Şrift:
Abbas Abbasovun yalan boğçası
14.06.2013 [10:22] - Xəbərlər, Siyasət, DAVAMın yazıları
Baş nazirin sabiq müavini danışdıqca özünü daha çox yandırır

Prezident seçkiləri yaxınlaşdıqca bu posta layiqli oldu-olmadı hər kəs öz iddiasını ortaya qoyur. Və yaxud da vaxtilə hakimiyyətdə təmsil olunub, lakin sonradan yol verdiyi bağışlanmaz səhvlərə görə, tutduğu vəzifədən uzaqlaşdırılan bəzi insanlar prezidentlik postuna iddialı olan siyasilərə açıq və ya gizli şəkildə dəstək verməklə ölkədəki siyasi proseslərə təsir göstərməyə can atır. Necə ki, son vaxtlar bu tendensiya baş nazirin sabiq müavini Abbas Abbasovun timsalında özünü biruzə verir. “Milyarderlər İttifaqı”nın yaradılması prosesinə dəstək verməklə yenidən gündəmə gələn Abbas Abbasov son vaxtlar radikal müxalifətin və özünün yaxın ətrafının təbirincə desək, bir qədər də fəallaşıb. Belə ki, Azərbaycanda yüksək post tutduğu dönəmdə başı yalnız özünə mal-mülk toplamaq, qohum-əqrabası üçün yaxşı şərait yaratmağa qarışan, nəinki xarici siyasət, hətta daxili siyasətdən belə anlayışı olmayan Abbas Abbasov birdən birə özünü siyasət meydanına atıb. Bu azmış kimi baş nazirin sabiq müavini hətta Azərbaycanın xarici siyasəti, xüsusilə Rusiya-Azərbaycan əlaqələri barədə də fikirlər səsləndirib. Düzü, Abbas Abbasovun bu qədər intelektual səviyyəyə malik olduğuna inanmırdım. Hətta müxtəlif xəbər portallarında onun adından dərc edilən açıqlamaların qısa müddətdə Abbas Abbasov tərəfindən təkzib olunacağı qənaətindəydim. Ona görə yox ki, Abbas Abbasovdan belə şey gözləmirdim. Sadəcə yuxarıda qeyd etdiyim kimi adıçəkilən şəxsin intelektual səviyyəsinə şübhə ilə yanaşdığım üçün onun bu cür fikirlər söyləyə biləcəyini qeyri-mümkün hesab edirdim. Ancaq heç də düşündüyümüz kimi olmadı və Abbas Abbasov sözügedən fikirlərin ona məxsus olduğunu təsdiqlədi. Bəs baş nazirin sabiq müavini nədən danışıb?

Xəbərlərdən də aydın olduğu kimi Abbas Abbasov Azərbaycan-Rusiya münasibətləri barədə son bir neçə ayda gedən proseslərlə bağlı heç bir əndazəyə sığmayan, çox sərt tənqd edən bəyanatla çıxış edib. Abbas Abbasov iddia edib ki, onun da təmsil olunduğu təşkilata qarşı Azərbaycanın kütləvi informasiya vasitələrində guya yalan, böhtan dolu materiallar dərc edilir: "Əl çəkin bizdən. Bizim təşkilatın liderlərinə qarşı Azərbaycan KİV-lərində misli görünməmiş yalan və böhtan kampaniyası aparılır. Bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər. Biz bilirik ki, bu prosesi kim idarə edir və kim maliyyələşdirir. Nəzarət etdikləri KİV-lər vasitəsi ilə onlar yalan informasiya, açıq böhtan yaymaqla azərbaycanlı icmalarının bu liderlərini diskreditə etməklə diaspor arasında bölünmə salmaq istəyirlər” deyən Abbas Abbasov saxta vətənpərvərlikdən də dəm vurub: "Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politolq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzaqda yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Azərbaycandan müxtəlif səbəblərdən gedən və Rusiyada məskunlaşan soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin! Bu qarşıdurma kimə lazımdır? Başa düşürsünüzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir?” Bəyanatında daha sonra Azərbaycanda korrupsiya probleminin qabartmağa çalışan Abbas Abbasov iddia edib ki, Azərbaycanda sosial problemləri həll etmək, keyfiyyətli tibbi və təhsli imkanı yaratmaq əvəzinə onlar Rusiyanın timsalında özlərinə düşmən uydurublar. Onlar qəsdən Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq üçün bunu edirlər. Bu ağlagəlməz nəticələrə və xaosa gətirib çıxaracaq və iki qardaş xalqı bir birinə düşmən edə bilər”.

Abbas Abbasovun bəyanatında əksıini tapan fikirlər ortaya bir sıra maraqlı suallar çıxarır. Baş nazirin sabiq müavini Azərbaycan KİV-lərini ittiham edərək mətbuatı Rusiyada yaşayan soydaşlarımız arasında nifaq salmaqda günahlandırır. Belə yerdə atalar yaxşı deyib. “Utanmasan oynamağa nə var ki”. Abbas Abbasov bu gün bütün Azərbaycan cəmiyyəti gözəl bilir ki, Rusiyadakı soydaşlarımız arasında nifaq yaratmağa çalışanlar Azərbaycan KİV-ləri yox, məhz sizlərsiniz. Təkcə “Milyaderlər İttifaqı”nı yaratmağınızı buna sübut kimi göstərə bilərik. Rusiyada yaşayan soydaşlarımız arasında birlik və bərabərlik olmasının tərəfində olsaydınız “Milyaderlər İttifaqı”nı yaratmazdınız. Düzdür, həmin ideya Kremldən gəldiyi üçün onu canla-başla yerinə yetirməli idiniz. Çünki hazırda siz Kremlin çörəyini yeyirsiniz. Necə ki, son illərə qədər Azərbaycan hakimiyyətinin çörəyini yeyib dövlətimizin həyata keçirdiyi siyasətin bir parçası rolunu oynayırdınız. Ona görə də burada qəribə bir şey yoxdur. Sadəcə insanın ahıl yaşında xalqın, millətin gözünün içinə baxa-baxa yalan danışmaq yer edir.

Abbas Abbasov məlum bəyanatında həmçinin ölkədəki korrupsiya hallarını diqqət mərkəzinə gətirməyə çalışır və iddia edir ki, Azərbaycanda korrupsiya və işsizlik kimi sosial problemlər var. Birincisi, Abbas Abbasovun belə bir açıqlama verməsi dəvənin başını kola soxub, arxasından xəbəri olmaması kimi bir şeydir. Sadəcə Abbas Abbasova bir xatırlatma kifayət edər. Əgər sığındığınız Rusiyada korrupsiya halı mövcud deyilsə, onda bu ölkənin müdafiə naziri, eləcə də nazirliyin bir sıra yüksək rütbəli əməkdaşları nəyə görə, vəzifəsindən uzaqlaşdırıldı, onlara qarşı cinayət işi açıldı. Məgər onlar korrupsiya yox, cinsi təcavüzə görəmi cinayət məsuliyyətinə cəlb edilmişdilər? Və yaxud iddia edirsiniz ki, Azərbaycanda işsizlik kimi sosial problem mövcuddur. Abbas Abbasov siz də gözəl bilirsiniz ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində ölkədə 600 mindən artır iş yeri açılıb. Və siz də baş nazirin müavini olarkən həm prezidentin yanında keçirilən müşavirələrdə, həm də indi iftira atdığınız biz KİV nümayəndələrinə verdiyiniz müsahibələrdə dəfələrlə bunu təsdiq etmisiniz. Bəs indi nə oldu? Buradan belə nəticə çıxır ki, ya siz heç bir zaman səmimi olmayıb gününüzü yalan danışmaqla keçirmisiniz, ya da sizin üçün hər zaman bir prinsip ön planda olub. “İşimin xətri üçün erməniyə də dayı demək”. Əgər Azərbaycanda korrupsiya halları mövcuddursa, nə üçün burada yüksək post tutanda bu barədə danışmır, ona qarşı mübarizə aparmırdınız. Bəli, siz düz deyirsiniz ki, Azərbaycanda korrupsiya halları olub. O da sizin yüksək post tutduğunuz zamanlar. Hazırda sahib olduğunuz milyonlar məhz vəzifədə olduğunuz zaman korrupsiya yolu ilə əldə etdiyiniz pullardır. Ona görə də sizin qətiyyətlə nə vətənpərvərlik, nə korrupsiyaya qarşı mübarizə, nə də başınız çıxmayan siyasətdən danışmağa nə mənəvi haqqınız nə də, intelektual səviyyəniz çatır.



Süleyman İsmayılbəyli "Olaylar" qəzeti

Güneydə farsa işləyən yarımçıqlar, Quzeydə rusa işləyən yarımçıqlar !!!

Sizin qarın və pul sevdanız AZƏRBAYCANI 200 ildən çoxdur ki, əsarətdən qurtarmağa imkan vermir...
Erməni lobbisi ermənistan qurur, yoxdan bir ölkə yaradır. Sizlər var olan AZƏRBAYCANI YEYİRSİNİZ..
davam.az
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed