Şrift:
Heydər Oğuz: İranda prezidentlik postuna kim gəlirsə gəlsin, ölkəmizə qarşı münasibəti isti olmayacaq
10.06.2013 [12:24] - Müsahibə
Heydər Oğuz: «İranda prezidentlik postuna kim gəlirsə gəlsin, ölkəmizə qarşı münasibəti isti olmayacaq»

İranda prezident seçkilərinə barmaq sayı qədər vaxt qaldı. Təxminən 10 gündən sonra İranın yeni başçısı müəyyənləşəcək. Görəsən, bu hadisə onun xarici siyasət kursuna təsir göstərəcəkmi və qurulacaq yeni iqtidar son zamanlar getdikcə gərginləşən İran-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?
Politoloq Heydər Oğuzla söhbətimiz məhz bu mövzu ətrafında oldu. Bu seçkilərin İranın xarci siyasət kursunda ciddi dəyişiklərə səbəb olmayacağına inanan Heydər Oğuz fikirlərini belə əsaslandırdı.

- Seçki qanunları İranda prosesin ədalətli keçirilməsinə imkan vermir. Öz namizədliyini irəli sürən liderlər prosesə buraxılmadan öncə ölkənin dini rəhbərliyi tərəfindən saf-çürük edilir. Siyasi mövqe baxımından dini rəhbərin cızdığı dairədən kənara çıxmayan namizədlər seçilmək hüququna malik olurlar. İran əhalisi də məhz bu «seçilmişləri» seçmək məcburiyyətində qalır. Əksər hallarda namizədlərin biri bu posta daha layiq şəxsiyyət olur. Digərləri isə prosesə müxtəliflik qatmaq üçün namizədlər siyahısında yer alırlar. Bilirsiniz ki, ən populyar namizəd ola biləcək Rəfsancani yaş senzi bəhanə edilərək seçkiyə buraxılmadı. Bu islahatçılar qanadına vurulmuş ən böyük zərbə idi. İndi islahatçıları bu seçkilərdə ictimaiyyət arasında ciddi nüfuzu olmayan iki namizəd təmsil edir. Nüfuz etibarilə bir-birindən fərqlənməyən bu adamların rəqabət nəticəsində islahatçıların onsuz da zəifləyən gücünü daha da böləcək. Görünən budur ki, İran yönətimi 2009-cu ildəki gərginliyi bir daha yaşamaq üçün seçkinin taleyini proses başlamamışdan əvvəl mühafizəkarın xeyrinə dəyişməyə qərar verib.
- Deməli, siz hesab edirsiniz ki, son prezident seçkilərində də hakimiyyət yenə mühafizəkarların əlində qalacaq?
- Görünən mənzərə bunu deyir. Düzdür, mühafizəkarlar seçkilərdə daha çox namizədlə iştirak edir. Onların 5 namizədi var. Ancaq əsas namizəd kimi iki adamın adı hallanır. Cəlilinin və Qalibafın. İranın mühafizəkar mətbu orqanlarında əsasən Səid Cəlilinin təbliğatına yer ayırsalar da Tehranın bələdiyyə sədri Qalibafın da seçilmək şansı az deyil. Bir vaxtlar İran Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini yerinə yetirən Cəlilinin dini lider ayətullah Əli Xamaneyiyə yaxınlığı, Qalibafın isə ən çox seçici potesialına malik olan paytaxtın bələdiyyə sədri olması seçkilərin taleyində mühüm rol oynaya bilər. İslahatçıların namizədləri isə ictimai rəydə o qədər parlaq nüfuza malik deyillər. Digər tərəfdən onları müdafiə edən qurum və quruluşlar da artıq ya fəaliyyətini dayandırmış, ya da təqib altındadırlar. Bu amillər İrandakı son prezident seçkilərində mühafizəkarları daha çox ön plana çıxarır.
- Prezidentliyə namizədlərdən olan Həsən Ruhani bu yaxınlarda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə yadda qaldı. O, çıxışında Azərbaycanı İran üçün təhlükə riski daşıyan yer kimi xarakterizə etmişdi. Sizcə, bu adam İranın başçısı olarsa bizi nə gözləyə bilər?
- Mən bildiyimə görə Həsən Ruhani islahatçı namizədlərdəndir və namizədlər işərisində ən mülayim siyasətçi kimi tanınır. Üstəlik, seçkidə səslənən fikirlərin çox vaxt seçici səsini artırmaq üçün dilə gətirildiyini nəzərə alsaq təhlükəni Ruhanidən yox, digər namizədlərdən gözləməliyik. Mühafizəkarlar arasında Azərbaycana münasibəti daha kəskin olan liderlər var və onların seçilmək şansı daha böyükdür. Ümumiyyətlə, İranda prezidentlik postuna kim gəlirsə gəlsin, ölkəmizə qarşı münasibəti isti olmayacaq. Mən şəxsən iki ölkə arasındakı münasibətlərin getdikcə pisləşəcəyi qənaətindəyəm.
- Sizcə, İran ona qarşı beynəlxalq təzyiqlərin sərtləşdiyi indiki vaxtda niyə mühafizəkar siyasətindən geri çəkilmək istəmir? Özünə bu qədər arxayınçılıq hardan qaynaqlanır?
- Məncə, bizim ən böyük zəifliyimiz məsələnin mahiyyətinə yox, görüntülərə daha çox önəm verməyimizdədir. Məhz bu xüsusiyyətimizə görə də ətrafımızda baş verən hadisələri düzgün qiymətləndirə bilmirik. Qərb ölkələrinin İranın əleyhinə səsləndirdiyi fikirlərə baxıb zənn edirik ki, iki qütb arasında ciddi ziddiyyətlər var. Ən təhlükəlisi isə budur ki, öz xarici siyasətimizi də bu fikirlər əsasında qururuq və səhv mövqe sərgiləyirik. Mənə qalsa, xarici strategiyalarımızı müəyyənləşdirərkən dildə səslənən fikirlərə yox, əməldə həyata keçirilən işlərə baxmalıyıq. Çünki əksər hallarda diplomatik əlaqələrdə dil niyyəti ortaya qoyan vasitə deyil, əksinə onu gizlədən bədən üzvü kimi çıxış edir. Xüsusilə, bunu İsrailin və ABŞ-ın İran siyasətlərində açıq şəkildə görə bilərik. On illərdir, hər iki dövlət guya İrana qarşı düşmənçilik siyasəti yürüdür, ona qarşı keçirməyi planlaşdırdığı hərbi əməliyyatlardan danışır, bu haqda müəyyən «xəbərləri» dünya mətbuatına sızdırırlar. İş əmələ gələndə isə tamamilə fərqli hadisələrin şahidi oluruq. ABŞ İranın sərhədlərində onun əsas rəqibləri olan Əfqanıstan Talibanını və İraqdakı Səddam Hüseyn rejimini sıradan çıxartdı. Əfqanıstanda İrana sığınmış Hikmətyarın dəstəsinin də yer aldığı koalision hökumət qurdu. İran tərəfindən dəstəklənən qüvvələr İraq hakimiyyətində də önəmli payı ələ keçirdi. Hətta bu İraqın parçalanması halında ölkənin ən çox neft ehtiyatına və geostrateji əhəmiyyətə malik cənub hissəsinin tamamilə İrandan asılı vəziyyətdə qalmaq ehtimalı böyükdür. İraq çökdürüləndən sonra Fars Körfəzində İranla yarışacaq ikinci bir ölkənin mövcud olmaması bu coğrafiyada rəsmi Tehranın gücünü artıran əsas faktorlardandır. Digər tərəfdən Suriyada tamamlanmamış və bu gün tamamlanması çətin görünən proseslər də güney qonşumuzun mövqeyini gücləndirir. İndi gəldiyimiz nöqtədə Suriyaya ediləcək istənilən hərbi müdaxilə də nəticə etibarilə İranın gücünün azalmasına deyil, bəlkə də artırılmasına xidmət göstərəcək. Ona görə ki, Suriya məsələsi artıq demokratik mübarizə xəttindən çıxaraq məzhəbi münaqişəyə çevrilmiş vəziyyətdədir. Bu durumda ya Suriyada heç vaxt durmayan qanlar axıdılacaq, ya da bu ölkə sünni-şiə ayrılmasına səhnə olacaq. Suriyanın parçalanması onun hərbi qüdrətini azaldılması və təhlükəsizlik baxımından İrandan asılılığının artması deməkdir. Məhzəb zəmini üzərində yürüdülən vətəndaş müharibəsi də eyni nəticəni doğurmağa məhkumdur. İranın Livan üzərində ciddi təsir imkanlarının olduğunu da nəzərə alsaq, onun təsir dairəsinin Əfqanıstandan Aralıq dənizinə qədər gücləndirilməsi və İslam coğrafiyasının ortasından keçən şiə zolağının yaradılması mənasına gəlir ki, bu da əslində Xomeyninin strateji hədəflərindən biri idi.
- Fikrinizdən belə çıxır ki, ABŞ və İsrail Xomeyninin ideologiyasına xidmət edir. Bu nə qədər məntiqli yanaşmadır?
- Mən hansısa iddia irəli sürmürəm. Bölgədə baş verən hadisələri analiz edirəm. Ordan hansı nəticənin çıxmağına siz qərar verin.
- Bəs, ABŞ-ı öz ərazisindən qovan rejimə bu simpatiyanın əsası nədir?
- İran-ABŞ münasibətlərinin mahiyyətinə nəzər salarkən aysberqin üzdə görünən tərəflərinə baxmamalı, suyun altında yatan əsas hissəsinə diqqət yetirməliyik. Suyun üzdə olan hissəsi bizə İranın ABŞ və İsrailə qarşı olduğunu göstərir. Altda qalan hissə isə İranın ABŞ-ın geopolitik maraqları üçün təhdid təşkil etmədiyini ortaya qoyur. Əvvəla, istənilən dövlətin strateji hədəflərini onun təhdid anlayışı müəyyənləşdirir. İranın indiki xarakteri isə onun ABŞ-ın maraqlarını təhdid edəcək mahiyyətdə deyil. Dilə gətirilən fikirlər nə qədər ABŞ-a qarşı olsa da İranın etnik xarakteri istənilən anda onun çökdürülməsinə uyğun şəkildədir. Super güclərin Yaxın Şərq siyasətinə nəzər salanda bu vəziyyətin həmin idarəçilik metodlarına uyğun gəldiyini görə bilərik. Bu metoda görə, idarəçilik etnik azlıq təşkil edən güclərin əlində formalaşmalıdır ki, həmin hakimiyyət nə zamansa təhdidə çevrilməsin. Əhalisinin əksər hissəsi türklərdən təşkil olunan İranda fars mədəni mühiti hakimiyyətdədir. Bu da təhdidə çevrildiyi anda onun vətəndaş müharibəsilə zəiflədilə biləcəyinin zəmanətidir. Bir sözlə, ABŞ İranı özünə qarşı təhdid əmələ gətirəcək güc olaraq görmədiyindən onun güclənməsinə də göz yuma bilər. Üstəlik, bölgədə yürüdülən siyasət hansısa etnik qrupun sivrilib önə çıxmasına doğru aparır. Demoqrafik xarakterinə görə daha üstün gücə malik olan ərəb və ya türklərin önə çıxmasındansa, daha az saylı farsların üstünlük əldə etməsi daha avatajlıdır. Digər tərəfdən bu siyasət ABŞ-ın strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təminatıdır və məncə, məhz bu amilə görə məlum siyasət yeridilir. Bəllidir ki, dörd tərəfdən müsəlmanların əhatəsində olan İsrail Yaxın Şərqdə yürüdülən amansız siyasət nəticəsində dini duyğularının radikallaşması üzündən özünü rahat hiss etmir. Bu siyasət nəticə etibarilə İsrailin bölgədən sıxışdırılaraq çıxarılmasına səbəb ola bilər. Belə vəziyyətdə onun öz təhlükəsizliyini təmin etməsi üçün regionda yeni düşmənçilik ənənələrinin yaranmasına və ya yaradılmasına ehtiyacı var. Yaradılan yeni düşmənçilik ocağı həm qarşı tərəfi bir-birinə qırdıraraq zəif salacaq, həm də düşmənlərin sığınacağı yeni dostluqlar qurulacaq. İsrail bu vəziyyətdə həm sünniləri, həm də şiələri qarşı-qarşıya qoyub zəiflətdiyi kimi, ehtiyac duyduğu anda özü də bu düşmənlərin ən yaxın müttəfiqlərinə çevrilə bilər.
Cavid
Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed