Şrift:
Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında 36 ölkədən 280 idmançı iştirak edəcək
04.04.2019 [11:35] - İdman
Mayın 13-14-də Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının Təşkilat Komitəsinin iclası keçirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər ki, iclasda bir sıra məsələlərə aydınlıq gətirilib.

AMPK-nın prezidenti və turnirin Təşkilat Komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.

İ.Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan millisinin də heyətini açıqlayıb. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 13 idmançı təmsil edəcək. Heyətdə Murad Əliyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Namiq Abbaslı, Bayram Mustafayev (hər ikisi 66 kq), Ramil Qasımov, Zaməddin Poladov (hər ikisi 73 kq), Murad Həziyev, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Əliyev, Rövşən Səfərov (hər ikisi 90 kq), Kənan Abdullaxanlı, Kamil Ağayev (hər ikisi 100 kq) və İlham Zəkiyevdir (100 kq-dan yuxarı) yer alıblar. Qadınların yarışında isə 6 çəki dərəcəsində ölkəmizi Gülnar Gereyeva, Şahanə Hacıyeva (hər ikisi 48 kq), Səbinə Abdullayeva, Bəsti Səfərova (hər ikisi 52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) təmsil edəcəklər.

“Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcəklər. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə böyük heyətlə qatılacaqlar”, - deyə İ.Rəhimov əlavə edib.

AMPK-nın prezidenti yarışın tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır. SOCAR və BP yarışın əsas, “Toyota” şirkəti isə rəsmi tərəfdaşıdır. Yarışın rəsmi dəstəkçiləri Bakı Nəqliyyat Agentliyi, “Coca-cola” şirkəti, ASAN Radio, İctimai TV (İTV), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “Şəms Group” tərcümə şirkətidir.

Vurğulayıb ki, turnirin informasiya dəstəkçiləri Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Trend”, “Report” informasiya agentlikləri və Milli.Az, Day.Az, Oxu.Az və Baku.News xəbər saytlarıdır. İTV və İPPON TV yarışların finalını canlı yayımlayacaq.

İ.Rəhimov paracüdo yarışlarında idmançıların tibbi klassifikasiyasının da vacib məsələ olduğunu qeyd edib: “ABŞ, Braziliya, Nigeriya, Avstraliya, İsrail, Keniya və Almaniyadan 6 klassifikator Bakıya gələcək. Beynəlxalq klassifikatorlar heyəti yarışa qatılan idmançıları tibbi müayinədən keçirəcək və onların paracüdo yarışları üçün uyğun olub-olmadıqlarını müəyyən edəcəklər. Klassifikasiyalar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq”.

Təşkilat Komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed