Şrift:
Türkün meşə sevgisi
08.06.2013 [10:54] - Mədəniyyət, DAVAMın yazıları
Türkün “meşə sevgisi” ta qədimdən mövcuddur. Əslində, türk harda varsa, orada mütləq çöl və meşə şəraiti olmalıdır. Qədimdən türklər çölün və meşənin sintezini yaradan harmoniyanı tarixən həyatlarında hiss etmiş və bu iki təbiət guşəsini fəth etmək üçün qılınclarını qından çıxarıb dünyanın üç qitəsinə doğru at çapmışlar.

XX əsrin sonlarında Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. Minlərlə qaçqınımız doğma torpaqlarından didərgin düşdü. Ermənilərin cinayətlərinin ardı-arası kəsilmir, özbaşınalıqları həddini aşırdı. Doğrudur, həmin vaxt Azərbaycanda Ermənistanın bu namərd hərəkətlərinə qarşı kütləvi etirazlar başlamışdı. Lakin nümayiş prosesinin kuliminasiya nöqtəsi indi Dirçəliş Günü kimi qeyd etdiyimiz, 1988-ci ilin 17 noyabr kütləvi mitinqləri Şuşada Topxana meşəsinin ermənilər tərəfindən qırılması xəbəri ilə başladı. Şübhəsiz, meşə xalqın maddi sərvətidir. Allah tərəfindən xalqa verilən təbii nemətdir. Amma nədənsə, həmin vaxt ermənilərin özbaşınalıqlarına səthi etiraz edənlər ağacların kəsilməsinə elə sərt münasibət bildirdilər ki, sanki insan ölümü meşənin qırılmasından daha az əhəmiyyətli imiş. Xatırladaq ki, Topxana meşəsi ilə kütləvi həmrəyliyimizi göstərsək də xeyri olmadı,çünki bunun ardınca nəinki bu meşəni, bütövlükdə Şuşanı və digər rayonlarımızı itirdik.

Son günlər Türkiyədə baş verən hadisələrin də kütləvi xarakter alınmasında ağacların kəsilməsi amili mühüm rol oynamışdır. Taksim meydanında mayın 31-dən etibarən on minlərlə insan küçələrə axışmış və İstanbulun Taksim Gəzinti parkında yüzlərlə ağacın kəsilməsinə qarşı çıxmışdır. Nəticədə vətəndaşlarla polis arasında qarşıdurma olmuş. Polis ağacların kəsilməsinə qarşı çıxan minlərlə aksiya iştirakçısına qarşı güc tətbiq etmişdir. Təzyiqli sudan, qaz bombasından, bibər qazından istifadə olunmuşdur. Aksiya iştirakçılarının dirənişi vəziyyəti dramatikləşdirmiş və polis daha aşırı gücdən istifadə edib. Aksiyanın dağıdılması zamanı aralarında jurnalistlərin və CHP millət vəkillərinin də olduğu 100-lərlə mitinq iştirakçısı yaralanıb.

Məlum olduğu kimi, müsəlman dövlətləri arasında ən demokratik ölkələrdən Türkiyədir və burada söz azadlığına Avropa ölkələrindən daha çox hörmət qoyulur. Maraqlıdır, bəs nə üçün 30 ilə yaxındır ki, ölkəni təhtid edən və təqribən 40 minə yaxın insanın həyatına son qoymuş PKK təşkilatının lideri Abdulla Öcalanla hökumətin güzəştli danışıqlarına Milliyyətçi Hərəkat Partiyasından (MHP) başqa heç bir siyasi patiya etirazını kəskin şəkildə bildirmədi. Nə üçün ötən il onlarca türk əsgərinin şəhid olmasına və terrorun kökünün kəsilməsi üçün hökumətə bu qədər şiddətli təpki olmadı? AKP hökuməti “erməni açılımı”, “kürd açılımı” adlandırılan siyasi gedişlər edərkən xalq və müxalifətin elitası sayılan qüvvələr niyə susdu ? Təbii ki, Türkiyədə “bala müxalifət” sayılan MHP-dən başqa bu siyasi gedişlərə qarşı hələ ki, kütləvi dirəniş göstərən qüvvəni görmədik. MHP-nin kütləvi etirazları isə dinc və qanundankənar hərəkətlərə yol verilmədən həyata keçirildi. Bundan başqa CHP lideri Kamal Qılıcdaroğlunun və bu partiyadan seçilmiş millət vəkili Məhərrəm İncənin kəskin çıxışlarını nəzərə almasaq, AKP hökuməti özünə heç bir yerdə güclü rəqib görmürdü. İndi isə bu qədər qeyri-ənənəvi siyasi gedişlər edən Ədalət və İnkişaf Partiyası iqtidarına qarşı “ağac kəsimi”nin bəhanə olacağı heç kimin ağlına gəlməzdi. Necə deyərlər, “rüzgarı əkənlər fırtananı biçərlər”…

R.T.Ərdoğan “Haber Türk” televiziyasına hadisələrlə bağlı verdiyi müsahibədə bildirdi ki, “biz bu planı neçə vaxtdır ki, elan etmişik və bizim inkişaf proqramımızda bu layihə öz əksini tapıb.” Jurnalistin “bəlkə xalqla məsləhətləşəydiniz, bəlkə bir sorğu keçirsəydiniz” fikrinə Ərdoğan: “Axı, bu bir tarixi layihədir. Tarixə xidmət edən layihənin sorğusunu nə üçün edək?, -- cavabını verdi.

Ən maraqlı məqamlardan biri də son zamanlar R. T. Ərdoğanın siyasətini ən çox tənqid edən MHP lideri Dövlət Baxçalının hadisələrə birmənalı olmayan münasibəti oldu. O, hadisələrin bu səviyyəyə çatmasına görə, AKP-ni günahlandırsa da, dağıdıcı mitinqləri məqbul hesab etmədi və öz partiyasının bu aksiyalarda olmadığını bəyan etdi. MHP liderinin bəyanatları düşündürücüdür. Çünki meydanlara toplaşan insan selinin siyasi rəngarəngliyi bunu deməyə əsas verir. Solçu qüvvələr—hansılar ki, hətta aralarında bir çox fikir ayrılıqları var-- onlar da hazırda bir yerdə etiraz edirlər. Kommunistlər, əsasən kürdləri təmsil edən və PKK-ya açıq dəstək verən Barış və Demokratiya Partiyası ( BDP), ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyası (CHP) və digər solçu qüvvələr meydanlara axışmışdır. Hətta, bəzi yerlərdə M.K. Atatürkün portretləri ilə yanaşı, PKK lideri terrorçu Abdulla Öcalanın şəkillərinə də rast gəlmək olur. Yaranan görüntü bizə hadisələrin konkret xarici qüvvələr tərəfindən istiqamətləndirildiyi və xalqın müəyyən hissəsinin prosesə bilməyərəkdən qatılması təəssüratını bağışlayır. Tanınmış Qərb KİV orqanlarının hadisələrə baxışına nəzər yetirdikdə incə bir məqam üzə çıxır. İngiltərənin ən çox oxunan “The Guardian” qəzeti xəbəri maraqlı başlıqla verir: “İstanbuldakı nümayişlər “türk baharı”nın toxumlarını əkir”. Richard Seymour adlı jurnalist yazısında İstanbuldakı kiçik bir parkın sökülməsinə qarşı yönəlmiş protestin rejim üçün çətin bir vəziyyət yaratdığını və potensial “türk baharı” nın yetişdiyini yazır. Sonra isə əlavə edir: “Bu nümayişlər Türkiyə üçün yenilikdir, çünki gənc və yaşlı, sağçı və solçu, kürdçü və türkçü -- hər kəsi bir araya gətirdi”. “Al Monitor” hakimiyyəti şəriətçilikdə ittiham edərək yazır: “Liberal siyasi İslam Türkiyəni liberal şəriətə aparır”. CNN: “Nümayişlər get- gedə böyüyür. Polis müdaxiləsi xalqı daha çox parka çəkir”. “Nyu-York Times” qəzeti isə Türkiyəni Misirlə müqayisə edərək Baş nazir Ərdoğanın dindar kəsimdən böyük dəstək aldığını, ancaq dünyəvi çoxluğa tolerant yanaşmadığından yazmışdır.

Sözsüz ki, hamı hər şeydən yazdı, hərə bir cür ittiham etdi. Lakin kimin həqiqəti yazdığı isə hələ hiss olunmur. Necə deyərlər, “ara qızışıb məzhəb itib”. Hadisələrə “türk baharı” adı verməyə tələsən Avropa mətbuatı Yunanıstanda aylarla hökumət böhranından əziyyət çəkən xalqın küçələrə axışmasını, hətta polislə kütləvi qarşıdurmasını nədənsə, “yunan baharı” və yaxud İngiltərənin paytaxtı Londonda sayı onminlərlə ölçülən radikal gənclərin aksiyalarına “ingilis baharı” və ya “dumanlı Albionda siyasi bahar” başlıqlı adlar vermədi. Deməli, oyun Yaxın Şərq üzərində gedir və “domino” üsulu ilə ərəb ölkələri, onların arxasınca isə geostrateji mövqeyinə görə güclü müsəlman dövləti hesab edilən Türkiyə hədəflənir. AKP hökumətinin ciddi iqtisadi uğurlarından sonra hadisələrin bu şəkildə cərəyan etməsi onu göstərir ki, hökumət bəzi yanlış siyasi gedişlər etməklə, xalqı narazı salmış istər daxili, istərsə də xarici qüvvələrə yararlanmaq və aranı qarışdırmaq üçün fürsət vermişdir.

Sadəcə bir məqamı diqqətdən kənarda qoymaq olmaz. İstər AKP hökumətinin, istərsə də, onlardan narazı olan “solçu” və “sağçı” qüvvələrin inadkarlığından kürd terrorçularına siyasi dəstək verməkdən çəkinməyən BDP, komunist və ultra Qərbmeyilli qüvvələr yararlana bilər və nəticə etibarilə öz niyyətlərini həyata keçirə bilərlər. Uduzan isə yalnız türk xalqı və türk dövlətçiliyi olar. İstər hökumət, istərsə də xalq emosiyaları nizamlayıb küyə getməməli, dövlət-millət qarşıdurması yaratmaqdan maksimum çəkinməlidir.

1988-ci ildə Topxana meşəsinin qırılmasına kütləvi etiraz etdik, “dirçəldik”, amma bu bizə Şuşanı qazandırmadı, əksinə itirdik. Taksimdə də ağac davası edənlər anlamalıdır ki, ağac təbii sərvət olsa da ağacdan daha vacib olan Türk dövlətçiliyinin təməl prinsipləri var. Bu şəkildə etiraz, yalnız Türkiyə dövlətçiliyinə, təhlükə yaranarsa, edilməlidir. Əks halda, ağac-meşə sevgisinə aludə olmaq taleyüklü məsələlərin həllini arxa plana keçirə bilər.

Anar TURAN,
tədqiqatçı - jurnalist
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed