Şrift:
MÜNASİBƏT: Elçibəyə saxta sevgi pərdəsi altında başqalarına çamur atıb bəraət qazanmaq mümkün deyil
18.06.2013 [22:09] - Gündəm, Siyasi partiyalar
Müsavat qəzetinin 18.06.2013-cü il tarixli nömrəsində “Elçibəy öz xalqı və dövləti qarşısında fədakarlıq etdi” yazısında Müsavat partiyasının funksioneri Hacılı Arif MDHP sədri, millət vəkili Fərəc Quliyev haqqında cəfəng fikirlər söyləyib. Arif Hacıyev deyir: “O dövrün ən ciddi səhvlərindən biri Fərəc Quliyevin rəhbərlik etdiyi İcraiyyə Komitəsinə geniş səlahiyyətlərin verilməsi oldu. O dövrdə belə bir iddialar var idi ki, guya Fərəc Quliyev böyük hərbi cəsarətə, hərbi biliklərə malikdir. Ancaq Fərəc Quliyevin Bakıdan çıxmağa və Surət Hüseynovun qoşunlarının qarşısında durmağa cürəti çatmadı. Onun həmin dövrdəki rolu digərləri ilə birgə Elçibəyi həmin dövrdə Bakını tərk etməyə inandırmaq və özünün də Elçibəylə birgə Bakını tərk edib Naxçıvana getməsi oldu”. 1. Əvvəla İcraiyyə Komitəsinə səlahiyyətlər, Fərəc Quliyev bu vəzifəyə təyin olunandan sonra verilməmişdir. İkincisi Fərəc Quliyev Elçibəyin seçimi idi, çünki bu vəzifəyə şəxslər Elçibəy tərəfindən təyinatla verilirdi. Üçüncüsü AXC-nin bu səlahiyyətli orqanında bütün qərarlar kollegial olaraq (İcraiyyə Komitəsinin iclasında) qəbul olunurdu.
Arif Hacılıdan fərqli olaraq Fərəc Quliyev heç bir hakimiyyət strukturunda təmsil olunmurdu. Onun hansı hərbi bilik və cəsarətinin olması bir qiyamı yatırmağa kifayət edə bilməzdi. Buna baxmayaraq hər kəs bilir ki, o dövrdə yalnız Fərəc Quliyevin təşkilatçılığı ilə Surət Hüseynova Bakıdan kənarda- Hacıqabul istiqamətində müqavimət göstərildi. Arif Hacıyev isə o dövrdə yalnız bu hadisələrlə bağlı televiziya vasitəsilə qiyamçıları müdafiə etməklə yadda qaldı.
Əslində Surət Hüseynov Arif Hacıyevin “əsəri” idi. Onun korpus komandiri təyin edilməsi, sonradan Milli Qəhrəman adına təqdim olunması birbaşa Arif Hacıyevin təqdimatı ilə olub. Qiyam vaxtı belə, Surət Hüseynovu qorxusundan televiziyada tək müdafiə edən şəxs də Arif Hacıyev oldu. Arifin etiraflarından da görünür ki, yerlərdə icra hakimiyyəti başçıları və strukturları ya müqavimət göstərə bilmir (bir neçə hal istisna olmaqla) ya da qiyamçıların tərəfinə keçirdi. İH isə birbaşa Arif Hacılının kurasiyasında idi və bu təyinatlar Müsavat partiyası yarananda şərtlə edilmişdir. Yəni “ya Müsavat partiyasına üzv olun, ya da icra başçısı olmayın”. Çox qəribə “təsadüfdir” ki, Arifin təqdimatı ilə Surət korpus komandiri, Milli Qəhrəman olur, qiyam edir, Arif onu qiyam vaxtı televiziyada müdafiə edir, Arifin təqdimatı ilə təyin olunmuş və onun kurasiyasında olan icra hakimiyyəti başçıları Arifin dediyi kimi ya müqavimət göstərmir, ya da qiyamçıların tərəfinə keçir.
Əslində bu məğlubiyyətin ən ciddi səbəblərindən biri hakimiyyətdə ola- ola hakimiyyəti bölmək- Müsavat partiyasını yaratmaq oldu. Bu dünyada analoqu olmayan hadisə idi. Təcrübədə hətta rəqib partiya və bloklar belə seçkidən sonra koalisiya yaratmaq məcburiyyətində qalanda hakimiyyəti götürmək, qorumaq naminə daha sıx inteqrasiya edirlər. Amma AXC hakimiyyətdə olduğu halda bu bölünməni yaratmaq izahat tələb edir. Həm də icra başçılarının yeni təyinatı zamanı ya Müsavata üzv olun ya icra başçısı olmayacaqsınız tələbləri ancaq Elçibəyin komandasını bölməyə, onu zəiflətməyə və hakimiyyətdən salmağa xidmət edirdi. Bu hakimiyyəti sarsıdan addım oldu.
2. Elçibəyin Kələkiyə gedişinə ikibaşlı münasibət bildirən Arif Hacılı bilməlidir ki, Elçibəyin qərar vermək problemi yox idi, dissident, məhbəs həyatı və milli azadlıq hərəkatındakı liderliyi dönəmində də çox proqmatik, cəsarətli və qərarlı olduğunu sübut etmişdir. O, nə Fərəc Quliyevin, nə də digərlərin inandırması ilə qərar qəbul etmirdi. Guya ki, Elçibəyin hakimiyyətə gəlməyində maraqlı olan Arif Hacılı və onun mənsub olduğu Müsavat partiyası 1993-cü ildə Elçibəyin komandasını böldülər (Elçibəyi qəbul edənlər niyə fərqli bir partiya yaratdılar?) məhz Arif Hacıyev Kələkiyə gedib, Elçibəyə yaranmaqda olan Demkonqresə sədr yox, başqaları kimi dönəm sədrliyi təklif etdi. 1998-ci ildə isə Elçibəyin prezidentliyinə vahid namizədliyinə imkan vermədilər. İndi bu saxta sevgi pərdəsi altında başqalarına çamur atıb bəraət qazanmaq mümkün deyil.

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed