Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasından tarixi addım (video)
11.06.2014 [10:00] - Xəbərlər, davam TV, Siyasi partiyalar, Kitab evi, Fərəc Quliyev
Bütöv Azərbaycana aid ilk ensiklopedik kitabının təqdimatı keçirildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim” kitabının təqdimatı keçirilib. Təqdimatda ölkənin tanınmış tarixçi-alimləri, ictimai-siyasi təşkilatların nümayəndələri iştirak ediblər.
Milli Dirçəliş Hərəıkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sifarişi ilə nəşr olunan bu kitabı, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli ilə həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə hazırlayıblar. İlk dəfə olaraq Azərbaycanı bütövlükdə Güneyli-Quzeyli əhatə edən bu ensklopedik təqvim alimlər və digər tədbir iştirakçıları tərəfindən olduqca yüksək qiymətləndirilib.
Dövlət Himninin ifası və Bötöv Azərbaycanın bütün şəhidlərinin anılmasıyla başlayan təqdimatın aparıcısı MDHP Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyləyli bu ensklopedik təqvim barədə qısa məlimat verdikdən sonra, giriş nitqi söyləmək üçün, kitabın sifarişçisi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevə söz verdi. Fərəc Quliyev kitabın ərsəyə gəlməsi üçün uzun illərdən bəri böyük əməyi olan müəlliflər - doktor Əkrəm Rəhimli və doktor Səməd Bayramzadənin xidmətlərini yüksək qimətləndirdi. Kitabın mahiyyətindən danışan millət vəkili qeyd etdi ki, “Azərbaycan bölünəndən sonra elmi və ədəbi yaradıcılığımız da ruhən bölündü. İstər nəşr olunan ensiklopedik toplular, istər də hər hansı bir sahəylə bağlı əsərlər ya Quzeyi əhatə edirdi, ya da Güneyi. Və mən hesab edirəm ki, bir milləti sərhədlərlə, zorla deyil, ruhən böləndə o millət bölünmüş olur. Bu bölünmənin qarşısını almaq və Bütöv Azərbaycan mərkəzli düşüncə sisteminin həyata keçməsi üçün əməli addımlara çox böyük ehtiyac var. Biz hesab edirik ki, Bütöv Azərbaycan tarixnin, Bütöv Azərbaycan coğrafiyasının, Bütöv Azərbaycan iqtisadiyyatının, Bütöv Azərbaycan ədəbiyyatının və s. yazılmasının vaxtı artıq çatıb. Çünki, bir millətin dünəni və bu günü tam öyrənilmirsə və öyrədilmirsə, deməli o yarımçıqdır”. Bununla bağlı dövlət orqanlarına da çağırış edərək, bu istiqamətdə ziyalıların potensialından istifadənin vacibliyini bildirən partiya sədri, öz imkanları daxilində də bu kimi layihələri bundan sonra da həyata keçirəcəklərini bildirdi.
Fərəc Quliyevin ardınca kitabda göstərilən siyasi şəxsiyyətlər barədə “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, başlıca tarixi olayların xronologiyası barədə AMEA Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dilavər Əzimli, Güney və Quzüy Azərbaycan ədəbiyyatına aid bölümü barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin məruzələrindən sonra, türkoloq-alim Aydın Mədətoğlu və Dünya Azərbaycanlıları Konqresinin Dayimi Şurasının sədri Əjdər Tağızadə kitabın mahiyyəti barədə çıxışlar etdilər. Çıxışçılardan MDHP sədrinin mədəniyyət məsələləri üzrə müşaviri Niftalı Göyçəli ensklopedik təqvim ifadəsinin elmi izahini verərək, bu kitabın bir ensklopedik təqvim olaraq öz mahiyyətini tam əks etdirdiyini bildirdi.
Natiqlər kitabın müsbət tərəfləri ilə yanaşı, diqqətdən qaçan məqamları da ifadə etdilər. Fərəc Quliyev isə bildirdi ki, “sadalanan bu məqamlar bir cilidlik kitab üçün nöqsan sayıla bilməz. Çünki, nəinki Bütöv Azərbaycanın, hətda Azərbaycanın tək bir bölgəsinin- məslən Dərbəndin tarixi şəxsiyyətləri, qəhrəmanları, ədəbiyyat, mədəniyyət, incəsənət, siyasi, dövlət və ictimai xadimləri barədə, eləcə həmin bölgədə baş vermiş tarixi hadisələrin qısa xronikasını toplasaq bir neçə cilidlik kitab olar. Ona görə də bu kitabın əsas mahiyyəti Azərbaycanı parçalamadan bir tam şəkildə araşdırılması üçün bir ilk olmaqla örnək rolunu oynamaqdan ibarətdir.”
Sonda soz kitabın tərtibatçıları olan Əkrəm Rəhimli ilə Səməd Bayramzadəyə verildi. Kitabdakı nadir tarixi sənədlər haqqında danışan hər iki müəllif də çıxışlarının sonunda belə bir tarixi addıma dəstək verdikləri üçün MDHP-yə və onun lideri Fərəc Quliyevə dərin təşəkkürlərini çatdırdılar.

Həmin tədbirin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 21639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed