Şrift:
İranın yeni prezidenti Həsən Ruhani Rusiya və Ermənistanla əlaqələri genişləndirəcəyini bildirib
25.06.2013 [15:33] - Güney Azərbaycan xəbərləri, Siyasət
İyunun 24-də İranın yeni seçilmiş prezidenti Həsən Ruhani seçkidəki qələbəsi münasibətilə Rusiya prezidenti Vladimir Putinin və Ermənistan prezidenti Serj Sərkisyanın ona göndərdikləri təbrik məktublarına cavab verib.

Ruhani Putinə cavab məktubunda Rusiya ilə əlaqələri hərtərəfli genişləndirməyə çalışacağını bildirib: “Mənim hökumətim dünya xalqlarına dostluq və sülh carçısı olacaq və bu məqsədə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Yeni hökumət İranın qədim sivilizasiyasına, islamın zəngin mədəniyyətinə söykənərək dünya ölkələri ilə sülh və anlaşma yolu ilə qarşılıqlı hörmət və ehtiramın genişləndirilməsinə və onun möhkəmləndirilməsinə çalışacaq. Biz İranla Rusiya arasındakı tarixi və qarşılıqlı əməkdaşlığın bütün sahələrdə genişlənəcəyinə ümid bəsləyirik”.

Ruhani vurğulayıb ki, Rusiyanın İranın xarici siyasətində özünəməxsus yeri var: “Hesab edirəm ki, yeni qurulacaq hökumətdə Rusiya ilə münasibətlərin əhəmiyyəti qorunub saxlanacaq”.

Sərkisyana məktubunda isə Ruhani bunları bildirib: “Biz qarşılıqlı ehtiram və etimad prinsipi əsasında Ermənistanla əlaqələrimizi genişləndirəcəyik. Ümid edirik ki, hər iki tərəfin göstərdiyi səylər mövcud və qarşılıqlı münasibətlərin bütün sahələrdə inkişafına yardım edəcək”.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed