüyülə bağlı sərgilədiyi mövqeləri nədənsə eyni tərzdə Azərbaycana münasibətdə sərgiləmirlər. Görəsən, niyə?
Politoloq Elşən Manafovun fikrincə, sözügedən fərqli münasibətin kökündə Qərbin Azərbaycana münasibətdə ikili standartdan yanaşması və xristian təəssübkeşliyi dayanır. Burada eyni zamanda, Tiflisin Azərbaycandan fərqli olaraq Qərbə daha çox inteqrasiya etmək niyyətinin də müəyyən qədər rolu var: «ATƏT gerçəkdən Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də dəfələrlə bəyan edib ki, hər halda konflikt Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir. Bu tip qurumların Gürcüstan və Moldovadakı münaqişələrə münasibətdə fərqli mövqe sərgiləmələri isə əsasən də Tiflisin Avropa Birliyi və Qərbin təhlükəsizlik sisteminə inteqrasiyası ilə bağlı proseslərin kifayət qədər fərqli müstəvi üzərində olması ilə bağlıdır. Hətta zamanında Tiflisin HATO-ya inteqrasiyasının qarşısını almaq üçün Rusiya Gürcüstan münaqişəsi alovlandı. Hərçənd bu münaqişənin alovlanmasının təşəbbüskarı məhz Gürcüstan olmuşdu. Digər tərəfdən Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemlərilə bağlı BMT münaqişənin tənzimlənməsi üçün ora sülməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutan qətnamə qəbul etmişdi. Abxaziya və Cənubi Osetiyada Rusiya sülhməramlıları ilə bağlı məsələ də BMT çərçivəsində və onun statusu əsasında həll edilib. Təəssüf ki, ATƏT də daxil olmaqla qərb institutlarının Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi ikili standart mövqeyi daha çox onların xristian təəssübkeşliyilə əlaqədar məsələlərdən irəli gəlir. Halbuki zamanında, 1997-ci ildə GUAM təşkilatının yaranmasını vacib edən bir sıra geosiyasi amillər vardı. Yəni GUAM-a daxil olan dövlətlərdən üçü, Azərbaycan, Gürcüstan və Moldova Rusiyanın dəstəyilə etnik separatizmdən əziyyət çəkən dövlətlərdir. Belə bir qurumun yaradılmasını vacib edən bir sıra amillər vardı. O amillərdən biri Xəzərin enerji resurslarını GUAM-a daxil olan dövlətlər vasitəsilə Qərbə çıxarmaq idisə, digəri MDB-yə alternativ qurum yaratmaqla onun dağılmasını təmin etmək, onu formal quruma çevirməyə xidmət edən zamanında ABŞ tərəfindən düşünülmüş və xeyir-duası ilə həyata keçirilən bir geosiyasi layihə idi. Amma həmin layihədə və enerji resurslarının Qərbə çıxarılmasında lokomotiv rolunda çıxış edən dövlət Azərbaycan olsa da, bununla belə Qərbin sözügedən münaqişələrə münasibətdə də ölkəmizə qarşı ikili standartları və xristian təəssübkeşliyi açıq-aşkar özünü şəkildə büuruzə verir. Qardaş Türkiyənin Avropa Birliyinə qəbul olunması məsələsi 30 ildən çoxdur gündəmdə olsa da, hələ də öz əksini tapmayıb. Bu da zamanında Tansu Çillər və indi Ərdoğanın bəyan etdiyi kimi, Avropa Birliyi xristian dövlətlərindən ibarət klubdur. Belədə yaxın perspektivdə Türkiyənin Avropa Birliyinə qəbulu yəqin ki, mümkün olmayacaq. Deməli Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı Qərbin sərgilədiyi mövqeyini Azərbaycana münasibətdə təkrarlamaması ilk öncə Tiflisin qərbin təhlükəsizlik sisteminə daha ciddi inteqrasiya etmək istəyindən irəli gəlir. Amma burada əsas məqam qərbdəki ikili standartlar və xristian təəssübkeşliyindən qaynaqlanır».
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da qeyd etdi ki, beynəlxalq qurumların Gürcüstan və Moldovaya nisbətən Azərbaycana münaqişənin həlli prosesində fərqli yanaşması onların ikili standartlarla çıxış etmələrindən qaynaqlanır: «Bu qurumlar eyni problemlərlə üzləşən xristian ölkələrinə bir mövqedən, müsəlman dövlətlərinə isə başqa mövqedən yanaşırlar. Onlar hesab edir ki, islam dünyası təhlükə mənbəyidir. İslam dünyasının gücünün artmasına xristian dünyası üçün təhlükəli hal kimi baxırlar. Keçən əsrin 80-ci illərinə qədər dünya kapitalist və sosialist dünyası olmaqla iki qütbə bölünmüşdü. Sosializm sisteminin ləğvindən sonra isə xüsusən xristian dünyasının ideoloqları islam fundamentalizmi adı altında özlərinə yeni düşmən tapdılar. Əslində onlar islam dünyasını məhv etməyi qarşılarına məqsəd qoyublar. Qərbin belə mövqeyi Qarabağ münaqişəsinə münasibətdə də özünü əyani şəkildə göstərir. Onlar heç bir halda Qarabağ münaqişəsinə obyektiv mövqedən yanaşmaq istəmirlər. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərilə bağlı dedikləri fikirlər, ancaq söz olaraq qalır. Əksər hallarda bu sözü də işlətmirlər. Dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrləri də Azərbaycanın ərazi bütövlüyülə bağlı suallara cavab verməkdən yayınıblar. Bu məqamlar ondan xəbər verir ki, ATƏT və digər beyənlxalq təşkilatlar xristian Ermənistanın tərəfini saxlayır və istəyirlər ki, hansı yolla olursa olsun məsələ ermənilərin xeyrinə həllini tapsın. Belədə hesab edirlər ki, məsələnin ermənilərin xeyrinə həll olunmasının yolu danışıqları uzatmaqdır. Buna görə də hansısa bir razılaşma əldə olunmasına imkan vermirlər. Bütün bunlar da həmin ikili standartların nəticəsidir ki, ölkəmiz bunun əziyyətini çəkir».

Rüfət Sultan

Geri dön