Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dini vəziyyət və qeyri-ənənəvi təriqətlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, DAVAMın yazıları > Azərbaycanda dini vəziyyət və qeyri-ənənəvi təriqətlər

Azərbaycanda dini vəziyyət və qeyri-ənənəvi təriqətlər


Azərbaycan rəsmən İslam ölkəsi olmasa da, əhalisinin böyük əksəriyyəti İslam dininə sitayiş edir. Bu baxımdan Azərbaycanı İslam ölkələri sırasına aid etmək olar. Doğrusu, qardaş Türkiyəylə müqayisədə Azərbaycan İslam ehkamlarının həyata keçirilməsi və əməl olunması baxımından xeyli geridə olsa da, hər halda dinə bu və ya digər səviyyədə pərəstiş edən çox sayda insan tapmaq mümkündür. Tarixi baxımdan götürsək Azərbaycan İslam dinini digər Şərq ölkələrindən daha tez qəbul edən və bu dinin daha tez bərqərar olduğu ölkələrdəndir. Ölkəmiz İslam Dünyasına hər zaman yüksək təfəkkürlü din və elm xadimləri, mütəffəkirlər bəxş etməsi ilə fərqlənmişdir. Ona görə də zaman-zaman buranın öz İslam həyat tərzi və İslama özəl baxışı olmuşdur. Daha dəqiq desək, cəmiyyət daxilində İslamın ənənəvi iki geniş yayılmış İslam məzhəbləri olan sünnilik və şiəliyin hökm sürməsi tarix boyu müşahidə olunmuşdur.
XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalı və bu ölkənin iki yüz ilə yaxın müstəmləkə şərtləri daxilində yaşaması təbii ki, ölkənin milli və mənəvi abi-havasına təsir etməyə bilməzdi. Rus imperiyasının yeritdiyi ruslaşdırma, xristianlaşdırma, müsəlman məzhəbçiliyi və sonralar ateizm siyasəti ölkəmizdən də yan keçməmişdir. Bu da öz növbəsində Azərbaycan cəmiyyətinin uzun əsrlər formalaşmış mənəvi şüurunu büdrətmiş, həyat tərzində və şüurunda müəyyən boşluqlar yaratmışdır. Sovet rejiminin dinsiz, xüsusilə İslamsız cəmiyyət formalaşdırmaq istəyi öz təsirlərini göstərsədə cəmiyyətimiz müəyyən istisnalar nəzərə alınmaqla bu ayrı-seçkilik siyasətinin arxasınca getmədi. Əksinə qədimdən inanclarına bağlı və tolerant bir mühitə sadiq qaldığını isbatladı. Amma problemlər var və sözsüz ki, adların çəkdiyimiz allahsız siyasətin izləri sayəsində bu gün cəmiyyətimizdə dinimizin təməl prinsipləri barədə kifayət qədər məlumat yoxdur. Əhali Allahı (c.c.) tanıdığını dönə-dönə vurğulasa da, Allahı (c.c.) dərk edib tanımağın nədən ibarət olmasını, hansı mərhələlərdən keçməsini bilməməsi cəmiyyətimizdə müəyyən ideoloji boşluqlar yaradır ki, bu da hələ problem olaraq qalmaqdadır. Azərbaycanın üçrəngli istiqlal bayrağının yaşıl rəngi İslamı bildirsədə, digər rənglərin mahiyyətini düzgün öyrənmədiyimiz kimi, yaşıl rəngin də mahiyyətini daşıdığı İslamın nədən ibarət yetərincə öyrənilməyib. Vahid milli və mənəvi konsepsiyaların öyrənilməməsi və işlənməməsi də bu tipli düşüncə geriləməsinin əsasını qoyur. Bununla əlaqədar olaraq ölkəmizə ayaq açan müxtəlif qeyri-ənənəvi ünsürlərin yayılması və mütəşəkkil formaya keçməsi üçün zəmin yaranır. Müstəqilliyimizin ilk illərində, dövlətin Azərbaycanda dini vəziyyətə nəzarət etmə təcrübəsi olduqca az olduğundan, yad təriqətlərin ölkədə baş verən siyasi çəkişmələrdən və xalqın dini savadsızlığından sui-istifadə edib törəmə təşkilatlar yaratmaqları bir o qədər hiss olunmurdu. Bunun nəticəsində cəmiyyət arasında yeni ifadələr - vəhhabilər, nurçular, xaricilər, krişnaçılar, yehova şahidləri, xristian təmayüllü digər məzhəb adları və s. işlənməyə başladı. Düşüncə və geyim tərzi baxımından fərqlənənlər əhali arasında görünməyə başladı. Xüsusilə vəhhabilər dediyimiz İslamın qeyri-ənənəvi firqəsi özünü daha açıq və daha fəal göstərməyə çalışdı. İlk öncə “Ləzgi” məscidində fəaliyyət göstərən vəhhabilər sonra maddi imkanları hesabına daha artıq tutumlu məsçid tikdirməyi qərara aldılar. Nəhayət 1996-cı ildə “Əbu-Bəkr” adı ilə məşhurlaşan və arxitektura qaydaları baxımından digər məscidlərimizdən fərqlənən yeni bir məscid inşa edildi. Əgər “Ləzgi” məscidində insanlar ibadət etməyə çətinlik çəkirdilərsə, “Əbu-Bəkr” məsçidində bu çətinlik aradan qaldırıldı. Cümə günlərində 6-7 minlik kütlənin ibadət etdiyi bir məscid müasir Azərbaycan reallığında demək olarki nadir müşahidə olunmuşdu. Buraya gələnlərin arasında sözsüz ki, əsl ibadət etməyə gələnlərlə yanaşı biznes maraqları naminə ideologiyalarını yayan insanlar da mövcud idi (məlum hadisələrlə əlaqədar məscidin fəaliyyəti dayandırılmışdır). Maliyyə mənbələri heç kəsə sirr deyil ki, Səudiyyə Ərəbistanı krallığı və Küveyt əmirliyi idi. Bu ölkələri təmsil edən humanitar təşkilatlar ölkəmizdə yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən məharətlə istifadə etməyə çalışırdılar. Onlar, humanitar fəaliyyətlə bərabər, dini maarifləndirmə işləri təşkil edir, İslam tarixindən, İslam hüququndan, şəriət qayda-qanunlarından müsabiqələr təşkil edir və qalib gələn gənclərə pul mükafatları təyin edirdilər. Vəhhabilər dini ədəbiyyat yayıcılığı ilə də kütləvi şəkildə məşğul olur və ölkədə əqidə vəziyyətini öz xeyirlərinə dəyişməyə çalışırdılar. Cəmiyyət daxilində İslam qaydaları və dövlətçilik baxımından rədd edilən bir çox radikal hərəkətlərə və ixtilaf salıcı təbliğata yol verdiyinə görə ölkə ziyalıları, din xadimləri və vətəndaşların xahişi ilə hökumət orqanları tərəfindən fəaliyyətləri xeyli məhdudlaşdırılmışdır. Əvvəllər qısa şalvarda və saqqalda çox görünən vəhhabilərə, indi nadir hallarda rast gəlinir. Çünki indi onlar cəmiyyətə inteqrasiya etməyə çalışırlar. Amma dini ənənələrdən az da olsa bilgisi olan adamlar onların məhz vəhhabi olması barədə yekdil rəyə gələ bilərlər. Bəlkə də vəhhabilərin Azərbaycan cəmiyyətilə qaynayıb-qarışması arzuolunan kimi görünə bilər. Onların radikal düşüncələri hardasa arxaikləşər. Amma illərlə öz ideologiyasını daxilində yaşadıb nə vaxtsa zorla - terrorla cəmiyyətin beyninə yeritmək istəyən vahabilərdən də yan keçilməməlidir. Vəhhabi məzhəbinin əsası XVIII əsrdə yaşamış ərəb şeyxi Əbdül-Vəhhabın oğlu Şeyx Məhəmməd ibn Əbdül Vəhhab tərəfindən yaradlmışdır. Onun fikirləri hələ sağlığında ailə üzvləri, atası, qardaşı, həmyerliləri və bütün əhli-sünnə alimləri tərəfindən inkar edilib. Hətta qardaşı Şeyx Süleyman din alimləri arasında ilk dəfə Məhəmməd ibn Əbdül Vəhhaba qarşı “əs-Səvaiq əl-bəhiyyə fi-r-rədd ələ-l-vəhabiyyə”( Vəhhabiliyə cavaba dair parlaq ildırım zərbələri) adlı əsər yazmış və vəhhabi firqəsinin bütün əhli-sünnə məzhəblərinə, hənəfiliyə, hənbəliliyə, maliki və şafiliyə zidd olduğunu göstərmişdir. Uzun müddət təqiblərlə üz-üzə qalan ibn Əbdül Vəhhab sonda indiki Səudiyyə Ərəbistanı krallarının əcdadları olan Məhəmməd ibn-Səud tərəfindən himayəyə götürülür. Onun himayəsi vəhhabi firqəsinin həm yayılmasına, həm də onun öz əmirliyinin güclənməsinə səbəb oldu. Vəhhabi ideologiyasnın qəddar qanunları bu dövrdən etibarən tətbiq olunmağa başladı. Onlar müsəlmanları yolundan azmışlıqda ittiham edir, onların qanını və malını halal hesab edirdilər. Vəhhəbilərə görə müsəlmanlar pirləri, İslam övliyalarının, Məhəmməd peyğəmbərin (s.ə.s.) qəbrini ziyarət etməklə Allaha (c.c.) şərik (şirk) qoşur, mərhumlar üzərində Qurandan surələr oxumağa bidət kimi yanaşır, xalqın niyyət edərək nəzir etməsini, qurban kəsməsini qondarma hesab edir, qiyamət günü Allahın (c.c.) insan formasında azacıq görünəcəyini iddia edirlər. Təbii ki, onların bu iddiaları əksər böyük İslam alimləri tərəfindən dəqiq elmi sübutlarla rədd edilmiş, vəhhabiliyin müsəlmanlar arasında ədavət salan bir firqə olduğu bəyan edilmişdir.
Radikal dini cərəyanlardan biri də xaricilik (xəvaric) firqəsidir. Xaricilik xaric olma -dindən çıxma mənasında işlənir. Xariciliyin tarixi VII əsrdən başlayır. Xaricilər Siffeyn müharibəsində Müaviyyə ibn Əbu Sufyana qarşı vuruşan İslamın dördüncü xəlifəsi Əlinin (ə) ordusundan ayrılanlardır. O gündən etibarən, həmin bir qrup insana İslam tarixində verilmiş addır. Onu da qeyd edək ki, Osmanın (ə) və Əlinin (ə) öldürülməsinin də birbaşa xaricilər tərəfindən törədildiyi bildirilir. Dini konsepsiya baxımından vəhhabilərə çox yaxın firqə olan xaricilik bəzi şəriət məsələlərində kəskin mövqedən çıxış edir. Onlar dünyəvi dövlət quruluşunu kafir hakimiyyət hesab edir və bu hakimiyyətlə təmasda olan istənilən fərdi və ya cəmiyyəti kafir adlandırırlar. Onların vahabilərlə əsas fərqlərindən biri İslam idealları olan Əlini (ə), Öməri (ə), Aişəni (ə) kafir hesab etməkdir. Bu xəvaric təriqətinə olan tarixi-elmi baxışdır. Çoxları Əbu-Bəkr məsçidində qumbara partladılmasından sonra, bütün bunların məhz xəvariclər tərəfindən törədildiyini iddia edirdi. Həqiqətdə isə, indiki xəvariclərlə Həzrəti Əli (ə), Həzrəti Ömər (ə) və Həzrəti Aişəni (ə) qəbul etməyən xəvaricləri eyniləşdirmək olmaz. Çünki məsciddə törədilən partlayışların məhz həmin xəvariclər tərəfindən törədilməsi inandırıcı görünmür. Çünki, səyyar müşahidələrlə aldığımız məlumatlara əsasən partlayışda adı hallanan yeni xəvariclər alandırılan bu qruplaşmanın yuxarıda adlarını çəkdiyimiz İslam ideallarını qəbul etməməsi inandırıcı deyildir. Çünki, onlarda vəhabilər kimi eyni ideologiya daşıyıcılarıdır. Yəni İbn Hənbələ söykənən və daha da radikallaşmış İbn Teymiyyə və Abdul Vəhhabın ardınca gedənlərdir. Yəni bu gün vəhabi dediyimiz şəxslərdir. Sadəcə məlum hadisələr bu iki qrup arasında təşəbbüsü ələ almaq üstündə düşən söhbətlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Xəvaric sözü “dindən çıxmış, yəni xaric olan mənasını verdiyindən, indiki xəvaric sayılanlar sadəcə vəhhabilərin əhatəsindən, onların daxillərindən xaric olmuş “Meşə qardaşları” sayılan terror qruplaşmasıdır. Onu da qeyd edək ki, haqqında danışdığımız tarixi xaricilər cərəyanının əksər qolları sayılan Mühəkkimə, Əzariqə, Nəcdat, Mücaridə, Süfriyyə, Beyhəsiyyə, Süalibə dövrümüzədək gəlib çatmamışdır. Xaricilərdən qalan yeganə firqə Əbaziyyə firqəsidir ki, günümüzədək gəlib çatmış və hal-hazırda dünyanın müxtəlif hissələrində az miqdarda qalmaqdadır.
Azərbaycanda fəaliyyət göstərən və müəyyən qədər insanı ətrafına toplamış İslam firqələrindən biri də nurçuluqdur. Bu cərəyan Türkiyədə yaranmışdır və dünyanın müxtəlif ölkələrində özünə dəstək qazanmışdır. Nurçuların əsas konsepsiyalarından biri, vaxtilə Osmanlı imperiyası dönəmindəki dövlət üsul-idarəsinin yenidən bərpa olunmasıdır. Nurçular üçün hazırki Türkiyə Respublikasının dövlət quruluşu Allahın (c.c.) əmrlərindən kənaraçıxma kimi qiymətləndirilir və demokratik-hüquqi dövlət olan Türkiyənin dünyəvi dövlət modeli rədd edilir. Onlar Türkiyə dövlətinin qurucusu, Atatürkü küfrdə ittiham edir və dini dövlət quruluşunu birmənalı şəkildə reallaşdırmaq istəyirlər. Nurçuluq cərəyanının tərəfdarları ötən əsrin əvvəllərində və ortalarında yaşayıb-yaratmış Səid Nursi (Kürdi) qoyub getdiyi teologiya konsepsiyasına əməl edir, onun yazdığı risalələri oxuyur və yayırlar. Maraqlı burasıdır ki, nurçular ideya və aspektlər baxımından sırf İslam çarçıları kimi görünsələr də onların dərslərində Qurani-Kərimin surə və ayələrindən daha çox, Səid Nursinin risaleyi-nur külliyatından seçmə aforizmlər oxunur. Ölkəmizdəki nurçular əsasən yaratdıqları ölkədaxili biznes şəbəkələrindən maliyyələşirlər. Dünyadakı nurçu biznes şəbəkələrinin rəhbəri isə təbii ki, hamının gözəl tanıdığı Fətullah Güləndir. Təsadüfi deyildir ki, nurçuları bəzən gülənçilər də adlandırırlar. Əsasən terror və iğtişaşdan çəkinən nurçuların əsas devizi cəmiyyətə sakit şəkildə inteqrasiya etmək və məqsədə çatmaqdır.
Daha bir dini təlim Bəhailikdir. Bu təlim XIX-əsrin 50-ci illərində İranda yaranmışdır. Bir çox ekspertlər bu təlimi “İslam təriqəti” hesab edirlər. Əslində isə Bəhailik İslamın bəzi prinsiplərini qəbul etsə də özünün fərqli konsepsiyası olan müstəqil bir dini təlimdir. Bu xüsusiyyətlərinə görə Bəhailiyə hətta ayrı din kimi də yanaşırlar. Hazırda ölkənin 18 yaşayış məntəqəsində məskunlaşmasına baxmayaraq, onların doqquzun da icmaları mövcuddur. Bəhailiyin əsas ideyası Bəhaullahın birlik devizidir və bu deviz öz-özlüyündə üç mərhələyə bölünür: Allahın (c.c.) birliyi, dinlərin birliyi və bəşəriyyətin biliyi. Bəhailər bütün əvvəlki ilahi şəxsiyyətləri – Musanı (s), Krişnanı, Zərdüştü (s), Buddanı (s), İsanı (s), Məhəmmədi (s.ə.s.), eyni zamanda onların gətirdiyi ilahi yazıları qəbul edir və hər birinə dərin ehtiramla yanaşırlar. Onu da qeyd edək ki, Bəhailərin bizim ölkədəki fəaliyyəti 2002-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı və Sumqayıt icması halında qeydiyyata alınıb. Bəhailər vahid mərkəzdə birləşirlər və onların “Allahın Uca Ədalət Evi” və müqəddəs ziyarətgahları İsrailin Xayfa və Əkka şəhərlərindədir.
Xristian təmayüllü təriqətlərin ölkəyə ayaq açması heç kəsə sirr deyil. Belə ki, “yehova şahidləri” deyilən, əksəriyyət üzvləri qadınlardan ibarət olan xristian - sinkretist cərəyanın izləri də ölkəmizdə görünməkdədir. Hərəkatın əsası 1896-cı ildə Çarls Teys Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. Rassel “Yehovanın Şahidləri”nin kitablarında “1000 illik krallığın peyğəmbəri” kimi göstərilir. Əvvələr “Rasselistlər” adlanan bu cərəyan, 1931-ci ildə keçirilən konqresdə “Yehovanın şahidləri” adını qəbul etdi. Bu ad da İncildə yazılan “Siz mənim şahidlərimsiniz - deyir Yehova” ifadəsindən götürülmüşdür. “Yehova Şahidləri” çox mürəkkəb və təsirsiz ötüşməyən psixoloji metodlardan istifadə edirlər. Məsələn: insanları dünya və gələcək haqqında ümidsizliyə düçar etmək, müharibə, zəlzələ, sel, qıtlıq, xəstəlik kimi problemlərin Allah (c.c.) tərəfindən göndərildiyini və bunlardan qurtulmağın mümkünsüzlüyünü iddia etmək, “yehova şahidi” olmayanlar üçün qiyamətin və fəlakətin gələcəyinə, xristianların müqəddəs kitablarını istədikləri şəkildə yozmaq və onlara qərəzli şərh vermək, maddi problemləri olan insanlar üçün iş qurmaq, əmək haqqı vermək və s. Yehova şahidlərinin baxışlarına görə, İsa məsih (s) 144000 Yehova Şahidi ilə birlikdə yer üzünə enərək, bütün siyasi quruluşları, dövlətləri, millətləri bir sözlə “Şeytanın Güclərini” yox edəcək. Bütün bu hadisələr “Armagedon savaşı” vasitəsilə baş verəcəkdir və nəticədə yer üzündə Tanrının hakimiyyəti qurulacaqdır. Maraqlı burasıdır ki, “Yehova şahidləri” adlanan cərəyanın əksər üzvləri qadınlardır və əsasən gecələr fəaliyyətə başlayırlar. Gecələr insanların azlığından, nəzarət zəifliyindən istifadə edib fəaliyyət göstərirlər.
“Adventizm” və Baptizm” adlanan cərəyanda Azərbaycanda dini təbliğatla məşğul olan xristian məzhəbləri hesab olunur. Protestant təmayüllü xristian dini cərəyan olan Adventizmin əsası 1831-ci ildə ABŞ-da Vilyam Miller tərəfindən qoyulmuşdur. Millerin ideyası tək Amerikada deyil, Avropa və Asiyada da geniş vüsət tapdı. Onun davamçılarını adventistlər adlandırmağa başladılar (latınca adventus-zühur etmək). Onların inamına və hesablamalarına görə İsa (s) yaxın illərdə zühur edəcək və dünyadakı ədaləti bərpa edəcək. Zaman keçdikcə adventistlər bir neçə qruplara bölündülər. Bunların arasında “Yevangelist adventistləri”, “Allah kilsəsi”, “İkinci günün advendistləri”, “Yeddinci günün adventistləri” və s. göstərmək olar. Onların arasında “Yeddinci günün adventistləri” daha geniş yayılmışdır.
Dünyada 30 milyona yaxın sayları olan Baptistlər, tarixlərinin Yəhya peyğəmbərin (s) və İsa Məsihin (s) dövründən başladıqlarını irəli sürürlər. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində bir qrup insan kilsədən ayrılaraq Hollandiyada sığınacaq tapmış və orada baptizmin əsasını qoymuşlar. Əsası Con Smit tərəfindən qurulan Baptizm yeni kilsənin yaradıcısı hesab olunur. Baptizmə görə uşaqları xaç suyuna çəkmək ayininə ehtiyac yoxdur. Onlar İsa Məsihin (s) varlığına iman gətirən, onu Allah (c.c.) kimi dərk edən insanların xaç suyuna çəkilməsini qəbul edirlər. Azərbaycanda Baptizmin ilk görüntüləri XIX əsrin ikinci yarısında müşahidə edilmişdir. Belə ki, çar II Nikolay Baptistlərin Rusiya üçün təhlükəsini əsas gətirərək onları “ucqarlara” – Qafqaza, xüsusilə Azərbaycana sürgün etmişdir. Böyük Baptist icması 1899-cu ildə Bakıda qurulmuşdur. Hazırda Azərbaycanda üç baptist icması fəaliyyət göstərir.
Buddizmdə əsasən hind əsilli insanların maliyyə dəstəyi ilə yayılan “Krişnaçılıq” təlimi müşahidə edilmişdir. Krişnaizm 5 min il bundan əvvəl Bhaqavad-Qita tərəfindən yazılan “müqəddəs əhdi-ətiqə” əsaslanır. Krişna tərəfdarları həddindən artıq sərt həyat tərzi keçirirlər. Onlar ət, balıq yemirlər, mətbuat nümunələrindən xüsusilə televizor, radiodan istifadə etmirlər. Krişnaçılar demək olar ki, bütün istəklərdən imtina edirlər. Cəmiyyətin 38-ölkədə 120-yə qədər mərkəzi fəaliyyət göstərir. Avropa və Amerika qitəsi ölkələrində yayılmasna baxmayaraq Hindistanda bu dini hərəkatı çox az qism insanlar tanıyır. Azərbacanda “Bakı Krişna Şüuru Cəmiyyəti” adı altında fəaliyyət göstərir və sayları 100-dən çoxdur. Onlar da digər təriqətlər kimi pulla ələ alma, kitab yayımı, toplantılar keçirmək və digər üsullardan istifadə etməklə fəaliyyət göstərirlər.
Beləliklə ölkəmizdə və cəmiyyətimizdə hökm sürən dini vəziyyətə və qeyri-ənənəvi təriqətlərə azacıq da olsa aydınlıq gətirməyə çalışdıq. Bununla belə etiraf etmək lazımdır ki, bu məsələlər vaxtaşırı mətbuatda işıqlandırılmalı, əhali və ictimai-siyasi işlərlə məşğul olan şəxslər təriqətlər və dinlər barədə məlumatlandırılmalıdır. Xüsusilə əhalinin böyük əksəriyyətinin iman və etiqad etdiyi İslam dininin əsasını, tarixini, Məhəmməd peyğəmbərin (s.ə.s.) əxlaqlı yaşam tərzini mütəmadi işıqlandırmalı və xalqı yaxşı maarifləndirmək gərəklidir. Çünki İslam dini Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin və əsasən də mənəviyyatının ayrılmaz tərkib hissəsidir. Lakin təəssüf doğuracaq hal odur ki, bəzi soydaşlarımızın maddi ehtiyac üzündən və yaxud İslam haqqında bilgisizliyindən, yalançı tərəqətlərin təbliğatına uyaraq ənənəvi dinlərini dəyişirlər. Bir sözlə Azərbaycandakı dini-ideoloji boşluqdan istifadə etməyə çalışan, xalqın şüuruna təsir etməyi prinsip hesab edən təriqət və icmaların fəaliyyəti hələ çox maraq doğuracaq. Yeni təriqətlərin gəlişi də hardasa qaçılmazdır. Bütün bunları nəzərə alaraq Azərbaycanda istər İslam, istər yəhudi-xristian, istərsə də buddist və digər təmayüllü radikal ünsürlərin fəaliyyətinə ciddi nəzarət olunmalı, əvəzində isə ölkə əhalisinin əksəriyyətinin etiqad bəslədiyi İslam dininin təməl prinsipləri barədə maarifləndirilmə daha vacib və olduqca əhəmiyyətlidir.

Anar Turan

Geri dön