Şrift:
Azərbaycan BMT-yə müraciət edəcək
21.06.2013 [11:35] - Gündəm, Sosial
Əli Həsənov: Ölkədə 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkün var

«Əgər indiki vəziyyətdə dünyanın ən böyük 8 ölkəsinin liderləri yığışıb dünyanın qlobal problemlərini müzakirə edərkən, onun həll yollarını axtararkən Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirlərsə, onlar arasında həmsədr ölkələrin — Rusiya, ABŞ və Fransa prezidentləri bununla bağlı bəyanat qəbul edirlərsə, bu, bir daha onu göstərir ki, bu münaqişə dünya üçün bir problemdir. Azərbaycan prezidenti də bunu dəfələrlə qeyd edib». Bu fikirləri Azərbaycan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
O qeyd edib ki, «G-8″ sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan prezidentinin dediklərinin təsdiqidir: «Həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi qısa müddətə həll olmasa, həqiqətən dünyəvi fəlakətə çevriləcək. Mən hələ o ərazinin narkotəsərrüfata çevrilməsindən danışmıram. Ora əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib. Orada elə həmin narkotik hesabına terror qrupları yetişdirilir və dünyanın müxtəlif bölgələrinə göndərilir. Bunu dərk edən dövlətlər artıq görürlər ki, bu hal getdikcə onların özləri üçün də fəlakətə çevrilə bilər. Biz BMT-nin bununla (narkotik) məşğul olan Vyana ofisinə yenə müraciət göndərməyi planlaşdırırıq və hesab edirik ki, problemə artıq ciddi diqqət yetirəcəklər. Müraciət edəcəyik ki, Dağlıq Qarabağda, işğal olunmuş bütün torpaqlarımızda monitorinqlər aparılsın, bu məsələ BMT-nin sənədlərində öz əksini tapsın».
Əli Həsənov Azərbaycanın 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü olduğunu deyib.
Onun sözlərinə görə, 1 milyon rəqəmi 1992-93-cü illərin statistikasıdır, ötən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən qaçqın və köçkünlərin sayı da artıb: «İlə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır».
Əli Həsənov deyib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ konflikti də dünyadakı konfliktlərə görə fərqlidir: «Dünyada mövcud olan iki-üç konfliktin bizim konfliktə oxşarlığı var. Qalanları ölkələrin daxilində yaranmış problemlərdir. Bizimki isə bir ölkənin digərinə — Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan konfliktdir. Azərbaycan vətəndaşları öz torpağında qaçqın və məcburi köçkünə çevriliblər».
Baş nazirin müavini bildirib ki, Azərbaycan dövləti bu gün qaçqın və köçkünlərini tam təmin etmək iqtidarındadır: «Buna baxmayaraq, bəzi beynəlxalq humanitar təşkilatlar bizimlə əməkdaşlığı davam etdirir. Yeni gələn təşkilatlar da var. Əsas odur ki, bütün problemləri Azərbaycan prezidenti özü həll edir. Yeganə problem konfliktin siyasi həllini tapmasıdır».
Komitə sədri qaçqın və məcburi köçkünlərin sosial durumu ilə bağlı statistikanı da açıqlayıb: «Əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün bu rəqəm 15 faizdir. Azərbaycanda təkcə ötən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu, dünyanın bütün konfliktli zonalarında ən yüksək rəqəmdir. Dünyanın heç bir konflikt zonasında 1 nəfərə bu qədər vəsait xərclənmir. Ümumi xərclər buraya daxil deyil. Bütövlükdə ötən il qaçqın və məcburi köçkünlərin xərcləri 300 milyon manat təşkil edib. Bu il isə 600 milyon manat sərf olunması gözlənilir. Son 20 ildə bu təbəqədən olan insanlara 5,4 milyard dollar xərclənib».
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed