Şrift:
Könüllərdən könüllərə salam yetirən: İbrahimi Həvvas
15.11.2011 [00:29] - Türkün şanlı tarixi
Bu dəfə sizlərə Könül Sultanlarımızın öndə gələnlərindən İbrahim İsmayıl oğlu əl-Həvvasdan bəhs edəcəyik. Ona Əbu İshak da deyirlər. Cüneydi Bağdadi həzrətlərindən dərs alıb, Əbu Cəfər Huldi və Sürvanı Kəbirin isə müəllimi olub. Yüksək mövqe və kəramətlər sahibi imiş. Əslən Bağdadlıdır. 903 (H. 291) ilində Rey Məscidində vəfat edib. Həvvasın mənası xurma yarpağından zənbil hörən deməkdir. Hər kəs tərəfindən mədhedilmiş, özünə təvəkkül edənlərin rəisi deyilmişdir. Həmişə hikmətli söhbətlər edərmiş. Bir çox səfərlərdə olmuş. Dəfələrcə Məkkəyə gedib. Səfərə çıxdığı zamanlarda və başqa vaxtlarda iynə, iplik, qayçı və su qabını yanından əskik etməzmiş.

Çağırılan bütün dəvətlərə gedərmiş, lakin bir şey yeməzmiş. Getdiyi yerlərdə insanlara nəsihət verərmiş. Dəvətli olduğu yerdən evinə döndüyündə evində yeyiləcək bir şey olmazmış, bu səbəblə nə yeyib, nə içdiyi bilinməzdi. Tələbələrindən biri belə söyləyir: İbrahimi Həvvas həzrətləri ilə yola çıxmışdıq. Yola çıxarkən buyurdu ki: “Yol boyunca ikimizdən birinin rəis olması lazımdır. Yollardakı işlərin idarəsi onun əlində olacaq” dedi. Mən də, “Rəis, siz olun əfəndim” dedim. Müəllimim “Rəis olsam, mənim sözlərimə etiraz etməyəcəksən” buyurduğunda, “Yaxşı, baş üstə əfəndim” dedim.

Yolumuza davam etdik. Yolda bir evə gəlincə “Otur!” dedi. Quyudan su çəkib, mənə verdi. Odun gətirdi, ocaq çatdı. Nə vaxt bir iş edəcək oldumsa icazə vermədi. “Əgər rəis mənəm, mənəm dediyim olacaq” söylədi. Yolda şiddətli bir yağışa tutulduq, arxalığını çıxarıb, səhərə qədər ayaqda üstümə tutdu. Çox sıxılırdım. Səhər olunca, “Kaş ki rəis mən olsaydım” dedim. Yolumuza davam edib, Həccə getdik. Həccdən sonra mənə: “Övladım, rəis olduğun zaman sənə etdiyim kimi edərsən. Rəis, başqalarına xidmət etdirən deyil, onlara xidmət edən, onların dünya və axirət səadəti üçün çalışan kimsədir. Rəis, başqalarından gələn çətinliklərə sevərək dözən insandır” dedi.

İbrahimi Həvvas həzrətləri bir gün Bağdadda salehlərdən bir neçə adamla birlikdə, bir yerdə otururmuş. O əsnada yanlarına bir gənc gəlir. İbrahimi Həvvas həzrətləri yoldaşlarına buyurur ki: “Bu gəncin yəhudi olduğunu zənn edirəm” . Yoldaşları onun fikrinə çox da fikir vermirlər. Gənc gəlib oradakılardan İbrahim Həvvası göstərərək soruşdu: “Bu şəxs mənim üçün nələr söylədi?” Onlar da; “Sənin yəhudi olduğunu söylədi” dedilər. Gənc, dərhal İbrahimi Həvvas həzrətlərinin əllərinə sarılıb, Kəlmeyi-şəhadət gətirərək müsəlman olur. İbrahimi Həvvas həzrətləri gəncdən müsəlman olmasının səbəbini soruşdu. Gənc; “Əfəndim, biz kitabımızda belə oxuduq ki: Sıddiq, yəni həqiqi bir müsəlmanın əməllərində səhv olmaz. Öz özümə müsəlmanları sınamaq istədim və dedim ki: Müsəlmanlar arasında sıddiq olanlar tapıla bilər. Çünki onlar; “Biz Allahu Təaladan başqa hər şeyi ürəyimizdən çıxararıq” deyirlər. Bax, bu düşüncə ilə sizin yanına gəldiyimdə, mənim yəhudi olduğumu dərhal anladınız. Buradan da sizin sıddiq olduğunuzu anladım. Bunun üçün müsəlman oldum” dedi.

İmanın həqiqəti Allahdan başqasına güvənməməkdir

“İmanın həqiqəti nədir?" deyə soruşan birinə; “Bu sualınızın cavabı sözlə deyil, yaşayaraq, görərək verilər. İndi mən Məkkei mükərrəməyə gedirəm. Əgər mənimlə gələrsənsə, səfərdə sualının cavabını alarsan” deyə buyurur. O şəxs deyir ki: İbrahimi Həvvas həzrətlərinin təklifini qəbul etdim. Yola çıxdıq. Səfərimizin hər günündə, iki qab yemək ilə iki stəkan su qeibdən zühur edirdi. Yeməklərin yarısını mənə verir, digərini də özü üçün ayırırdı. Bir gün çölün ortasında atlı bir ixtiyar yanımıza gəldi. İbrahimi Həvvas həzrətləriylə bir az söhbət etdilər. Sonra atına minərək uzaqlaşdı. “Əfəndim, bu gələn qoca kim idi?” dedim. “Səfərimizin başlanğıcında mənə soruşduğunuzun cavabıdır” buyurdu. Mən “anlaya bilmədim əfəndim” dəyincə, o da; “Bu gələn şəxs, Xıdır əleyhissalam idi. Səninlə birlikdə səfər edək deyə təklif etdi. Allahu Təaladan başqasına güvənmək, etimad etmək kimi bir hal olar, təvəkkülüm pozular deyə qorxduğum üçün, təklifini qəbul etmədim. Bu da soruşduğunuz imanın həqiqəti, Allahu Təaladan başqasına güvənməməkdir” buyurdu.

İbrahimi Həvvas həzrətləri, çayın kənarında xurmalıqların olduğu bir yerdə oturub, xurma liflərindən zənbil hörür, hördüyü zənbilləri də qeyri-ixtiyari çaya atarmış. Bu hal dörd gün davam edir. Sonunda bu işin hikməti nədir? Mən nə üçün belə etdim? deyərək çayın axınına doğru getməyə başladı. Az getmişdi ki, çayın kənarında oturub ağlayan yaşlı bir qadına rast gəldi. Qadına “Ana, nə üçün ağlayırsan?” deyə soruşduqda, qadın; “Övladım! Beş yetim uşağım var. Onlara yedirəcək heç bir şeyimiz qalmadı. Dörd gündür bu çayla zənbillər axıb gəlirdi. Onları satıb dolanışığımızı təmin edirdik. Bu gün gəlmədi” deyə cavab verdi. Bunları eşidən İbrahimi Həvvas olanların hikmətini anladı və qadına; “İndi sən rahat ol, evinizi mənə göstər, dolanışığınızı mən həll edəcəyəm” deyir.

Hamidi Əsvəd həzrətləri nəql edir: İbrahimi Həvvas həzrətləri ilə birgə yeddi gün səfər etdim. Yeddi gün ərzində heç bir şey yeyib içmədim. Sonra gedəcək taqətim qalmadı. Vəziyyətimin fərqinə vararaq buyurdu ki: “Övladım! Sənə nə oldu?” Mən də; “Əfəndim! Gedəcək halım qalmadı” dedim. O, “Acdınmı, susadınmı?” deyə soruşdu. “Susadım” dedim. Bu sözüm üzərinə, “Bu çaydan su iç də gəl” dedi. Dərhal çaya vardım. Suyundan içib, sonar da dəstəmaz aldım. Həyatımda bu qədər şirin və soyuq su içməmişdim. Özü gəlib içmədi. Daha sonra arxama dönüb baxdığımda, su içdiyim yerin qupquru bir düzənlik olduğunu gördüm. Ortalıqda çay - filan yox idi.

İbrahimi Həvvas həzrətləri bir dağda ibadət edirmiş. Bir gecə yarısı dərəyə dəstəmaz almağa getdiyində qarşısına bir aslan çıxır. Aslan ağrılar içində qıvrılırdı. Boyunu bükərək ayağını göstərir. Ayağına daş batmış və iltihablamışdı. İbrahimi Həvvas həzrətləri bıçağını çıxarıb, aslanın ayağını yararaq yaranı təmizləyir və sarıyır. Aslan fəsih bir dillə öz təşəkkürünü bildirir.

Mimşadı Dineveri söyləyir ki: “Bir gün gecə vaxtı bayıra çıxıb, bir təpəyə vardım. Şiddətli soyuq vardı və çox qar yağırdı. Baxdım ki, İbrahimi Həvvas həzrətləri orada oturur. Üzərində yalnız bir köynək var. Ətrafına düşən qar dərhal əriyirdi və oturduğu yer çox quru idi. Mənimlə görüşdü, əllərinin istiliyi ilə mənim əllərim tərlədi. Bir az söhbət edib ayrıldıq”.

İbrahimi Həvvas tələbələrindən Əbu Həsən adında birinə “Bir yerə gedəcəyəm. Sən də gəlirsənmi?” deyir. Həsən: “Yaxşı əfəndim, icazə versəniz evdən ayaqqabılarımı geyib gəlim” - deyib evə gedir. Evə çatdığında “kaygana” adlı yeməyin hazır olduğunu görüb ondan bir az yeyir. Sonra müəlliminin yanına gəlir və yola çıxırlar. Bir çaydan keçəsi olurlar. İbrahimi Həvvas çay üzərində getməyə başladı. Arxasından tələbəsi də getmək istəsə də, suya batdı. Bunu görən müəllimi geri dönüb “Nə oldu. Yoxsa, “kaygana” ayağınamı dolaşdı?” deyincə, tələbə həm ustadının su üstündə yeriməsinə, həm də onun evdə olarkən yemək yediyini anlamasına heyrətlənir.

Vəfatından əvvəl xəstələnir. İshala tutulmuşdu. Üstü çox çirklənirdi. Təmiz olaraq ölmək istəyirdi. Bunun üçün hər dəstəmazı pozulduğunda qüsl dəstəmazı alır, iki rükət namaz qılır təkrar dəstəmazı pozulurdu. O gün altmış dəfə qüsl dəstəmazı alır. Ən sonunda qüsldan sonra vəfat etdi. Vəfatından sonra onu yuxuda görənlər; Allahu Təala sənə necə rəftar etdi dedilər. O da: “Etdiyim ibadətlər və göstərdiyim təvəkkül, mənə verilən nemətlərə qarşı çatmadı. Ancaq dünyadan köçdüyüm sıralarda qüsl dəstəmazı alaraq təmizlənməm, Allahu Təalanın qatında məqbula keçib. Bu təmizlik səbəbiylə Cənnətdə ən yüksək mövqelərə çıxardılar və belə bir səs; “Ey İbrahim! Sənə edilən bu ikram, hüzurumuza təmiz olaraq gəldiyindəndir. Burada təmizlər üçün, fövqəladə böyük mərtəbələr, mövqelər vardır” deyirdi.

ALLAHU TƏALA BİLDİRİR

Özü nəql edir: Bir zaman Şam ətrafındaydım. Nar ağacı gördüm, şirin nar yemək arzu edirdim. Lakin gördüyüm narlar turş olduğu üçün, yeməyib səbr etdim. Şirin nar tapdığım zaman yeyərəm deyib, yoluma davam etdim. Bir yerə varınca əli, ayağı olmayan, zəif, halsız, yaralı bir kimsə gördüm. Yaralarına qurd düşmüş, hətta bir çox eşşək arısı yaralarına hücum etmiş, yazığa iztirab verirdilər. Onun bu çarəsiz halına ağrıyaraq, yanına çatıb; “Bu haldan xilas olmaq istərsənmi?” dedim. “Yox!” dedi. Mən heyrətlə “Nə üçün?” dedim. “Sağ-salamat olmaq nəfsimin arzusudur. Bu halda olmam isə Rəbbimin muradıdır. Onun muradının əksinə bir şeyi Ondan istəmək, qulluğuma yaraşmaz, təqdirinə razı olmaq, əlbəttə mənim üçün xeyirlidir” dedi. “İcazə ver, heç olmazsa arıları səndən uzaqlaşdırım, sənə çox iztirab verirlər” söylədim. “Onlar mənə iztirab verdikcə, mənim halım daha xoş olur. Ey Həvvas! Sən mənim çəkdiyim çətinlikləri, eşşək arılarını boş ver, sən şirin nar yemək arzusunu özündən uzaqlaşdırmağa bax” dedi. “Bütün bunları haradan bilirsən?” dedim. “Allahu Təala bildirir.” Sonra ondan icazə istəyib yoluma davam etdim.

KAYSERİNİN QIZI

İbrahimi Həvvas həzrətləri söyləyir ki; “Bir il Həccə getməyə niyyət edərək yola çıxdım. Nə vaxt Kəbəi Şərif tərəfinə getmək istədimsə, qeyri ixtiyari əks istiqamətə doğru gedirdim. Allahu Təalanın iradəsi məni bu tərəfə çəkirdi. Ən sonunda İstanbul tərəfinə getməyə qərar verdim. Şəhərə girdiyimdə yüksək bir köşk gördüm. Qapısı qarşısında, bir qisim insanlar toplanmışdı. Yaxınlaşaraq: “Nə üçün toplandınız?” deyə soruşdum. Onlar da, “Rum Kayserinin qızı havalanmış, əlac tapmaq üçün bütün həkimlərini bura yığıb” dedilər.

Bəlkə də burada bir hikmət var deyib içəri girdim. Otaqda Kayserin qızını gördüm. Mənə baxaraq “Ey İbrahimi Həvvas! Xoş gəldiniz” dedi. Mən, heyrətlənərək, “məni haradan tanıyırsınız?” deyə soruşduqda mənə; “canımı canana təslim etmək istədim və Haqq Təaladan sevdiyi bir qulunu yanımda saxlamasını niyaz etdim. Kədərlənmə, sabah İbrahimi Həvvas dostum sənə göndərilər buyuruldu” dedi. Belə olduğu halda İbrahimi Həvvas həzrətləri, “Yaxşı xəstəliyiniz nədir?” deyə soruşduğumda qız; “Bir gecə çölə çıxıb, ibrət nəzəri ilə səmaya baxdım. Allahu Təala həzrətləri, məni məndən aldı. Özümdən getdim. “La ilahə illəllah Məhəmmədin rəsulullah” sözü dilimə, mənası ürəyimə gəldi. Bu sözü dilimdən düşürmədim. Bu səbəbdən halıma dəlilik, mənə də dəli, dedilər” deyə cavab verdi. O zaman mən; “Bizim diyara gəlmək istərsənmi?” dəyincə, o da; “Sizin diyarda nə vardır?” dedi. “Məkkə, Mədinə, Beytülmüqəddəs oradadır” deyə cavab verincə, “Sağ tərəfinə bax” dedi. Baxdım, bir düzlükdə Məkkə, Mədinə və Beytülmüqəddəsi qarşımda dayanır gördüm. Az sonra mənə: “Vaxt yaxınlaşdı, istək və arzu həddi aşdı” dedi və Kəlmeyi-şəhadət gətirib ruhunu təslim etdi.

QARDAŞIN XIDIRIN SALAMI...

İbrahimi Həvvas həzrətləri, Mədinəyə Peyğəmbər əfəndimizin Qəbiri Şərifini ziyarətə gedirmiş. Səhrada heyvanlar susuzluqdan az qalsın ölsünlər. Yanında olan bir qayaya əli ilə vurdu və Allahu Təalanın lütfkarlığıyla oradan su fışqırdı. Bütün heyvanlar oraya gəlib su içdilər. Yanına bir şəxs gəlib soruşdu: “Hara gedirsən?” İbrahimi Həvvas da, “Rəsulullah əfəndimizin qəbirini ziyarət etməyə” dedi. Həmin adam: “Bizdən də salam deyərsənmi?” dəyincə, İbrahim Həvvas, “olar, amma kimin salamı var deyəcəyəm?” dedi. O gələn də: “Qardaşın Xıdırın salamı var deyərsiniz” dedi.

İbrahimi Havvas buyurur ki:
“Əsas alim, elmi ilə əməl edəndir.”

“Ürəyin dərmanı beşdir: Qurani Kərim oxumaq və Qurani Kərimə baxmaq, mədəni boş tutmaq, gecə qalxıb ibadət etmək, səhər vaxtında ağlayıb sızlamaq və yaxşılarla birlikdə bulunmaqdır.”

“Bir müsəlman, Allahu Təalanın əmr və qadağanlarına nə qədər diqqət yetirib tətbiq edirsə, Allahu Təala da onu o dərəcə əziz edər. Digər müsəlmanların ürəyinə də onun sevgisini verər.”

“Sadiq kimsəni ya üzərinə fərz olan bir ibadəti edərkən və ya nafilə bir ibadətlə məşğul olarkən görərsən. Bunun xaricində başqa bir halda görməzsən.”

“Elmin hamısı iki şeydən ibarətdir: 1) Allahu Təalanın, əzəldə, sənin üçün təqdir etdiyi ruzi üçün narahatlıq etmə. 2) Allahu Təalanın əmr və qadağanlarına riayət et.”

“Başqasına əl açacaq vəziyyətə düşmək, müsəlmana yaraşmaz.”

“Bir kimsə, baş olma sevdasına qapılsa, artıq ibadətdən, ixlasdan sıyrıldı deməkdir.”

“Yaxşı insanların, bütün varlığı ilə bağlı olduğu muradı, məqsədi, Allahu Təala olmalıdır. Doğru, sadiq, kəslərlə yoldaş olmalıdır. Aclıq, yaxşı insanın qidası, ibadət ruhunun bəzəyidir.”


Könül Sultanlarının iziylə: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed