Şrift:
Vüsal Tağıbəyli: Son zəng günü çantalarımızı üst-üstə yığaraq yandırdıq
31.05.2013 [12:10] - Gündəm, Gənclik
Akif Həsirli: «Buraxılış günü birinci sinifə daxil olanlar tərəfindən mənə verilən ayı oyuncağını hələ də saxlayıram»

Könül İbrahimli: «Həmin günü bir-birimizin köynəklərinə son zənglə bağlı xatirələrimizi yazmışdıq»

Yusif Həzərli: «Ancaq oğlanlardan ibarət kiçik bir məclis təşkil etməklə kifayətlənməli olduq»

Sabah orta məktəblərdə son zəng günüdür. XI sinifi bitirənlər məktəblə vidalaşır, onları isə məktəbə yeni qədəm qoyanlar əvəz edirlər. Hər bir insanın həyatında məktəb illəri dərin izlər buraxır. Heç şübhəsiz məktəb illəri insanların həyatında ən yadda qalan və müqəddəs günlərdən biridir. Belə bir gün hamının xatirələrində qalır. Kimisi orta məktəblə vidalaşmağı kədərlə, kimisi də əksinə, sevinclə qarşılayır. Görəsən, media təmsilçilərinin xatirəsində son zəng günü yaddaşlarda necə qalıb?
«Həftə içi» qəzetinin əməkdaşı Vüsal Tağıbəyli deyir ki, son zəng günü məktəb çantalarını yandırıblar: «Göyçayın o zaman 9 saylı orta məktəbini bitirmişəm. Son zəng ərəfəsi hər gün yalvarırdıq ki, həmin gün gəlib çıxsaydı, məktəb çantalarından canımız qurtarardı. Sonuncu gün X sinfi bitirən 38 nəfərlik kollektivdən bir nəfər çıxıb təklif etdi ki, çantaları üst-üstə yığıb yandıraq. Hamımız bu addımı atdıq. Sonra dərsə gedəndə bu hadisədən kövrələn bəziləri orurub az qala göz yaşı tökürdü. Sinif rəhbəri mənimlə bir qızın rayon radiosunda çıxış etməli olduğumuzu dedi və biz burada son zənglə bağlı çıxış etdik. Ardınca qonaqlıq təşkil etdik. Çantaların yanması ilə elə bil ki, məktəb barədə bütün xatirələrimiz də yandı. İndi rayona gedəndə hər dəfə məktəbə baş çəkərək müəllimlərimi görürəm».
«Paralel» qəzetinin redaktoru Akif Həsirli bu günə qədər son zəng gecəsi ona hədiyə edilən oyuncağı saxlayır: «Beyləqan rayonunun Kərəm Əliyev adına 2 nömrəli Əli Həzərli orta məktəbinii bitirmişəm. Son zəng bizim üçün 1986-cı ildə olub. Bu tədbir iki hissədən ibarət olmuşdu. Günortaya qədər məktəb daxilində buraxılışla bağlı rəsmi hissə keçirildi, burada şənlik oldu. Demək olar ki, bütün siniflər bura toplaşmışdı. Hövbəti ildə birinci sinifə getməli olan uşaqlar üçün hədiyyələr almışdıq. Həmin hədiyələrdə müxtəlif idi. Birinci sinfə gedəcək uşaqlar zövqlərinə uyğun bizim üçün müxtəlif oyuncaqlar, kuklalar almışdılar. Biz isə onlar üçün məktəb ləvazimatı olan kitab, qələm almışdıq. Yəni birincilər öz aləminə uyğun olaraq bizə hədiyyələr vermişdilər. İndi də buraxılış günü birinci sinifə daxil olanlar tərəfindən mənə verilən ayı oyuncağını saxlayıram. Günortadan sonra isə müəllimlərlə birgə qeyri-rəsmi hissə təşkil etdik. Rayon mərkəzindəki restoranda şadyanalıq keçirdik. Sonda da kəndin yaxınlığındakı bulaqlarla zəngin meşə zolağında gəzişərək şəkil çəkdirdik. Yəni son zəng gününün hər saatı yadımdadır».
Vətəninfo.az saytının idman redaktoru Könül İbrahimlinin son zəng təəssüratları isə qısa oldu: «6 il bundan öncə Xırdalan şəhər 1 saylı məktəbi bitirmişəm. Həmin günü bir-birimizin köynəklərinə son zənglə bağlı xatirələrimizi yazmışdıq. Sonra isə XI sinif uşaqları restoranların birində tədbir təşkil etdik. Hələ də uşaqlarla ildə azı iki dəfə görüşüb hal-əhval tuturuq».
«Şərq» qəzeti baş redaktorunun müavini Yusif Həzərli isə qeyd etdi ki, onun son zəng xatirələrinin geniş olmasına məktəb rəhbərliyi əngəl olub: «Mən orta məktəbi Gürcüstanda bitirmişəm və orada son zəng tədbiri keçirməmişik. Ona görə də bu barədə hər hansı bir xatirəm yoxdur. Gürcüstanda mayın 20-i məktəb başa çatır. Son zəng günü adi qaydada evlərdən birinə yığışaraq, ancaq oğlanlardan ibarət qısa bir məclis təşkil etmişik. Həzərli orta məktəbində oxumuşam. Qabaqcadan planlaşdırmışdıq ki, son zəng günü kollektivlə Tiflisə gəzintiyə gedək, hətta Qazaxın Damcılı kəndinə gəlməyi nəzərdə tutmuşduq. Amma sinif rəhbəri və məktəb direktoru bizə qadağa qoydu. Belədə onlar planlarımızı pozdular. Bizim üçün həmin gün uşaqlıq dostlarıdan ayrılma günü olduğundan bir qədər kədərli gün idi. Ona görə də uşaqlardan ayrılmaq bizim üçün həyəcanlı dəqiqələr kimi yaddaşlarda qalıb».
Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed