Şrift:
Mikayıl Müşfiqin 105 illiyinə yeni nəşr
06.06.2013 [11:21] - Gündəm, Mədəniyyət
Xalq Bank görkəmli Azərbaycan şairinin “Seçilmiş Əsərləri”ni ictimaiyyətə təqdim edir

ASC “Xalq” Bankı iyun ayının 4-də “Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin “Seçilmiş Əsərləri”ni geniş ictimaiyyətə təqdim edir. Şairin əsərlərindən ibarət kitab “Xalq Əmanəti” layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir. Kitabın təqdimatı Xalq Bankın İnşaatçılar prospekti 22L ünvanda yerləşən Baş ofisində keçiriləcək. Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın töhfəsidir.

Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908—1938)

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, dövrünün tanınmış ziyalısı Mirzə Əbdülqadir İsmayılzadənin ailəsində anadan olmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycan Dövlət Darülfünunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

Repressiyalar dönəmində həbs edilmiş, 1938-ci il yanvar ayının 6-da güllələnmişdir. İllər sonra tam bəraət almış və reabilitasiya olunub. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazıblar. Şairin "Yenə o bağ olaydı", “Oxu, tar", “Küləklər”, “Ana” və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
Bu xəbər oxucular tərəfindən 1420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed