Şrift:
Tehran niyə Bakı əleyhinə terror qrupları hazırlayır?
31.05.2013 [11:39] - DAVAMın yazıları
Azərbaycanın tarixindəki böyük yalan: “Türkmənçay” müqaviləsi

Heç bir ölkənin İran qədər Azərbaycanın iç işlərinə müdaxilə etmə gücü və imkanı yoxdur. Hətta Rusiyanın da belə imkanı yoxdur. Rusiya üstün hərbi imkanları ilə Azərbaycanı təhdid edə bilər. Azərbaycan əhalisinin tarixi və sosial-dini psixologiyasında mövcud olan imkanlar İranın əlini təxribat törətmək üçün açıq buraxmaqdadır. Bu imkanı da İrana verən Azərbaycanın şiə əhalisinin inancıdır. Çünkü şiəliyin mərkəzi İrandır. Şiə inancına görə hər bir şiə bir mərcəi-təqlidə (bir ayətullaha) təqlid etməlidir. Yəni özü düşünməməlidir, düşünən mollanın düşüncələrini sosial həyatda tətbiq etməlidir. Bu, şiənin özəlliyi və tarixi psixologiyasıdır. İran mollaları bunun fərqindədir. İran yaxşı bilir ki, Azərbaycan şiə əhli öz ruhunu, ağlını təslim edəcək bir molla axtarmaqdadır. İran istəməsə də, Azərbaycanın şiə əhalisi belə könüllü köləlik arxasınca gedəcək. İraqda olduğu kimi. İraqdakı şiə əhali ərəbləşmiş farslar və ya əski Sasani ölkəsinin yurddaşlarıdır. Çünkü indiki İraq Sasanilərin mərkəzi ərazisi idi. Əski Sasani nostalgiyası və şiənin qalasının İran olmasına görə, İraq şiələri İrandan yana hərəkət etməkdədirlər. Çox maraqlıdır ki, İraq türkmən şiələr də öz milli haqlarını savunmaq yerinə Sistani kimi İran mollalarının fətvalarına görə hərəkət edir, İran mərkəzli dünya şiə mənafeyini müdafiə edirlər! Azərbaycan şiələri də Səfəvi dövlətinin quruluşundan və Şah İsmayılın soyqırım törədərək xalqı dindən çıxarıb şiələşdirdiyi gündən bəri ruhən İrana və İrançı kimliyə təslim edilmişdir. Məhərrəmlikdə sinə və zəncir vuran, baş yaran bu izdihamın hamısı ruhən İran əsgərləridir. Onların dini və mərsiyyə ədəbiyyatı da İrandan təmin olunur. Sayıları az da olmayan Azərbaycandakı bu çoxluq İranın işinə yaramaqdadır. Bu çoxluğu İran görünməz yollarla yetişdirir. Belə izdihamlar və kütlə hərəkətləri heç bir zaman düşünməz, çünkü düşünmək kütləvi hərəkət deyil, fərdi hərəkətdir. Zatən düşünən bir insan zəncir və sinə vurub, başını yarmaz. İslamın kitabı Qurandır. Quranda yazılmayıb ki, zəncir və sinə vurub başınızı yarın! Yazmış ki, oxuyun, kainata baxın və düşünün! Qurandan qopuq bir din anlayışı İranın işinə çox yaramaqdadır və bunun kökü IX əsrdəki şüubiyyə hərəkətinə dayanmaqdadır. Yəni Sasani dövləti məğlub edildikdən sonra farslar milli İslam yaratmaq istədilər. Bu istəkləri şüubiyyə adı ilə tarixə girdi. Şüubiyyə İslamda çox təhriflər edərək fars İslamı inşa etdi ki, indiki İranda olan İslam da şüubiyyə İslamıdır. İndi İran Azərbaycanda şüuubiyyə İslamını canlandırmağa çalışmaqdadır. Çünkü bu yolla bu izdiham Qurana deyil, ayətullaha inanacaq. Düşünməyən və sürüləşməkdən xoşlanan əhali bütün toplumlarda vardır. Azərbaycandakı bu əhalinin varlığı Azərbaycan dövlətçiliyinə qarşı və İrani kimlikdən yanadır. Bu baxımdan ölkənin içində və tarixində var olan bu sürülər gələcəkdə İranın təhriki ilə Azərbaycan üçün böyük təhlükə törədəcəklər. Bunlar cismən Azərbaycanda yaşasalar da, ruhən İran-fars kimliyinə bağlıdırlar. Davranışları ilə də bunu göstərməkdədirlər. Çünkü təqlidləri İran ayətullahlarınadır. Bu üzdən də bu izdihamın danışdığı dilə diqqət etsəniz, hər gün bir az daha Ərdəbilin farsizə edilmiş türkcəsinə bənzəməkdədir. Çünkü hər kəsin və qrupun dili onun mərifətini göstərər. Bu çoxluğun mərifətinin qaynağı İran olduğu üçün, dil də, düşüncə də, fikir də iraniləşməkdədirlər. İran molla-kapitalist düzəni bunun fərqindədir. İran molla-kapitalist düzəni bilir ki, Azərbaycanda ruhunu irancılığa təslim edəcək böyük qələbəlik var və bunu yaxşı yetişdirib təşkilatlandırmaq lazımdır. İranın ”Səhər” tv kanalı sırf bu qələbəliyi fikrən gələcək İran planları üçün hazırlamağa çalışmaqdadır. İranın sekulyar dövlət deyil, şiə cümhuriyyəti olması da buna hər növ yardım və yataqlığı sağlamaqdadır. İslam Cümhuriyyəti deyil, şiə cümhuriyyəti dedim. Çünki İranın Ana yasasında rəhbər və prezidentin müsəlman olması gərəkdir deyil, şiə olması gərəkdir yazılıb. Şiə-fars-şüubiyyə məzhəb anlayışı İslamın digər məzhəblərini qəbul etməz. Tehranda sünnilərin hətta bir məscidi belə yoxdur. Ramazan bayramında Tehran sünniləri Pakistan səfirliyinin camisində namaz qılırlar.

Suriya, İraq, Livan, İran mehvəri dünyada şiə mehvəri olaraq bilinməkdədir. İran Azərbaycanı da bu mehvərin içinə salmağa çalışır. Lakin Azərbaycan dövləti dünyəvi dövlət olduğundan buna imkan yoxdur. O zaman İran dövləti deyil, Azərbaycan xalqının duyğularını öz yanına çəkmək istəyir.

İran qulağının dibində demokratik ölkə istəmir

Azərbaycanda İranın bu təxribatına qarşı əngəl olacaq iki amil var: 1- Azərbaycanda modern bir nəsil var. Bu modern nəsil İranın şiə təbliğatına uymaz, uya bilməz. 2- Azərbaycan əhalisinin hamısı şiə deyil. Əhalinin təqribən 30-40 faizi müsəlmandır. Bu əhali də İranın şiə propaqandası qarşısında ən böyük əngəldir. Həsən bəy Zərdabi kimi maarifçilər və Azərbaycan dövlətini quran aydınlar da bu türk müsəlmanlarından idilər. 1918-ci ildə Azərbaycan adında bir ölkə qurulduğunda İran və molla-feodal sinfi rəsmən etiraz etdilər. Ancaq müsəlman Osmanlının dəstəyi ilə sekulyar aydınlar milli dövlət qura bildilər. Yəni İranın Azərbaycan varlığına qarşı çıxması yeni hadisə deyildi. 1918-ci ildə şiə əhali Bakını və yurdunu ermənilərdən müdafiə etmək əvəzinə, yenə də o dövrün İran mollalarının təlqini ilə başlarını yarırdılar.
Bu reallıqları göz önündə bulunduran İran Azərbaycanda öz strateji mənafeyi yolunda bəlli qrupları fikrən təlim edib yetişdirməkdədir. Çünkü modernləşən, qərbləşən Azərbaycanın siyasi seçimi bəllidir və avropalaşmaqdan yanadır. Bu da İran üçün ən böyük təhdiddir. Çünkü əhalisinin böyük qismi türk olan İran xalqı qulağının dibində demokratik bir ölkəni örnək götürə bilərlər.

Çox maraqlı bir mövqe var. İran xalqı sekulyar bir rejim istədiyi üçün diqqətini Türkiyə və Azərbaycana yönəltmişkən, Azərbaycanın şiə fanatikləri də diqqətini İrana yönəltməkdədir. Türkiyə böyük dövlət olduğu üçün İran ona bata bilmir. Azərbaycanın varlığını isə, əsla qəbul etmədiyindən onu öz içindən iranlaşdırmağa çalışır, şiə fanatizmini gücləndirir. Azərbaycan aydınlarının qətli üçün Qum və Tehran mollaları fətva çıxarırlar. Rafiq Tağının öldürülməsi üçün fətva vermişdilər və Azərbaycandakı şiə fanatiklərin onu öldürdüyü böyük ehtimalların içindədir. Zatən bu qətldə İran xəfiyyəsinin ustalığı və təşkilatçılığı olmasa idi, indiyə qədər cinayəti törədənlər çoxdan tapılmışdı. Göründüyü kimi tarixi hissiyat və ictimai-dini duyğular baxımından Azərbaycanın İrandan asılılığı var.

Bu üzdən də İranın müdaxiləsi hər gün bir az daha artacaq. İran özü üçün Azərbaycanda terrorist qruplar yetişdirməkdədir. Ancaq bunlardan uyğun zamanda faydalanacaq. Örnəyin, Amerika-İran savaşı olarsa, İran xəfiyyəsi bu terrorçu şiə qruplarına intihar əməliyyatından başlamış hər növ əməliyyata girişmələri üçün əmr verəcək. Amerikanın, İsrailin, Türkiyənin və Azərbaycanın öz strateji mərkəzlərinə qarşı bu terrorçular əməliyyat düzənləyəcəklər. Bunlardan bir qismini dövlət neytrallaşdırıb. Ancaq İran xəfiyyəsinin təşkil etdiyi böyük qruplar yeraltı fəaliyyətdədirlər.
Bu, Azərbaycan əhalisinin İrandan asılı olan dini duyğuları idi. Bir də Naxcıvan mövzusunda Azərbaycanın İrandan asılılığı vardır. Naxçıvanla Azərbaycan arasında qaradan yol olmadığından yük maşınları İran ərazisindən dolaşıb getmək məcburiyyətində qalır. Bu da Azərbaycan dövlətinin İranla münasibətlərində daha sərbəst davranmasına mane olmaqdadır. İran bunun fərqindədir. Bu üzdən də Azəbaycan üzərində Türkiyə ilə yarışan Tehran ikili standartlarla politika yürütməkdədir. İran Azərbaycanla Türkiyə arasındakı yaxşı münasibətlərdən çox narahatdır. Vizanı qaldırması da sırf bu üzdən olmuşdu, yəni öz görüşlərinə görə Azərbaycanı Türkiyəyə qapdırmaq istəmir. Ancaq İrana gedən Azərbaycan yurddaşlarını incitməkdən, tutuqlamaqdan da əl çəkmir. Bu hadisələrə gələcəkdə daha çox şahid olacağıq.

Nə 17 şəhər var, nə də “Türkmənçay”la bölünmüş Azərbaycan

Azərbaycan-İran arasındakı tarixi sorunları bir də başqa bucaqdan baxaraq incələyək:
Azərbaycan-İran münasibətləri son 20 ildə baş verən və günümüzdə davam edən gərginliklərə rəğmən, demək olar ki, hələ daha yaxşı vəziyyətdədir. Çünkü bu iki ölkənin münasibətləri gələcəkdə daha da gərginləşəcək. Gələcəkdəki gərginliyin ölçüsünü göz önündə bulundurduğumuzda iki ölkə arasındakı indiki durum xoş günlər kimi xatırlanacaq. Bu gərginliyin səbəbini iki dövlətin varlıq fəlsəfəsində axtarmaq gərəkir. İranın tarix kitablarında şagirdlərin şüur altına yerləşdirirlər ki, 17 Qafqaz şəhəri İranın bir parçası olmuş və ruslar tərəfindən ana vətən İrandan qoparılmışdır. Azərbaycandakı tarix kitablarında da şagirdlərə bunun tərsi tədris edilir. Azərbaycanda da uşaqlara öyrədilir ki, Bütöv Azərbaycan olmuş və bu Bütöv Azərbaycan İran-Rusiya arasında parçalanmışdır. Hər iki ölkədə insanlar bir-birinə qarşı güvənsizlik duyğuları ilə tərbiyə edilməkdədir. Əslində isə hər iki tərəfdə də öyrədilən tarix bilgiləri yalan və iftiradan başqa bir şey deyildir. Nə İranın 17 şəhəri işğal edilmişdi, nə də Azərbaycan adında bir ölkə parçalanmışdı.

Mövcud “Gülüstan” və “Türkmənçay” müqavilələrinin bəndlərinə baxdığımızda hər iki ölkənin iddialarının yalan olduğu ortaya çıxır. Yalan da hər zaman fitnə, sıxıntı və problem yaradır. Hər şeydən öncə hər iki ölkə bu yalandan vaz keçməlidir və tarixi doğruları öz yurddaşlarına tədris etməlidirlər. Lakin İran kimi, Azərbaycanın da bu yalandan vaz keçməsi qeyri-mümkün olaraq görünməkdədir. Azərbaycanda uydurulmuş bir iftiraya toplumun çoxu inanmış ki, Şah İsmayıl Bütöv Azərbaycan dövləti qurmuşdur. Hər iki tərəfdə topluma sırınan bu yalanlar özü-özlüyündə sıxıntılı durum yaradır. İki ölkənin münasibətlərinin pozulmasının təməl səbəblərindən biri göründüyü kimi yalançi tarixdir. Hər iki ölkə bu uydurulmuş anlayışlardan vaz keçərək modern çağın prinsiplərinə görə tarix bilgilərini bu yalanlardan arındırmalıdırlar. İlham Əliyevin “Mən 50 milyon azərbaycanlının prezidentiyəm” ifadəsinin nə qədər hüquqi və siyasi əsası yoxdursa (o, bu fikri mənəvi nöqteyi-nəzərdən ifadə etmişdi ki, dünyada 50 milyon azərbaycanlının bir dövləti var və təbii olaraq o dövlətin də prezidenti mənəm-red.), İran rəsmilərinin Azərbaycan Respublikasını ”Şimali-İran” adlandırmaları da bir o qədər əsassızdır. Hər iki ölkə rəsmilərinin bu yalandan və qeyri-tarixi söyləmlərdən vaz keçmələrində yarar var.

“Türkmənçay” müqaviləsinin bəndləri hər iki tərəfdə tədris edilən tarix bilgilərinin yanlış olduğunu göstərməkdədir. Bu müqavilədən öncə Qafqaz bəylikləri 90 il idi ki, müstəqil idi. Nadir Şahın ölümündən sonra Qafqaz heç bir zaman İranın bir parçası olmamışdır. İrana qarşı bu bəyliklər öz ölçülərinə görə savaşmışdılar. Sadəcə olaraq Qacarın iddiası var idi ki, ora bir zamanlar İran olub. Bu iddia da ən son “Türkmənçay”la ortadan qaldırıldı. Doğru olan tarix budur. Bu doğrulara görə də nə İranın 17 şəhəri işğal edilmişdir, nə də Azərbaycan adında bir ölkə parçalanmışdır. Bunların hamısı hissiyatın məhsuludur. Lakin İran əski çağdakı meyarlarla məsələyə baxmaqdadır. Əski çağlarda sınırları milli kimlik deyil, dini kimlik bəlli edirdi. İran yönətimi Azərbaycanı şiə olaraq gördüyündən deyir ki, ora da şiə sınırları içindədir və ya belə olmalıdır. Azərbaycanla bağlı xarici siyasətini bu şəkildə formalaşdırmaqdadır. İran Azərbaycanı öz şiə geopolitikasının sınırları içində görməkdədir. Ancaq modern çağda sınırları bəlli edən milli kimlik və milli dövlətçilikdir. Azərbaycan milli türk dövlətidir və bayrağında olan bu prinsipə görə xarici dünya ilə irtibat qurmaqdadır.

İranın Azərbaycanla bağlı apardığı politika Rusiyanın işinə yaramaqdadır. Çünkü Azərbaycan məsələsində Rusiya və Qərb mənafeyi gərgin qarşıdurmaya çevrilsə, İranın hazırladığı terrorçu dəstələr Rusiya tərəfindən də qullanıla bilər. İranın məxfi yollarla hazırladığı gizli terrorçu şiə qrupları Rusiya ilə İranın bölgədəki planları ilə bağlı ortaq təxribat sərmayələridir.

Güntay Gəncalp
Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed