Şrift:
Şah İsmayıl Xətai
22.01.2012 [11:57] - Türk böyükləri
Azərbaycanın və Səfəvilər Dövlətinin I şahı

Hakimiyyət dövrü :1501 — 1524 23 may
Tacqoyma: 1501
Sələfi: I Təhmasib
Xələfi: Səfəvilər dövlətinin əsasını qoymuşdur

Dini: İslam
Təvəllüdü: 17 iyul 1487-ci il
Cənubi Azərbaycan, Ərdəbil
Vəfatı: 23 may 1524-cü il (36 yaşında)
Cənubi Azərbaycan, Ərdəbil
Dəfn yeri: Şeyx Səfi kompleksi
Sülalə: Səfəvilər sülaləsi
Atası: Şeyx Heydər
Anası: Aləmşah Bəyim (Marta Xatun)
Həyat yoldaşı: Taclı bəyim
Uşaqları: oğlanları:
Rüstəm Mirzə,I Təhmasib,(Səm Mirzə, Alxas Mirzə, Bəhmən Mirzə);
qızları:
Xanım xanım, Pəri xanım, Məhinubanu Şahzeynəb xanım, Firəngiz xanım

Elmi fəaliyyəti
Elm sahəsi: ədəbiyyat, təsəvvüf
Tanınır: şair, dövlət adamı.
Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi – Azərbaycan və İran şahənşahı, Səfəvilər dövlətinin banisi, klassik Azərbaycan şairi. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şeirlərini Xətai təxəllüsü ilə yazmışdır.

HƏYATI

Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir.
1488-ci ildə atası Şeyx Heydər döyüşdə öldürüldükdən sonra, İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin oğlu Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizədə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultanəlinin və "qızılbaşlar"ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib Şəməsi döyüşüdə onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli Ərdəbilə göndərdiyi İsmayılı özünün varisi elan etmişdir və Sultanəlinin ölümündən sonra tərəfdarlərı hər yerdə axtarılan İsmayılı görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

Siyasi fəaliyyəti

1499-cu ilin avqust ayında 13 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir.
Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[4] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[5], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

Şah İsmayılın yaratdığı Səfəvilər dövlətinin ərazisi

Şah İsmayıl Xətai
















İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək,onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Şah İsmayıl və Osmanlı imperiyası

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.
Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Sülymanın dövründə Osmanlı şeyxül islamı Müfti əl-Həmzə tərəfindən verilən fetva ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal elan dövlət ideologiyasına çeviriləcək.

1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu alınmadı. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşüdə Şah İsmayılın qoşunları məğlub oldu. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Turəli bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızqın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanaş şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.
1515-ci ildə Osmanlı imperiyası ilə sülh bağlanır. Şərtə görə, Şərqi Anadolu həmişəlik Osmanlıya verilir.

Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.

Ölümü

1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə öv edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı[14] (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı"[15]. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Qısa ömrünün qiymətləndirilməsi

Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi"

Şah İsmayıl şəxsiyyəti

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

Şah İsmayıl Xətai
Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."
Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarıc göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.

Ədəbi yaradıcılığı

Xətai divanı
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.
Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" ("mənəm allah") şüarına, ideyasına tərəfdar çıxıb özünü "vəhdət gülzarının bülbülü" adlandırır:

Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.


Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü "mütləq həqiqət" ("həqqi-mütləq") deyə vəsf edir:

Xətai divanı

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.


Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.

Bakıda Şah İsmayıl Xətainin heykəli

Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.
Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.
Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin "Sirlər xəzinəsi" əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:
Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.

Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.
Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

Ərdəbildə Şah İsmayıl Xətainin heykəli

Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın – bağçada bar olmasa.

Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.
Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?

Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?

Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.


İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.
Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin.
Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:
Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.

Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.

İrişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. "Qızıl gül, bağü bustanım, nə dersən?" misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:
Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.
Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir. "Nəsihətnamə" adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. "Nəsihətnamə" sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.
"Dəhnamə" Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa "Dəhnamə"lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.
Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.
Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.
Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…

Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, "Eşq odu yenə bu canə düşdü" deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.
Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.
"Dəhnamə" mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin "Dəhnamə"si ana dilində yaranan ilk epik əsərlərdəndir.
Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə "Dəhnamə" kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.
Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:
Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.

Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.
Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.
Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin "Bir söz" rədifli gəraylısı Füzulinin "Söz" rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:
Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.

Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan "Bəngü Badə"ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu "Mürşidi-kamilim, şeyx oğlu şahim" deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanı yaranmışdır. Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin "Bakı-1501", F. Kərimzadənin "Xudafərin körpüsü", Ə. Nicatın "Qızılbaşlar" romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.

Qaynaqlar

↑ Шapaф-xaн Бидлиcи, т.ц c.169
↑ Xoндeмиp, 'т.III, ч.4, c.570-571, 599-601
↑ Дopн, c.593-595 Эфeндиeв. Heкoтыpыe cвeдeния, c.90.
↑ Sara Aşurbəyli. Şirvanşahlar dovləti. Bakı, "Avrasiya press", 2006
↑ Sara Aşurbəyli. Şirvanşahlar dovləti. Bakı, "Avrasiya press", 2006, səh. 330
↑ Петрушевский И.П., Азербайджан в XVI – XVII вв., Сб. статей по истории Азербайджана, вып. 1, Баку, 1949. с.228
↑ Новичев А.Д., История Турции, том I, Эпоха феодализма (XI-XVIII века), Ленинград, 1963. с.105-107
↑ Faruk Sümer, XV asırdan itibaren Anadoludan İrana vukubulan göçler, Türk Yurdu, sayı 1, Ankara, 1954.
↑ Savory M. Roger, "A Curiose Episode of Safavid History", Edinburgh University Press, 1971. В сборнике: Studies on the history of Safavid Iran, London 1987.
↑ Фарах Гусейн. Османо-сефевидская война 1578-1590 гг. Баку, "Нурлан", 2005, стр. 25
↑ Yavuz Sultan Selim. Osmanlı Araştırmaları Vakfı "İbn-i Kemal gibi allâmelerden bu fitnenin def’i için fetvâ alan Yavuz"
↑ Şehabeddin Tekindağ, "Yeni Kaynak ve Vesîkaların Işığı Altında Yavuz Sultan Selim’in İran Seferi", İstanbul Üniversitesi Eedbiyat Fakültesi Tarih Dergisi, Sayı 22, s. 17, 1968
↑ Gülağ Öz. İslamiyet Türkler ve Alevilik. s. 188, 1999, Ankara, ISBN 9757059021 "Osmanlı Padişahına gerekir ki bunların (Kızılbaşların) ileri gelenlerini öldürüp mallarını ve kadınlarını dahi ve çocuklarını İslâm gazilerine taksim ede"
↑ Şəki əhalisi Böyük Qafqaz Sıra dağlarını "Şah dağ" adlandırır. Bax: Rəşid bəy Əfəndiyev. Nuxa qəzasında olan asarü-ətiqələr haqqında, Bakı-1925
↑ Namiq Musalı. "Cahangüşa-yi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə dair məlumatlar
Qızılbaşlar tarixi (Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir)-Bakı,1993
Zeynəddin bin Həmdullah Qəzvini – Zeyl-e tarix-e qozide (Tərcümə və şərhlər M.D.Kazımov və V.Z.Piriyevindir),Bakı,1990
O.Ə.Əfəndiyev-Salnaməçi Bicən Şah İsmayıl Xətai haqqında,Şah İsmayıl Xətai (məqalələr toplusu),Bakı,1988
O.Ə.Əfəndiyev-Xətainin şəxsiyyəti,"Ədəbiyyat və incəsənət" qəzeti,Bakı,1989,29 yanvar
O.Ə.Əfəndiyev-Azərbaycan Səfəvilər dövləti,Bakı,1993
C.İbrahimov-Səfəvilərin Ərdəbil hakimliyinə dair,Bakı,1958
Y.M.Mahmudov-Səfəvilər dövlətinin tarixinə dair yeni sənəd toplusu (Şah İsmayıl Marin Sanudonun gündəliklərində),AMEAının xəbərləri,TFH seriyası,1986,N1
Ş.K.Məmmədova-Müasir İran tarixşünaslığıŞah İsmayıl Xətai haqqında (Məqalələr toplusu),Bakı,1988
Ə.Məmmədov-Şah İsmayıl Xətai,Bakı,1991
Faruk Sümər-Safavi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu,Ankara,1976
Bu xəbər oxucular tərəfindən 91948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed