Şrift:
Bakıda keçirilən beynəlxalq konfransda uşaq zorakılığına qarşı mübarizə məsələləri müzakirə olunub
11.06.2013 [12:35] - Gündəm, Sosial
Bu gün Azərbaycan Milli Məclisində AŞPA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda uşaq zorakılığına qarşı mübarizə ətrafında müzakirələr olub.
konfransda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, AŞPA-da “Uşaqlara qarşı zorakılığa yox deyək!” proqramının koordinatoru Sevinc Fətəliyeva bildirib ki, bu tədbir uşaqlara qarşı zorakılıqla mübarizə proqramı çərçivəsində 3-cü konfransdır.



O qeyd edib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində önəmli işlər görülür və ölkədə uşaq zorakılığı ilə mübarizə yüksək sosial status əldə edib: “Uşaq zorakılığının yaranmasının əsas səbəbi uğursuz ailələrin sosial vəziyyətidir və bu səbəbdən maarifləndirmə işləri daha da genişləndirilməlidir”.



Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, uşaq hüquqlarının müdafiəsi, onlara qoyulan kapital gələcəyin təməli deməkdir və Azərbaycan dövləti də bunu yaxşı anlayaraq uşaq hüquqlarının təminatı məsələsinə xüsusi əhəmiyyət verir: “Uşaq əməyinin istismarı, uşaqlara qarşı zorakılıq bizi çox narahat edir və bu sahədə Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, qanunverici bazanı təkmilləşdirib”. Vitse-spiker bildirib ki, Azərbaycan müharibəyə cəlb olunmuş bir ölkədir və bu milyondan artıq insanı qaçqın və köçkün problemi ilə üz-üzə qoyub: “Bu isə uşaqların da rifahına olduqca mənfi təsir göstərir”.



AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero isə çıxışında AŞPA-nın 2013-cü ilin aprel ayında keçirilmiş sessiyasında uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi məsələsinin qaldırıldığını bildirib. Bu istiqamətdə “Hər beş uşaqdan biri” kampaniyasının gedişatı haqqında məlumat verən Bone Peronun sözlərinə görə, AŞ üzvü olan ölkələr insan hüquqları sahəsində yüksək göstəricilərə nail olmağa çalışmalıdırlar: “Uşaqlar cəmiyyətin zəif təbəqəsidir və böyük hüquqların pozulması hallarına məruz qalırlar. Uşaqlar özlərini müdafiə edə bilmirlər, çünki onlar yaxınları tərəfindən zorakılığa məruz qalırlar”.



Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində mübarizə tədbirlərinin artırılmasına ehtiyac var və bu çox vacibdir. H.Rəcəbli xüsusilə bu məsələdə internetin, xüsusilə sosial şəbəkələrin mənfi rol oynadığını qeyd edib: “Ona görə də uşaqlar arasında internetə, sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudlaşdırmalar, qadağalar qoyulmalıdır. Bu o demək deyil ki, Azərbaycanda internetə daxil olma məhdudlaşdırılır, sadəcə, uşaqlarla bağlı təhlükəli məqamlar bu addımın atılmasını zəruri edir”.



Moldova parlamentinin deputatı, AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin xüsusi alt komitəsinin sədri Valeriu Qiletçi isə bildirib ki, müxtəlif cinsi zorakılıq məsələsində məlumatlılığın artırılması, ən yüksək hüquq standartlarının təminatı əsas məsələdir. O, Bakıda keçirilən iclas çərçivəsində bu məsələlərin geniş şəkildə müzakirə ediləcəyini vurğulayıb.



Konfrans davam edir.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed