Şrift:
Güney Azərbaycanın müstəqilliyi yenidən gündəmə gətirildi
29.05.2013 [10:47] - Güney Azərbaycan xəbərləri, Hüquq
Den Rohrabaher: «Biz bu mesajı göndərmək istəyirik ki, ABŞ Cənubi Azərbaycanın mütəffiqidir»



Amerikalı konqresmen Den Rohrabaher verdiy açıqlamasında növbəti dəfə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı mühüm fikirlər səsləndirib. Onun sözlərinə görə, İranda molla rejiminin tiran siyasəti tətbiq etdiyi bir vaxtda burada yaşayan xalqlar üçün indi ağır bir vaxtdır: «Mola rejimi Qərb, xüsusən də Birləşmiş Ştatlara müharibə elan edir.
Əmin olmaq istəyirik ki, Cənubi Azərbaycanda insanlar ABŞ-ın molla rejimi ilə bağlı siyasətinin mahiyyətinin nədən ibarət olduğunu, onlar fars olmadığını və orada bizə təbii surətdə dost olan insanların mövcudluğunu başa düşürlər. Biz bu mesajı göndərmək istəyirik ki, ABŞ Cənubi Azərbaycanın mütəffiqidir. Biz demokratiya və öz müqəddaratını gətirmək üçün birlikdə işləməliyik». Ümumiyyətlə, Cənubi Azərbaycan faktoruna dünya miqyasında, eləcə də Birləşmiş Ştatlarda diqqət və maraq getdikcə sürətlə artmaqdadır.
Bundan əvvəl də Den Rohrabaher İran azərilərinin öz müqəddəratını təyin etməsinə tərəfdar olduğunu bildirib və heç bir millətin istəmədəyi dövlətin tərkibində yaşamağa məhkum edilmədiyini vurğulayıb. Bunun ardınca ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" başlığı altında keçirilən dinləmədə də bu amilə diqqət yetirilib. Bir neçə tanınmış konqresmenin təmsil olunduğu dinləmədə, həmçinin, Azərbaycanın İranla münasibətləri və İran Azərbaycanında siyasi durum müzakirə olunub. Dinləmədə çıxış edən konqresmen Den Rohrabaher İran İslam Respublikasını "qanqster rejimi" adlandıraraq onun azərbaycanlıların hüquqlarını kobud şəkildə pozduğunu bildirib. O qeyd edib ki, bütün millətlər kimi, İran azərbaycanlılarının da azad olmaq hüququ var və bir amerikalı olaraq o, azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyir. Amerikalı konqresmen Azərbaycan hökumətini İrandan qorxmadığına görə alqışlayıb.
Ötən il isə o, Nümayəndələr Palatasına qətnamə təqdim edib və burada deyilir: "İranda yaşayan azəri xalqının öz müqəddəratını həll etmək və öz suveren ölkəsinə malik olmaq ixtiyarı var. Azəri xalqının əzəldən öz siyasi quruluşunu və ölkəsini seçmək haqqı var. Bu məsələ Vaşinqtondakı bürokratların yaxud İrandakı molla diktaturasının öhdəsinə buraxılmamalıdır. Azərbaycandakı etnik azərilərin suverenliyi və müstəqilliyi var. İranda yaşayan azəri əhalisinin eyni seçimi edə bilməməsinə heç bir əsas yoxdur. Bu prinsip İranda yaşayan bütün xalqlara şamil olunmalıdır”.
Konqresmen Rohrabaher sabiq dövlət katibi Hillari Klintona əvvəl yazdığı məktubda Azərbaycan yurdunun 1828-ci ildə azərilərin razılığı olmadan Rusiya və İran imperiyaları arasında bölüşdürüldüyünü bildirmişdi. O deyib ki, onun təqdim etdiyi qətnamə Birləşmiş Ştatları azərilər və İranda yaşayan başqa xaqlarla çiyin-çiyinə qoyur: «Əgər camaat İrandakı molla diktaturası tərəfindən idarə olunmaq istəmirsə, biz onların öz gələcəklərini referendum yolu ilə həll etməsini dəstəkləməliyik. Mən narazıyam ki, Dövlət Departamenti və Tehran azəri çoxluğun iradəsinə zidd çıxaraq İrandakı insanların eyni sərhədlər daxilində və vahid yurisdiksiya altında yaşamasına razılaşırlar. Mən İran hökumətini azəri əhalisinin öz gələcək dövlətini müəyyən etməsinə imkan vermək üçün referendum keçirməyə çağırıram».
İranda soydaşlarımızın ana dilində təhsil almaq hüququnun pozulması dəfələrlə gündəmə gətirilib. Xatırladaq ki, bir müddət əvvəl analoji məsələlər BMT-nin İranda insan haqları üzrə xüsusi hesabatçısı Əhməd Şahid tərəfindən də gündəmə gətirilib. Başqa sahələrlə yanaşı, İran Azərbaycanında baş verən hüquq pozuntularına diqqət yetirən cənab Şahid azərbaycanlıların İslam Respublikasının idarəçiliyi altında elementar mədəni hüquqlardan məhrum olduğunu vurğulayıb: "Azərbaycanlılar doğma ana dillərində mətbuata sahib deyillər. Azərbaycan türkcəsində vebsaytların fəaliyyəti qadağan olunub". Xüsusi hesabatçı qeyd edir ki, azərbaycanlılar öz ana dillərində təhsil hüququndan məhrumdur. Belə ki, İranda Azərbaycan türkcəsində məktəb yoxdur. Bunun nəticəsi olaraq ali təhsil səviyyəsinə görə farslarla qeyri-farslar arasında dərin uçurum mövcuddur. Güney Azərbaycandan olan soydaşlarımız da bəyan edirlər ki, İranda yaşayan azərbaycanlılar milli azlıq deyil, xalq statusundadır. Bu səbəbdən onların ana dilində təhsil almaq haqqı var. Lakin Tehran rejimi buna imkan vermək istəmir.


Səməd CƏFƏROV
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed