Şrift:
“Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalın təqdimatı olub
30.03.2019 [11:09] - Gündəm, İdman
“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru Hakan Sünalın təqdimatı olub. “Kapital Arena”nın konfrans zalında keçirilən tədbirdə "Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev, klub rəsmiləri, akademiyanın məşqçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Hakan Sünalla 2 illik müqavilə bağlanıb. Klubun prezidenti R.Rəfiyev yeni direktorun qarşısına qoyulan məqsədlərdən danışıb. Bildirib ki, mütəxəssis öncə akademiyanın məşqçi heyətinin hazırlanmasına diqqət yetirəcək: "Klubun ümumi büdcəsinin 20 faizi uşaq futbolunun inkişafına ayrılır. Sumqayıtda qapalı manejin də inşa olunması nəzərdə tutulub. Bununla bağlı işlər aparılır".

Təqdimat mərasimində H.Sünal "Sumqayıt" Futbol Akademiyasında görüləcək işlərdən danışıb, öz futbol fəlsəfəsini bölüşüb: "Sonuncu dəfə 2001-ci ildə Azərbaycanda olmuşam. Son illərdə futbolunuzda inkişaf hiss olunur. Məqsədimiz əsas komanda üçün yerli futbolçuların yetişdirilməsidir. Bununla yanaşı, məşqçi heyətinin bacarıqlarının artırılması istiqamətində də səy göstərəcəyəm. Mənim üçün əsas aşağı liqada çıxış edən komanda üzvlərinin göstərdiyi nəticələr deyil, onların bir futbolçu kimi inkişaf etməsidir. Məşqçi heyəti ilə birlikdə qarşımıza qoyduğumuz hədəflərə çatacağımıza ümid edirəm”.

Təqdimatda bildirilib ki, son olaraq Almaniyanın "FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və 16-19 yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal "Ayntraxt Frankfurt”, "SG Rosenhöhe”, "SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. O, həmçinin "M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed