21.05.2013 [16:44] - Mədəniyyət
Şirvan aşıq sənəti ilə bağlı yeni kitab işıq üzü görüb
Araşdırmaçı Yaqut Bahadurqızının «Mən Muradlar övladıyam» kitabı işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri namizədi Elxan Məmmədlidir. Kitabda Şirvan aşıq mühitinin tanınmış sənətkarı, əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Mərzəngəlinin ömür yolundan, yaradıcılığı və sənətkarlıq xüsusiyyətlərindən söz açılır. Eyni zamanda ziyalıların, sənət dostlarının onun haqında fikirləri oxuculara təqdim olunur. Yaqut Bahadurqızı kitabın girişində yazır: «İşlədiyim AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran Regional şöbəsində tez-tez maraqlı tədbirlər, ədəbi-bədii məclislər, yubiley, təqdimat mərasimləri keçiririk. Bu məclislərin çoxu ustad aşıqlarımıza,
el sənətkarlarına həsr olunur. Yəqin folklor tədqiqatçısı olduğumdan irəli gəlir bu münasibət. Bu məclislərin sözü-söhbəti, sorağı xeyli müddət gəzir dillərdə. Çünki məşhur xanəndələr, ustad aşıqlar, görkəmli alimlər, şairlər, yazıçılar olur qonaqlarımız. Sazın, sözün, muğamın hikməti zinət verir məclislərimizə. Məclislərimizə hər zaman aşıq Ağamurad şuxluq gətirər. Ən vacib işini, xeyir-şərini ertələyər, məclislərimizdən, dəvətimizdən qalmaz, özü də təmənnasız».
Kitabın redaktoru Elxan Məmmədli yazır ki, Şirvan aşıq məktəbi qədim köklərə söykənən şərəfli bir yol keçib: «XIII yüzilliyə söykənən mənbələrdə adları keçən Şirvanlı Molla Qasım, bir qədər sonralar aşıq Paşa, XVIII-XIX yüzilliklərdə aşıq İbrahim, aşıq Oruc, Kolanlı Mustafa, XX yüzilin əvvəllərində Şirvan aşıq məktəbinin atası sayılan, repressiya qurbanı Mirzə Bilal kimi ustad ozanlar həqiqətən Şirvan aşıqlığının sarsılmaz sütunlarıdır. Bu ölməzlər haqqında zaman-zaman araşdırıcılarımızın yazdıqlarından oxumuşuq. Ancaq Şirvan aşıqlığının tarixi mənzərəsini daha aydın təsəvvür etmək üçün çox işlər görmək gərəkdir. Repressiya qurbanı Salman Mümtazın başladığı, ancaq obyektiv səbəbdən axıra çatdıra bilmədiyi bu mövzu aktuallığını bu gün də itirməyib. Ancaq bu sahədə görülənlərə kölgə salmaq fikrindən çox uzağıq. Uzun illər çiyin-çiyinə çalışdığım «Dəmir Mürsəl» təxəllüslü müharibə əlili mərhum Mürsəl Mürsəlovun yazdığı «Şirvanlı Mirzə Bilalın həyat və yaradıcılığı» ilə bağlı dissertasiyası, filologiya elmləri doktorları, professor Əzizə Cəfərzadə, Cəfər Cəfərzadə, Rafael Hüseynov, Seyfəddin Qəniyevin araya-ərsəyə gətirdiyi onlarla kitablar Şirvan aşıq məktəbinə güzgü tutan yorulmaz tədqiqatçı əməyinin məhsulu kimi çox qiymətlidir. Son 10-15 ildə Şirvan aşıq məktəbinin görkəmli nümayəndələri ilə bağlı ciddi tədqiqatlar aparan alimlərimizdən filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun və jurnalist Tofiq Abdullayevin xidmətlərini də qeyd etməyi özümə borc bilirəm. Bu sahədə daha çox cəfakeşliyi ilə seçilənlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Yaqut xanım Bahadurqızıdır. Yaqut xanımın böyük can yanğısı ilə Aşıq Əhməd Rüstəmovun həyat və sənətinə həsr etdiyi kitabı ona ilk alim şöhrəti gətirdi. Şirvan aşıq məktəbinin görkəmli nümayəndələri ilə bağlı yazdığı məqalələr, nəşr etdirdiyi kitablar, təşkil etdiyi tədbirlər (Aşıq Əhməd, Aşıq Şakir, Aşıq Mirzə Bilal, Aşıq Əhliman, Şirvanlı Mahmud Ağa, Həsrət Hüseynov, Eynulla Cəbrayılov və b. təşkil etdiyi tədbirlər) bu gün də xatırlanmaqdadır. Kitab Şirvan aşıq məktəbinin çağdaş dəyərli nümayəndələrindən biri, kamil ustad dərsi almış istedadlı aşığımız Ağamurad İsrafilova həsr olunub.
Oxucular kitabı səhifələdikcə aşığın həyatı, yaradıcılığı və Ağamurad pərəstişkarlarının ürək sözləri ilə yaxından tanış olacaqlar. Aşıq Ağamurad elini-obasını, doğulduğu Mərzəngəli kəndindən başlayaraq böyük Azərbaycanımızı canı-dildən sevən bir vətənpərvərdir. Aşıq Ağamurad ustadı Aşıq Rzaya və onun şəxsində tanıdığı bütün ustadların adlarını uca tutmaqdan qürur duyan cavan aşığımızdır. Aşıq Ağamurad sənətə başladığı ilk illərdən el məhəbbəti qazanmağı bacardı. Bu, həm müsbət keyfiyyətlərlə, həm də Ağamuradın silsilə zənguləli, zəngin havacatlı olması ilə bağlıdır. O, bir çoxları kimi təkcə Şirvan aşıq məktəbinə məxsus olan hava və havacatlarla kifayətlənməyib, qərb aşıq məktəbinin havacatlarına da kifayət qədər bələddir. Dəfələrlə Ağamuradın «Orta sarıtel», «Baş sarıtel», «Mirzəcanı», «Dübeyt», «Qaraçı», «Qəhrəmanı» və s. havaları mükəmməl şəkildə ifa etdiyinin şahidi olmuşam. O, ustadlarından öyrəndiyi xalq dastanlarımızın bir neçəsini tamam-kamal mənimsəyən və bununla da aşıqlığımızı ürəklə, qeyrətlə yaşadan, bundan sonrakı ömründə də böyük uğurlara imza atmasını arzuladığımız aşığımızdır».
Yaqut xanım yazır ki, Şirvan aşığının başqa aşıq mühitlərindən fərqliliyi, özünəməxsusluğu onun muğam sənəti ilə sintezindədir. Xanəndə öz kiçik ansamblı — tar, kaman, qaval üçlüyü, aşıq isə saz, balaban, nağara üçlüyü ilə ayrılıqda fəaliyyət göstərsə də, sonralar bir-birinə yaxınlaşıb, qaynayıb-qarışıb, doğmalaşıb, böyük bir ansambl şəklində formalaşıb. Getdikcə müasirləşən ansambllarda aşıqdan, balabançıdan, nağaraçıdan başqa ayrıca olaraq xanəndə, zurnaçı, dəmkeş, qoşanağaraçı da fəaliyyət göstərib. Şirvan aşıqlarının bəstələdikləri, yaratdıqları saz havalarının sayı 20-dən artıqdır. «Peşrov», «Şəşəngi», «Şirvan şikəstəsi», «Əlicadi», «Sarıtorpaq şikəstəsi», «Qocaman şikəstə», «Qara qafiyə», «Qobustani», «Cığdan çıxmaz», «Ordubadi», «Gəraylı» və s. aşıq mahnıları əsrlərlə Şirvan məclislərinin bəzəyi olub.
Aşıq Ağamurad 1988-ci ildən sərbəst aşıq kimi el məclislərində çıxış edir. Həmin vaxtdan Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzib, özünə çoxlu pərəstişkarlar qazanıb. Səsi-sorağı radio dalğalarından, televiziya kanallarından, festivallardan gələn aşıq Şirvan aşıq mühitinin dastan, havacat repertuarına hərtərəfli yiyələnib, Şirvan aşıq məktəbini yaşadan uluların, dədələrin ruhunu sahdan qərib düşməyə qoymayıb. Şagirdləri Amil Çingizoğlunun, Rza Məmmədovun aşıq kimi yetişməsində səylərini əsirgəmir. O, ifaçı aşıq olmaqla yanaşı yaradıcılıqla da məşğul olur. 2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin Şirvan şöbəsinə rəhbərlik edir.
Aşıq Ağamuradın ədəbi irsi üzərində müşahidələrdən aydın olur ki, onun özünəməxsus poetik üslubu xalq şeirinin bütün mükəmməl ənənələrini özündə birləşdirməklə yanaşı, poetik gücünü xalqımızın qəhrəman keçmişi, mənəvi dəyərlərimiz, yurdun gözəllikləri, vətən və millət sevgisindən alıb.
O, həm özündən qabaq yaradılanları, həm də öz yaradıcılığını yaddaşında qoruyur, yaddaşlara ötürür, yayır, ona sosial mahiyyət qazandırır. Bu mənada o, informasiya daşıyıcısı və əsl sənətkardır. Aşıq Ağamurad Azərbaycan dastanlarından on birini bilir və onların Şirvan variantlarını məclislərdə, el şənliklərində yüksək sənətkarlıqla söyləyir. Aşıq Ağamuradın musiqi yaradıcılığı da var. «Qara qafiyə», «Güllü şəşəngi», «Yayma peşrev» və s. Şirvan havacatlarına yeni nəfəs verib, ilk olaraq o, ekranda, efirdə səsləndirib. O, hələ cavandır, yaradıcılığının çiçəklənən dövründədir».
Uğur

Bu xəbər oxucular tərəfindən 2040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |