Şrift:
Azərbaycanlı rəssama Rusiya Rəssamlıq Akademiyasının medalı təqdim olunub
03.06.2013 [12:18] - Mədəniyyət, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyası tərəfindən Şuvalov medalı ilə təltif olunub.
Akademiyanın yaradıcısı və ilk rəhbəri olmuş (1757) İvan İvanoviç Şuvalov medalını həmyerlimizə təhsil ocağının direktoru Zurab Sereteli Akademiyanın Ağ zalında təşkil olunmuş təntənəli mərasimdə təqdim edib.


Qeyd edək ki, Azərbaycanda və Sankt-Peterburqda rəssamlıq təhsili alan Teymur Rzayev 1994-cü ildən Türkiyədə yaşayır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Teymur Rzayev hazırda Yeditəpə Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. Teymur Rzayev Azərbaycandan kənarda yaşadığı bu illər ərzində hər zaman ölkəmizin təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərib. Həmyerlimizin çəkdiyi rəsm əsərlərində ölkəmizin problemləri, Dağlıq Qarabağ münaqişəsinə daim diqqət yetirilib. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətlər göstərmiş Teymur Rzayev 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya Azərbaycanlıları Ziyalıları forumunda Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam" fəxri adı ilə təltif olunub.


Leyla RÜSTƏMOVA
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed