Şrift:
Azərbaycan xalçaları-Təbriz qrupu kitabının təqdimatı keçirilib
20.06.2013 [10:41] - Mədəniyyət
Bu gün “Azər-İlmə” xalçaçılıq şirkətinin “Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsi əsasında hazırlanmış “Azərbaycan xalçaları-Təbriz qrupu” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən kitabın müəllifi, professor Vidadi Muradov kitabın layihə üzrə dördüncü nəşr olduğunu deyib: “Layihə çərçivəsində daha öncə “Azərbaycan xalçaları”, Qarabağ xalçaları”, “Azərbaycan xalçaları-İrəvan qrupu” kitabları nəşr olunub. Ümumiyyətlə, Azərbaycan xalçalarının doqquz qrupu haqqında bröşürlər çap etdirmişik ki, həmin bröşürlər dünyanın 103 ölkəsinin muzey, kitabxana, universitet və müxtəlif mədəniyyət ocaqlarına təqdim olunub”.

V. Muradov onu da qeyd edib ki, hazırda Azərbaycan xalçaları Naxçıvan qrupu kitabının nəşri istiqamətində işlərə başlanılıb: “Bu kitabların hazırlanması üçün təkcə Azərbaycanda olan xalçaları deyil, dünyanın bir sıra ölkələrində olan Azərbaycan xalçaları ilə bağlı araşdırmalar aparırıq. Araşdırmalarımız nəticəsində Azərbaycana məxsus elə naxışlar tapmışıq ki, bunlar haqqında bizdə məlumat yox idi”.

Qeyd edilib ki, ingilis, fransız, italyan, alman, rus, türk və ivrit dillərində də nəşr olunan kitab London, Paris, Roma, Freyburq, Moskva, İstanbul və Yerusəlimdə satışa çıxarılacaq.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin də iştirak etdiyi tədbirin sonunda qonaqlar “Azər-İlmə” xalçaçılıq şirkətinin nəzdində fəaliyyət göstərən xalça məktəbinin şagirdlərinin əl işlərinə tamaşa edib.
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed