Şrift:
GÜNEY XƏBƏRLƏRİ
12.11.2011 [19:13] - Gündəm
Azərbaycanlı fəal Abdullah Səduqi Aclıq Aksiyasına başlayıb

Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı təxminən 30 nəfərlə birlikdə tutuqlanan Abdullah Səduqi Aclıq Aksiyasına (etisab-i ğəza) başlayıb.
Avqustun 24-ü (şəhrivərin 2-i) Urmu Gölünün qurudulması məsələsini müzakirə edərkən hücuma məruz qalıb və həbs olunan Səduqi, Şərqi Azərbaycanın baş prokuroruna (dadistan) məktub yazıb.
O, yazdığı məktubda ədalətsizlik və qanunsuz tutuqlandıqlarından şikayət edib və məhz bu səbəbdən Aclıq Aksiyasına (etisab-i ğəza) başlayıb.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal dünəndən aclıq aksiyasına başlayıb.


80 YAŞLI AZƏRBAYCANLI SİYASİ FƏALI ZİNDANDA DÖYÜBLƏR

Azərbaycanlı siyasi məhbus ailələrinə maddi yardım göstərdiyinə görə təbrizli fəal, mühəndis Məhəmməd Mehrfamı Təbriz zindanının ETTELAAT-ın nəzarətində olan 37-ci korpusuna çağırıb döyüblər.
80 yaşlı Məhəmməd Mehrfam bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq saatlarla fiziki təzyiq altında dindirilib.
Məhəmməd Mehrfam bundan əvvəl də azərbaycanlı siyasi məhbus ailələrinə göstərdiyi maddi yardıma görə dəfələrlə ETTELAAT-a çağırılaraq təhdid edilib, təzyiqə məruz qalıb.


ABŞ-ın MÜDAFİƏ NAZİRİ İRANA HƏRBİ HÜCUMUN GÖZLƏNİLMƏZ NƏTİCƏLƏR VERƏCƏYİNİ DEYİR

ABŞ-ın müdafiə naziri Leon Panetta noyabrın 10-da jurnalistlərə açıqlamasında İrana hərbi hücumun gözlənilməz nəticələr verəcəyini vurğulayıb.
, Leon Panetta deyib ki, İrana mümkün hərbi hücumdan əvvəl bu variantın xoşagəlməz fəsadları nəzərə alınmalıdır: “Hər hansı mümkün hərbi hücum İranın nüvə proqramını dayandırmaq əvəzinə bölgə üçün çox ciddi və gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu həm də ABŞ-ın bölgədəki hərbi qüvvələrinə ciddi təsir göstərə bilər. Mən bu məsələdə ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeytslə eyni fikirdəyəm. Hesab edirik ki, İrana qarşı hər hansı hərbi hücum Tehranın nüvə proqramını ən uzağı 3 il müddətinə qədər geri ata bilər.
ABŞ hökuməti İranla bağlı diplomatik danışıqlara üstünlük verir və bu ölkəyə qarşı sanksiyaları şiddətləndirmək üçün müzakirələr aparır. Lakin hərbi hücum son variant olaraq öz yerində qalır. Önəmli məsələ beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları gücləndirmək üçün bir-biri ilə əməkdaşlıq etməsidir. İranı başa salmaq lazımdır ki, tutub getdiyi yolu davam etdirmək ona çox baha başa gələcək”.


Hillary Clinton: "İran BMT-nin hesabatına cavab verməlidir"

ABŞ dövlət katibi Hillary Clinton İranı bir neçə gün ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatına cavab verməyə çağırıb.
O qeyd edib ki, Birləşmiş Ştatlar İrana qarşı yeni tədbirlər görmək üçün müttəfiqləri və tərəfdaşlarıyla müzakirələri davam etdirəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin ötən çərşənbə axşamı yaydığı yeni hesabatda İranın nüvə silahı üzərində işləməsinin əlamətləri olduğu bildirilir.
Tehran ittihamı rədd edir, hesabatın qondarma olduğunu deyir.


AYƏTULLAH XAMNEYİNİN QARDAŞI: “İNSANLARA DEMƏK OLMAZ Kİ, BİZ SİZİ ZOR GÜCÜNƏ DƏ OLSA CƏNNƏTƏ APARMAQ İSTƏYİRİK”

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin qardaşı Hadi Xamneyi jurnalistlərə açıqlamasında ölkənin böhranlı durumundan danışaraq dinc müxaliflərə qarşı təzyiqlərdən və ayrı-seçkilikdən gileylənib.
Hadi Xamneyi İranda islahat tərəfdarı kimi tanınır.
qarşıdan gələn parlament seçkisindən danışan Hadi Xamneyi deyib ki, növbəti seçkidə xalqın rəyinə hörmətlə yanaşmaq, saxtakarlığa yol verməmək lazımdır: “Seçki sağlam keçirilməli, başqa istiqamətə və nəticəyə yönəldilməməlidir. Seçkini hər hansı saxtakarlığa və kimlərinsə sui-istifadəsinə yol vermədən keçirmək lazımdır. Nəticə əvvəlcədən təyin edilməməli və seçkinin həqiqi nəticəsi nə olsa hamı onu qəbul etməlidir. Heç nəyi xalqa zorla qəbul etdirmək olmaz. Xalq necə istəyirsə elə də olmalıdır.
Əgər bir gün xalq nəyisə istəməsə onu zorla ona qəbul etdirmək düzgün deyil. İnsanlara demək olmaz ki, siz hamınız səhv yoldasınız və biz sizi zor gücünə də olsa cənnətə aparmaq istəyirik. Heç kəsin insanlarla belə rəftar etməyə haqqı yoxdur. Təəssüf ki, bu gün ölkədə əvvəlki şüar və meyarlara tam zidd bir vəziyyət hakim olub. Əgər sağlam və normal mühit yaratmaq istəyiriksə ölkədə çox şey dəyişməlidir.
Bu gün ölkədə bir qrup daima hakimiyyətdə qalmaq istəyir və başqalarının varlığına dözmür. Belə bir təfəkkürə sahib olanların öz rəqibini fiziki baxımdan meydandan çıxarmaq cəhdi qəbuledilməzdir. Hakimiyyətdəki qanadların heç birinin haqqı olmamalıdır ki, rəqibini meydandan çıxarmaq üçün özündən fitva çıxarıb qarşı tərəfi dinsizlikdə günahlandırsın. Yoxsa ki, hər kəs qarşı tərəfin dinsiz olduğu iddiasını irəli sürə bilər”.
Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed