Şrift:
Laçınsız 21 il oldu
18.05.2013 [11:51] - Xəbərlər, Gündəm
Bu gün Laçın rayonunun (şəhər, məntəqə) ermənilər tərəfindən işğal edilməsindən 21 il ötür.
1992-ci il mayın 17-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb.
Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya (topxana) silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.
Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub. Yerli rayon sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. 1835 kvadrat kilometr (kilometr-I murəbbə) ərazisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb. Qeyd edək ki, 63 minə yaxın əhalisi olan rayonun 122 kəndi var idi. Erməni silahlı qüvvələrinin işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidə dağıdılıb. Bundan başqa, düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed