Şrift:
VANQA
15.11.2011 [00:12] - Türkün şanlı tarixi
Ölümünə az qalmış adamlarla heç vaxt danışmazdı


Dünyanın altını da, üstünü də bilən bolqar qarı haqqında bilinməyən gerçəklər

“SSRİ adlı bir ittifaq olmayacaq”, “İnsanlar sağalmaz xəstəliklərə düçar olacaq”, “Kosmosda həyat başlanacaq, insanlar ora axışacaq”... Bu və bunun kimi milyonlarla proqnoz. Bizim üçün geridə qalan bəzi olayların proqnozunu isə hələ bir əsr öncə, Vanqa adlı öncəgörən deyirdi. Onun proqnozları məişət səviyyəsi ilə, itiyin tapılması, insanları gözləyən təhlükələrlə... məhdudlaşmırdı. O, dövlətlərin, prezidentlərin taleyini bir neçə il öncədən görür, deyir və hamını duyuq salırdı. Bəs kim idi bu məlum-naməlum Vanqa nənə?

Tükürpədici həyat hekayəsi

Vanqanın dəqiq doğum tarixi ilə bağlı ziddiyyətli məlumatlar olsa da araşdırmacılar 1911-ci il (Bolqarıstan) üzərində dayanıblar. Çox zəif olan, tələf olacağı gözlənilən bu qızcığaza hətta buna görə ad da qoymaq istəməyiblər. Amma sağ qalıb və valideynləri ona Evanqeliya adını qoyublar ki, daha sonra da qısaca Vanqa deməklə kifayətləniblər. Sonradan isə ailənin ağır həyatı başlayıb. Rəvayətlərə görə, 3 yaşında anasını itirib, atası bolqar ordusuna gedəndə ona qonşular baxıb, atası qayıdanda isə ona analıq da gətirib.

12 yaşında gözlənilməz bir burulğan (tarixi ədəbiyyatda sözügedən qasırğanın səbəbləri hələ də aşkarlanmayıb) Vanqanı təslim alıb və onu evdən 2 kilometr uzağa atıb. Qız torpağın altında qalsa da ölməyib, amma kor olub. Bununla da həyatı dəyişib. 1925-ci ildə onu korlar məktəbinə qoyublar, orada tikişi, rəsm çəkməyi, əlifbanı öyrənib. İlk sevgisini də orada yaşayıb. Hətta özü kimi kor olan sevgilisi ilə evlənmək də istəyib. Amma həmin vaxt analığı dünyaya uşaq gətirərkən öldüyü üçün onu korlar məktəbindən evə qaytarıblar - uşaqlara baxsın deyə.

Şəraitsiz evə qayıdan Vanqa burada daha da xəstələnib, az qala ölümlə üz-üzə gəlib, amma sağalıb. Ondan sonra həyatı daha da dəyişib. İnsanlar danışır ki, Vanqa ilk dəfə 1940-cı ildə uzun bir transa girib, 1941-ci ildə isə qəfildən kişi səsi ilə danışıb. Ardınca isə öncəgörmələrə başlayıb. Özünün danışdığına görə, insanları qəbul edərkən, yəni seans vaxtı otağa çoxlu mərhumun ruhu da daxil olur. Onlarla söhbətlər edən Vanqa beləcə seansa gələni nələrin gözlədiyini də danışır.

Bir seans üçün sovet adamından 2, xaricilərdən 50 dollar

Vanqanın konkret olaraq nə vaxtdan etibarən proqnoz verdiyi bilinmir. Amma atasına itən inəklərin yerini deməsi kor olandan bir neçə ay sonraya təsadüf edir. Vanqa ilk böyük proqnozunu isə 1930-cu ildə verib - II dünya müharibəsinin, ruslar üçün Böyük Vətən Müharibəsinin başlayacağını söyləyib. 1941-ci ildə müharibənin başlaması Vanqanın şöhrətinə şöhrət qatıb. Hətta o qədər ki, 8 aprel, 1942-ci ildə Bolqarıstan padşahı III Boris şəxsən özü ona baş çəkib. Vanqa o vaxt dövlət qulluqçusu kimi qeydə alınmışdı. Eləcə də Sovet İttifaqının görkəmli ekstrasensi statusunu qazanmışdı. Ayda dövlətdən 200 lev məbləğində (indiki pulla 20 dollara yaxın) maaş alırdı. Amma yanına gələn sovet vətəndaşları 2, xaricilər isə 50 dollar ödəyirdi bir seans üçün.

50 illik fəaliyyəti boyunca Vanqa milyona yaxın insanı qəbul edib. Özü isə bu qabiliyyətini sadə şəkildə izah edir: “Mənə heç kimin görmədiyi ilahi güclər kömək edir. Hansısa insan yanıma gəlib hekayəsini danışanda sanki beynimdə yeni bir pəncərə açılır və mən o pəncərədən baş verəcəkləri kino kimi izləyirəm”.

Məsələn, Vanqa ilk gündən iddia edirdi ki, 2000-ci ildə dünya dağılmayacaq. Vanqa özü isə sağlığında öz fitri qabiliyyətini belə izah edirmiş: “Hər şey 1941-ci ildə oldu. Hündür və çox gözəl bir rus kişi bir gün atı ilə bizim həyətə girdi. Sonra da mənim qaranlıq otağıma. Onda elə qəribə işıq vardı ki, bütün otağa işıq salırdı. Dedi ki, ”tezliklə dünyada hər şey dəyişəcək, çoxlu insan öləcək. Sənsə burda dayanıb insanlara baş verəcəkləri deyəcəksən. Mən sənin yanında dayanıb, hər şeyi izah edəcəyəm".

Vanqa ona müraciət edənlərdən həm də qənd alırmış. Gələcəyini öyrənmək istəyən əlində bir tikə qəndlə Vanqanın yanına gedir, sonuncu bu qəndi balışının altına qoyub bir gecə keçirir, növbəti gün isə proqnozunu açıqlayırdı. Maraqlıdır ki, Vanqa ölümünə az qalmış adamlarla heç vaxt danışmazdı.

Onunla bir evdə yaşayan qohumları isə deyir ki, ruhlar Vanqanın yanına gələndə o, tamam başqa adama çevrilirmiş. Həmin ruhların səslərini hətta otaqdakılar da eşidirmiş. Bu səslər adamlara gün ərzində nə işlə məşğul olduğunu, sabah nə edəcəyini deyir, Vanqa ilə söhbətləşir və gedirmiş. Onlar gedəndən sonra qarı rahat nəfəs alıb, “nəhayət ki, məni azad etdilər” deyirmiş.

Hitler Vanqanın evindən qaçıb, Stalin onu türməyə atıb

Vanqaya müraciət edən tanınmışlardan biri də Adolf Hitler olub. Müharibənin ortasında Vanqa ona “Rusiyanı rahat burax, onsuz da uduzacaqsan” desə də Hitler buna inanmaq istəməyib. Bu zaman öncəgörən onun mühafizəçilərini qonşu küçəyə yollayıb. Həmin küçədə bir buzov doğulurmuş, Vanqa doğulacaq buzovun bütün əlamətlərini söyləyib. Buzov Vanqanın dediyi əlamətlərlə doğulub, mühafizəçiləri bunu Hitlerə deyəndə isə o, Vanqanın evini dəli kimi tərk edib.

Stalinin ölümündən yarım il öncə Vanqa bunun proqnozunu versə də buna nəinki inanmamışdılar, hətta öncəgörəni buna görə türməyə salmışdılar. Vanqa rəhbərin ölümündən sonra azadlığa çıxa bilmişdi. 1963-cü ildə isə o, ABŞ-ın 35-ci prezidenti Con Kennediyə qarşı sui-qəsdin proqnozunu vermişdi. 1969-cu ildə Vanqa İndira Qandinin ölümünü, 1979-cu ildə isə Sovet İttifaqının dağılacağını irəlicədən görmüşdü.

O, pis adamlara kömək etmirdi

Maraqlıdır ki, Vanqa heç də ona müraciət edən hər kəsə yardım etmirdi. Gələn adamın niyyəti pisdirsə, öncəgörən bunu dərhal hiss edib həmin adamı qovurdu. Məsələn, xəstə bacısının ölümündən sonra guya yaşaya bilmədiyini deyən bir qadın Vanqanın kötəyindən dadmışdı. Öncəgörən duymuşdu ki, onu əslində ölən bacısının var-dövlətini gizlətdiyi yer maraqlandırır. Eləcə də mafiya, oğru-quldur tayfasının müraciətləri...

Vanqanın evlilik hekayəsi də ilginc olub. Bir gün Dmitr Quşerev adlı cavan bir oğlan ona qardaşının qatillərini söyləməsi üçün müraciət edib. Vanqa onun intiqam məqsədilə əlini qana bulayacağını bildiyi üçün bunu söyləməkdən imtina edib. Amma bildirib ki, onlar tezliklə ailə quracaqlar. Cavan oğlan kor bir qadınla evlənmək istəmədiyi üçün bu fikri özünə yaxın buraxmayıb. Amma bir müddət sonra Vanqanın yanından ayrıla bilmədiyini hiss edib və evləniblər. Cütlüyün uşağı olmayıb. Dmitr və Vanqa övladlığa bir oğlan və bir qız götürüblər.

SSRİ yaxın zamanlarda bərpamı olunacaq?

1981-ci ilin əvvəllərində Vanqa hələ yer üzünə məlum olmayan QİÇS, xərçəng, pnevmoniya, quş qripi kimi xəstəliklərin də proqnozunu verməyə başlayıb. Öncəgörən deyib ki, insanlar heç bir səbəb olmadan yolun ortasında bayılıb yerə yıxılacaq, xəstəlikləri şiddətlənəcək. Amma o, XXI əsrin əvvəllərində xərçəng xəstəliyinin zülalla zəngin dərmanının tapılacağına inanırdı.

1993-cü ilin əvvəlində isə Vanqa proqnoz verdi ki, SSRİ XXI əsrin ilk 25 ilində bərpa olunacaq. Ölümündən qısa müddət öncə isə bunları dedi: “Möcüzələr zamanı yetişəcək. Böyük arxeoloji kəşflərin şahidi olacağıq ki, bu da bizim dünya haqqında təsəvvürlərimizi darmadağın edəcək. Yer altındakı bütün gizli qızıllar üzə çıxacaq, əvəzində isə su olmayacaq. Tarazlıq bu cür yaranacaq”.

O ki, qaldı bizim nəvələrimizə, Vanqa deyib ki, 200 il sonra insanlar digər dünyalardakı insanlarla müqavilə, anlaşma imzalaya biləcəklər. Hətta o, yadplanetlilərin artıq bizim dünyada yaşadığını da dəfələrlə bəyan etmişdi.
Vanqanın proqnozlarında 2018-ci illə bağlı maraqlı məqamlar var. Öncəgörən deyib ki, həmin tarixdə neft tükənəcək, Yer də nəhayət ki, dincələcək. Bundan başqa, o, kosmosda həyat tapılacağını, bununla da Yerdə yaşamın necə yarandığının üzə çıxacağını proqnoz verib.

Vanqa necə öldü?

Alimlər hesablayıb ki, 55 illik fəaliyyəti boyunca Vanqanı 1 milyona yaxın insan ziyarət edib. Gələn adamların verdiyi pulları isə Vanqa Müqəddəs Pyotr kilsəsinə bağışlayıb. Bununla belə, Vanqanın din xadimləri ilə münasibətləri hər zaman gərgin olub. Dini baxımdan onun fəaliyyəti, reenkarnasiyaya (ölümdən sonrakı həyat) inanması din xadimlərini qəzəbləndirirdi.

Vanqanın ölümünə gəlincə isə insanları otlarla müalicə edən bu möcüzəvi qadın özü bu cür müalicədən imtina edirdi. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün Vanqa bir müddət həkim nəzarətində olub. 10 avqust, 1996-cı ildə vəziyyəti qəfildən yaxşılaşıb. Qohumlarının dediyinə görə, Vanqa bir stəkan su və çörək, ardınca isə onu çimizdirmələrini istəyib. Sonra isə “bax, indi mən qaydasındayam” deyib. Səhər saat 9-da isə qohumlarına deyib ki, bir azdan ölmüş qohumlarının ruhları onun dalınca gələcək. Saat 10-da isə planetin ən çoxbilmiş nənəsi həqiqətən də dünyasını dəyişib.

Bu qarı xəfiyyə idi, yoxsa tipik dələduz?

Amma Vanqa barədə tənqidlərdən də yan ötmək olmaz. Məsələn, əksər tənqidçilər hesab edir ki, Vanqa öz köməkçiləri ilə çox yaxşı işləyib. Köməkçilər onun yanına gələn adamlardan barələrindəki bütün informasiyaları alıb və bunu Vanqaya ötürüb. Bu, daha çox şarlatanlıq kimi qələmə verilib. Rusiyalı məşhur illüziya ustası Yuri Qornıy isə deyib ki, Vanqa bolqar xüsusi xidmət orqanlarının sadiq əsgəri olub sadəcə. Onun üçün informasiyaları isə taksi sürücüləri, çekistlər, otellərdəki xidmətçilər yığıb. Sonuncular Vanqaya görə ölkəyə axın edən turistləri araşdırmaq məqsədi güdüb. O ki, qaldı onun dediklərinin həyata keçməsinə, çox adam həyata keçənləri xatırlayır. Halbuki, dediklərinin bir çoxu heç doğrulmayıb da. Məsələn, o, dəfələrlə müharibə proqnozu versə də müharibə baş verməyib.

Vanqanın doğrulmayan proqnozlarından biri də guya 2010-cu ildə III dünya müharibəsinin başlayıb 2014-cü ildə yekunlaşmasıdır. Bu müharibə nəticəsində Avropa insanının yarıdan çoxunun öləcəyi də səslənən proqnozlar arasındadır. 2014-cü ildə Yer üzünün bütün insanlarının QİÇS-dən öləcəyi, 2033-cü ildə buzlaqların əriyəcəyi, 2043-cü ildə isə Avropanı müsəlmanların idarə edəcəyi proqnozlarını da yaddan çıxarmayaq. Onlar da doğrulmadı...
Bu xəbər oxucular tərəfindən 3624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed