Şrift:
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər
05.06.2013 [11:40] - Gündəm, Borçalı
Dünən Şida Kartli bölgəsinin azərbaycanlıların kompakt yaşadığı Kaspi rayonunun Sadaqiano (keçmiş “Tatuşağı”) kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər yeni hökumətdən sosial vəziyyətin və kənd infrastrukturunun yaxşılaşdırılmasını tələb ediblər. Aksiya iştirakçıları 200 ailənin yaşadığı kənddə 25 ildən çoxdur ki, elektrik xətlərinin bərbad vəziyyətdə olduğunu, küləkli və yağışlı günlərdə qəzalar baş verdiyini və işıqların qısaqapanmadan dəfələrlə söndüyünü, nəticədə elektrik avadanlıqlarının sıradan çıxdığını bildiriblər. Sakinlər içməli su ilə bağlı problemlərinin olduğunu, kənddə məscid olmadığını və cümə namazı qılmaq üçün hər həftə Tiflisə getdiklərini qeyd ediblər.



Aksiyada iştirak edən azərbaycanlı gənclər onlar üçün heç bir mədəni-kütləvi tədbirlər keçirilmədiyini, kənddə mədəniyyət evi və yaxud məscidin olmaması haqqında fikirlər açıqlayıblar.



Kaspi rayon İcra Hakimiyyətinin başçısı Oleq Sanidze jurnalistlərə açıqlamasında vəzifəyə yeni təyin olunduğunu, buna baxmayaraq, rayonda yaşayan azərbaycanlıların problemləri ilə tanış olduğunu və onları narahat edən problemlərin tədricən həll olunacağını bildirib: “Problemləri həll etmək üçün hakimiyyət “Kənd proqramları” çərçivəsində vəsait ayırıb və bu vəsaitdən azərbaycanlıların problemlərinin həllinə də sərf olunacaq”.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed