15.11.2011 [01:40] - Borçalı
Gürcüstandakı soydaşlarımızın təhsil problemi
Hədəf təhsilsiz azərbaycanlı toplumu yaratmaqdı
Gürcüstan azərbaycanlılarının təhsil sistemi problemli olmasıyla fərqlənir. Gürcülər Sovetlər dağılandan sonra müstəqil düşüncələri ilə müstəqil təhsil sistemi yaratmağa girişdilər, demək olar ki, buna nail oldular da. Müstəqil ölkənin müstəqil təhsil sisteminin olması normaldır ancaq bu sistem bu ölkədə yaşayan sayca ikinci bir millətin təbii haqqlarının əlindən alınması ilə nəticələnməməlidir.
İldən-ilə təhsildə islahat adı altında Gürcüstanda yaşayan azərbaycanlıların təhsil alma radiusunu daraltmağa başladılar və bu gün də proses davam edir. Gürcüstanda yaşayan azərbaycanlılar sovetlər zamanı da təhsil alırdılar. O zaman bəlli bir sistem vardı. Məktəblərdə digər fənlərlə yanaşı “gürcü dili”, “Gürcüstan tarixi” və “Gürcüstan coğrafiyası” da tədris olunurdu. Bu üç fəndən tək biri - “Gürcü dili” dərsliyi gürcü dilndə tədris edilirdi. Qalan bütün fənlər isə, hətta “Gürcüstan tarixi” və “Gürcüstan coğrafiyası” belə öz doğma dilimizdə tədris olunurdu. Hətta Sovetlər zamanında belə normal təhsilə yiyələnmək mümkünüydü və yalan olmasın məktəbi bitirən 20 nəfərdən 15-i ali məktəblərə qəbul olunurdu. Hazırda bir kənddən ildə 2-3 nəfər təhsil dalınca gedən varsa bu qəhrəmanlıq kimi qəbul ounur. Ancaq indi ildən-ilə müxtəlif islahatlar adı altında soydaşlarımız normal təhsil alma hüquqlarından məhrum olurlar. Hər il yeni qaydalar tətbiq edilir: bunlardan biri də milli azlıqların tədris ocaqlarında aldıqları təhsilin 30 faizinin gürcü dilində aparılmasıdır. Bu nə deməkdir? Bu özlüyündə onu ehtiva edir ki, əhalinin çox hissəsi təhsilsiz qalacaq. Gürcüstan hökumətinin hədəfi təhsilsiz bir azərbaycanlı toplumu yaratmağa hesablanıb. Əgər planlarını tam olaraq həyata keçirə bilsələr, məqsədlərinə nail olacaqlar. Onsuz da bu günə kimi eksperiment olaraq “təhsil islahatı” adı altında iş aparırlar. Və heç kimdən (fərdi qaydada xırda-para reaksiyaları çıxsaq), - istər yerli azərbaycanlılardan, istərsə də dost-qardaş ölkə Azərbaycandan fərli bir reaksiya görmədiklərindəndir ki, gündən-günə “təhsil islahatları” genişlənir. Az öncə dediyim kimi haqqlarını, hüquqlarını tələb edə bilməyən, ən nəhayət düşünə bilməyən bir toplum yaratmaq istəyindədirlər.
İllərdir ki, az qala bütün dünyaya car çəkirlər; Gürcüstanda yaşayan azərbaycanlılar “gürcü dilini bilmirlər”, “gürcü dilini öyrənmək istəmirlər”, “oxumurlar”, “aktiv deyillər” və sairə və ilaxır. Onlar belə dedikcə bizim də bir çox “ağzıgöyçəklərimiz” də onların dediklərini əsas tutaraq ağıl verməyə çalışırlar ki, “dili öyrənin, bunlar da sizə iş versinlər”. Fikrimin izahına başlamamışdan qabaq deyim ki, gürcü yetkililəri əleyhimizə olan bu kimi təbliğatları ilə bir çox ziyalılarımızı öz fikirlərinə şərik edə biliblər. Onları inandırmağa çalışırlar ki, (elə inandırırlar da) “bunlar dili öyrənsələr dövlət idarəçiliyində yaxından iştirak edərlər və s”. Yeri gəlmişkən, qeyd etməliyəm ki, gürcü dilini bilən azərbaycanlılar kifayət qədər olsa da, onlar dövlət idarəçiliyində çalışmaq üçün o qədər də yaxına buraxılmırlar. Bu faktın özü onu deməyə əsas verir ki, Gürcüstan hökuməti səmimi deyil, bu onların növbəti baş aldatmalarından biridir.
Gürcü dilini niyə öyrənə bilmirik?!
Bütün bunların kökündə Gürcüstan hakimiyyətinin apardığı məqsədli siyasət durur. Orta məktəbdə oxuyan zaman bizə də gürcü dili tədris olunurdu. Azərbaycanlı məktəblərdə dərs demək üçün kənar rayonların birindən ali məktəbi yenicə bitirən milliyyətcə gürcü olan gənc bir xanımı göndərirlər. Bu xanım təcrübəsiz olduğundan şagirdlərlə davranış qaydalarını belə qura bilmirdi. Bir müddətdən sonra sinif sözün əsl mənasında bazara cevrilirdi, şagirdlər gürcü dilini bilmir, gənc müəllimənin isə öz ana dilini və bir az da rus dilini bildiyindən şagirdlərlə ünsiyyət qurması sözün əsl mənasında bir tamaşanı xatırladırdı: çünki müəllimənin nə demək istədiyini şagird anlamır, şagirdin nə demək istədiyini də müəllimə başa düşmürdü. Məsələn, şagirdlərdən biri ayaqyoluna getmək üçün müəllimədən icazə almalıdır, bir-birilərini başa düşmürlər, bəs şagird müəlliməyə fikrini nece çatdırmalıdır?.. Bax bu zaman çıxılması mümkün olmayan bir vəziyyət yaranırdı. Gündəlik dərs saatları az qala şouya döndüyündən şagirdlər də gürcü dilindən ən yaxşı halda ala yarımçıq əlifbanı öyrənirdilər. Və həmin o gənc müəllimə şagirdlərə gürcü dilini öyrətmək əvəzinə, ilin sonunda bəlli oldu ki, gürcü dilini azərbaycanlılara öyrətməyə gələn müəllimənin özü, Azərbaycanca danışmağı öyrənib. Görünən odur ki, bizim şagirdlər müəllimədən yaxşı pedaqoq imiş. Xüsusi olaraq qeyd edim ki, həmin gürcü dili müəllimlərinə verilən əməkhaqqı yerli müəllimlərdən iki-üç dəfə artıq olub. Bu məsələnin birinci tərəfi...
İkinci tərəfi ondan obarətdir ki, azərbaycanlılar təhsil aldığı məktəblərdə yaxşı olardı ki, gürcü dili ixtisaslı azərbaycanlı müəllimlər dərs desinlər. O zaman istəyə nail olmaq mümkündür. Soruşula bilər ki, nə fərqi var? Var, özü də köklü fərqi var. Fərqini isə yuxarıda qeyd etmişəm.
Həmin məktəblərdə gürcü dili ilə yanaşı rus (indi rus dilini sıxışdırıblar), ingilis və ya alman dilləri də tədris olunurdu. Qeyd etdiyim fənnləri azərbaycanlı mütəxəssislər tədris edirdilər - ya Rusiyadan, ya da İngiltərədən, yaxud da Almaniyadan mütəxəssis gəlmirdi - şagirdlər də həvəslə o dilləri öyrənir və ali məktəblərdə qəbul imtahanları zamanı imtahan verirdilər. Bunu hər kəs təsdiqləyə bilər. Demək, söhbət problemin həllinə düzgün yanaşmadan gedir. Əgər gürcü dili fənninin tədrisi zamanı düzgün siyasət aparılsa istənilən nəticəni əldə etmək mümkün olar.
Gürcü dilinin daha tez qavranılması üçün o biri dillərdən bu dilin iki üstünlüyü var: birincisi dövlət dili olması, ikincisi isə Gürcüstanda yaşayan azərbaycanlılar paytaxta, rayon mərkəzinə, idarələrə, bazarlara getdiyi zaman gürcücə sözləri çox eşidirlər. Bu da üstünlük verir ki, bu dil məktəblərdə daha tez, özü də yüksək səviyyədə öyrənilsin, yəni qulaqları alışıb artıq. Onu da deyə bilərlər ki, mütəxəssis yoxdur. Açığı, indi dəqiq bilmirəm, biz oxuduğumuz dönəmlərdə gürcü dilini bilən azərbaycanlı müəllimlər yetərincə idi.
İndi öz doğma dilimizi tədris edə biləcək mütəxəssislər də yox dərəcəsindədir. Götürək istənilən kənd orta məktəblərindən birini. Məsələn: Marneuli rayonunun Yuxarı Qullar, Aşağı Qullar, Qırıxlı, Baydar, Qurtlar və sairə kənd orta məktəblərini. Bu məktəblərdə şagird sayı əvvəlki illərə nisbətdə dəfələrlə aşağıdır.
1) Şagird çatışmmamazlığı; səbəb kənd sakinlərinin yaşam tərzi aşağı olduğundan ailəsi ilə birlikdə müxtəlif ölkələrə üz tutmalarıdır.
2) Kadr çatışmamazlığı; müəllimlərin bir hissəsi dolanışıq dalıyca ölkədən gediblər, bir hissəsi də artıq təqaüd vaxtları olduğundan təqaüdə göndərilirlər, yerinə isə yeniləri gəlmir.
Burada da bir passivlik hökm sürür, istər Borçalı ziyalıları, istərsə də Azərbaycan dövləti tərəfindən. Ən ağır yük həm burada, həm də orada fəaliyyət göstərən ictimai təşkilatların üzərinə düşür. Həmin birliklər, Azərbaycan dövlətinə müraciət etməlidirlər ki, Gürcüstanın azərbaycanlı məktəblərində dərs demək üçün kadrların hazırlanmasına kömək olaraq ali məktəblərdə müəyyən yer ayırsın. Yer ayrılarsa, oxumağa göndərilən şagirdlər də yerlərdə obyektiv olaraq seçilməlidir. Həmin şagirdlərin seçimi zamanı xüsusi vurğulanmalıdır ki, təhsil aldıqdan sonra gənc mütəxəssis kimi Gürcüstana qayıdıb orta məktəblərdə ixtisası üzrə dərs deyəcək. Bu mütləq şərt kimi həmin şagirdin qarşısında qoyulmalıdır.
Əgər bu məsələ Azərbaycan dövlətinə təklif edilərsə, edildiyi zaman qəbul olunarsa, o zaman problemin bir hissəsi həll edilmiş olar.
Həmçinin məktəblərdə texniki vəsait çatışmamazlığı da var. Məktəblərdə stol-stul, yazı lövhələri demək olar ki, heç yenilənmir. Hətta bəzi avadanlıqlar sovetdən qalmadır. Bütün bunlarla yanaşı cəfakeş kənd sakinləri məktəblərini yaşatmaq üçün əllərindən gələni edirlər. Dövlət tərəfindən yanacaqla təmin olunmayan məktəblərə sakinlər özləri yanacaq gətirir. Ancaq dövlətin apardığı təhsil sistemindəki islahatlara əlləri yetmədiyindən, çarə tapa bilmirlər. Çarəni isə özümüz tapmalıyıq.
P.S. Vallah problem o qədərdir ki, sadalamaqla bitirmək olmur. Məsələn, getdikcə məktəblərin sayı azalır, dərs vəsaitlərinin çatışmamazlığı, məktəblərin ümumi qəbul olunmuş standartlara uyğun gəlməməsi və s. Bu problemləri həll etmək üçünsə özümüz öz dərdimizə qalmalıyıq. Atalar demiş: qonşu işığına ümid olan işıqsız qalar.
Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1466 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |