Şrift:
İran - Azərbaycan savaşının alovları II HİSSƏ
15.11.2011 [01:05] - Güney Azərbaycan-Təbriz
Fars şovinizmi soyuq duş altında prosesi öz xeyrinə həll etmək istəyir


İran niyə indi açıq şəkildə hərəkətə keçib?

Tehran Universitetinin nəzdində fəaliyyət göstərən “Qafqaz Araşdırma Mərkəzi”nin son tədqiqatlarında belə qeyd olunur: “Azərbaycan dövlətinin öz müstəqilliyini 20 ildir qoruya bilməsi Güney Azərbaycanda milli düşüncənin sürətlə inkişafına böyük təkan vermişdir. Digər tərəfdən də son iki min ildə mövcud olmuş Manna, Maday, Atropat, Alban, Xəzər, Sacoğlular, Salaroğlular, Səlcuqlu, Eldənizlər, Böyük Moğol, Hülakülər, Teymuroğluları, Altun Orda, Cəlairlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar kimi möhtəşəm dövlətlərin türklərə məxsus olması, bunun fəlsəfi, mədəni qatlarının dərk edilməsi, prosesin ictimailəşməsi fars şovinizminin iflasa uğraması deməkdir. İran bir dövlət olaraq fars mədəni-ideoloji dəyərlərini dini və qədim əhəməni, sasani fəlsəfəsinin qatlarına dayanıqlı olan və müasir klerikal forma və məzmunda intişar tapan metodun tətbiqinə geniş şəkildə yanaşmalıdır. Bu sırada Əfqanıstan, Pakistan, Azərbaycan, İran və Tacikstan daxil olmaqla “farsdilli və mədəniyyətli ölkələr” modelinin tətbiqinə çalışılmalıdır”.

Siyasi müşahidələrə əsasən qeyd etmək lazımdır ki, 32 ildir iqtidarda olan və din pərdəsinə bürünmüş İran klerikal və mollakratiya rejimi regionda onu gözləyən bütün bəlalardan və problemlərdən xilas yolu kimi bu texnologiyanın əhatə dairəsinin genişlənməsi üçün hərəkətə keçibdir. Orta Doğuda baş verən qlobal dəyişikliklər yaxın illərdə İrandakı rejimi də təhdid edəcəkdir. İran Suriya, Bəhreyn, İraq, Küveyt, İordaniya, Misir, Fələstin, Somali, Yəmən siyasətində ardıcıl şəkildə öz mövqelərini itirməkdədir. İndi sırada çevrə dövlətlərində də bu aqibətlə üzləşəcəyi təqdirdə 32 illik mollakratiya rejiminə də əlvida söyləməyə məcbur olaqcaqdır. Hal-hazırda çöküş və iflasın qarşısını almaq üçün açıq şəkildə ideoloji və siyasi savaş meydanında özü gücünü nümayiş etdirməyə başlayıb.

Azərbaycanda qazanılan və itirilən mövqelər
İran uzun müddət Azərbaycanda özünün dərin siyasəti olaraq çoxlu sayda ictimai qurumlar yaratmaqla həm də böyük bir sosial şəbəkənin formalaşmasına çalışıbdır. Bu yöndə yaratdığı təsisatlar əslində 1992-ci ildə imzalanmış memorandumun şərtlərindən irəli gələn müddəalar əsasında fəaliyyət göstərmişdir. “Emdade Xomeyni”, “Həzrəti Zəhra Qadınlar Cəmiyyəti”, “Həzrəti Zeynəb Cəmiyyəti”, “Mehdi Ordusunun Əsgərləri Hərəkatı”, “Əhli Beyt Mərkəzi”, “Hər şey zühur üçün”, “Hüseyniyyə”, “Məclisi üns ədəbi məclisi”, “Şəhriyar ədəbi məclisi”, “Məclisi şüəara”, “Birlik-Azərbaycan” İnformasiya Agentliyi, “Salam” İnformasiya Agentliyi, “Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi” (DEVAMM), “Faktxəbər” İnformasiya və Analitik Mərkəzi, “Yeni Şərq Araşdırmalar Mərkəzi”, “Haqq Yolu İctimai Birliyi”, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi, “Müntəzirin” Mədəni-Maarif Birliyi, “İslam Teoloji Mərkəzi-Şiə Müsəlmanların Dini Təşkilatı”, “Qələm” nəşriyyatı, “İslam Məktəbi” İctimai Təşkilatı, “Əhli Beyt İnformasiya Agentliyi” və digər infrastukturlar məhz Tehranın fars şovinist siyasətinin ruporu rolunda hərəkət edirlər.

İran öz gücünü Azərbaycan dövlətinə göstərmək üçün bu yaxınlarda 100 minlik “hicaba dəstək” kampaniyasısını keçirdi. Hətta bu yöndə Azərbaycanın bütün regionlarında həmin şəbəkələr hərəkətə aktiv şəkildə hərəkət etdilər. Tehran rejimi bunun üçün 10 milyon dollarından keçərək həmin təbliğata çox böyük mənada möhtəşəmlik donunu geyindirməyə çalışdı.

1991-ci ildən indiyə kimi İran səssiz şəkildə Azərbaycanda öz sosial dayaqlarının yaradılması üçün böyük bir şəbəkələrini yaratmışdır. Ancaq, zaman ötdükcə Azərbaycan türkünün əlində olan milli siyasət silahı illərlə xərclənən milyonları asanlıqla havaya sovura bilmək üçün öz genoloji və etokulturoloji dəyərlərini nümayiş etdirmək bacarığını da göstərmişdir. Milli iradə, milli ülkü paniranist və panfarsist siyasəti istənilən anda iflasa uğrada bilmək qüdrətini ortaya qoya bilmişdir. 2006-cı ilin xordad ayından qoca Təbrizdə başlanılan milli dirəniş hərəkatının da bu möhtəşəmliyə qoşulması fars şovinizminin dayaqlarının çökməsinə səbəb olan ən möhtəşəm faktorlardan birinə çevrilibdir. Azərbaycan türkü quzeydə və güneydə əhəməni, sasani, pəhləvi, mollakratiya siyasətinin məkrinin səbəb və nəticələrini, din, təriqət və məzhəb pərdəsi altında törədilən ideoloji bakteriyaların səbəb və nəticələrinin onun əleyhinə yönəlmiş köləlik zəncirinin buxovundan azad olmağın bütün dəyərlərini anlamaqda və bunu dəyərləndirməkdədir. Bu proses inkişaf etdikcə paniranizm və panfarsizm də öz-özünə çökməyə başlayıb. Hər dəfə qarşımıza çıxarmaq istədiyi manqurtlar şəbəkəsinin dayaqları ilə indi çarpışmaq o qədər də çətin deyil. Çünki, zaman onların istədiyi səmtə qarşı hərəkət etməkdədir. Türkün bu tarixi sınaqlardan çıxması üçün zamanın özü onun xeyrinə çalışmaqdadır.

Əlirza Amanbəyli,
MDHP Güney Azərbaycan Departamentinin sədri
Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed