Şrift:
İrena Lasota: Əbülfəz Elçibəy və demokratiya
25.06.2013 [15:49] - Gündəm, DAVAMın yazıları
Bu gün kim istəyir özünü demokrat adlandırır, istənilən partiya öz adının əvvəlinə «demokratik» sözünü əlavə edə bilir və bu səbəbdən sadə adamların əksəriyyəti çaş-baş qalaraq, demokratiyanın xaos, yoxsulluq və ümidsizlik gətirən bir sistem olduğuna inanmağa başlayır.
Amma 1992-ci il iyunun 7-də keçirilən və Əbülfəz Elçibəyin prezident seçildiyi seçkilərdən sonra Azərbaycan özünün həqiqi demokratikləşmə dövrünə malik olub, Elçibəyin prezidentliyi dövründə Azərbaycan qısa da olsa, ilkin, dərin, demokratik bir keçid dövrünü yaşayıb. 1918-20-ci illərdə mövcud olmuş Birinci Respublika 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsi üçün bir azadlıq simvolu, ilham və ibrət mənbəyi olduğu kimi, inanıram ki, 1992-ci il iyunun 7-dən 1993-cü ilin iyununa qədər olan dövr də haçansa Azərbaycanda demokratiya memarlarının gələcək nəsilləri üçün azadlıq simvoluna, ilham və ibrət mənbəyinə çevriləcək və bu qısa tarixi dövr İkinci Respublika adlandırılacaq.
İyirmi ildən çoxdur ki, əvvəlcə kommunist bloku ölkələrində dissident, gizli, antikommunist hərəkatlarını, daha sonra postsovet dövründə isə müstəqillik və demokratiya uğrunda hərəkatları izləmək, təhlil və müqayisə etməklə məşğul oluram. Mənə Polşada «Solidarnost», Çexoslovakiyada «Xartiya-77″ kimi hərəkatları yaxından müşahidə etmək, Vatslav Havel, Vitautas Landsbergis, Mustafa Krımoğlu kimi şəxsiyyətlərlə və eləcə də sovet və postsovet dövründə mövcud olan ən əhəmiyyətli demokratik, azadlıq hərəkatlarının digər liderləri ilə şəxsən tanış olmaq nəsib olub.
Heç şübhə yoxdur ki, Əbülfəz Elçibəy sovet imperiyasında demokratik dəyişikliklər dövrünün yetirdiyi ən elitar və sayca çox kiçik liderlər qrupuna mənsubdur, bu məkanda onun adı nəinki hər yerdə tanınır, həm də böyük bir əfsanəyə çevrilib. (Mən bu liderlər çərçivəsində Lex Valensanın adını bilərəkdən çəkmədim, çünki bu cür əfsanəyə çevriləcək şəxsiyyətlərdən biri olmasına baxmayaraq, o, Əbülfəz Elçibəydən demokratiya dərsi ala bilərdi).
Sovet imperiyasının dağılmaq üzrə olduğu dramatik illərdə ayrı-ayrı fərdlər durğunluq dövrünə nisbətən daha vacib rol oynayırdılar. Artıq liderlər liderlik edə, gerçəkliyi dəyişə bilirdilər; əhali onlara qulaq asır, onlar isə minlərlə, milyonlarla adamı müəyyən səmtə yönəldə bilirdilər. Əbülfəz Elçibəyin də taleyinə bu yazıldı, o da əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin, sonra isə bütün Azərbaycanın liderinə çevrildi. Keçmiş sovet məkanında, əlbəttə ki, qeyri-rus xalqları arasında Əbülfəz Elçibəy Rusiyadan azad olmağın, onun təsir dairəsindən qurtulmağın çempionu kimi tanınır. Baltik ölkələri Rusiya qoşunlarının Azərbaycan ərazisindən necə tez bir vaxtda çıxarıldığını da yaxşı xatırlayırlar. Eyni zamanda, sayca nə qədər az olsalar da, rus demokratları da onun prezidentliyinin demokratik təbiətindən xəbərdardırlar.
Şərqi Avropada bu gün NATO-ya üzv olan və ya tezliklə ona üzv olmağa hazırlaşan ölkələrdə Əbülfəz Elçibəy nəyin bahasına olursa-olsun demokratiya can atan və bütün mənəvi dəyərlərə sadiq qalan (bunsuz həqiqi demokratiyaya nail olmaq mümkün deyil) bir adam kimi tanınır. Çox az sayda məqalə və müsahibələr sahəsində, Şərqi Avropada yaşayanlar, onlardan çox-çox uzaqda yerləşən Azərbaycan adlı ölkədə də insanların eyni məqsəd uğrunda mübarizə apardıqlarından, eyni ideyaları bölüşdürdüklərindən xəbər tuta bilirdilər.
…1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin, 1992-ci ildə isə Azərbaycan Respublikasının rəhbəri seçilən Əbülfəz Elçibəy müasir Azərbaycan demokratiyasının simvoluna çevrilib. Özü şəxsiyyətə pərəstişi xoşlamayan, televiziya ekranında tez-tez görünmək istəməyən ictimai rəğbət təzahürlərindən sıxılan sadə qəlbli, son dərəcə təvazökar bir adam olsa da, demək olar ki, hələ sağlığında belə bir simvola çevrilmişdi və indi isə daha yüksəklərə qalxıb.
…Əbülfəz Elçibəyin sovet dövründə dissident olması faktı onun demokratik düşüncələrinin qaynaqlarını anlamaq baxımından çox vacibdir. O, cəmiyyətin təşkilatlanmasının sovet formasını inkar edən dissidentlərdən biridir. O, Sovet İttifaqını və rus ağalığını tamamilə inkar edirdi. Özünü sovet vətəndaşı hesab etmirdi. O, əvvəlcə ayrı bir fərd, sonra isə Əbülfəz Əliyev, Əbülfəz Elçibəy, Bəy olub, o, Azərbaycan türkü olub, bütün demokratik dünyanın vətəndaşı olub, amma heç vaxt sovet vətəndaşı, homo sovietikus olmayıb.
O, kommunizmə dərindən nifrət edib. Öz xalqına və digər xalqlara qarşı təzyiqlərə dözməyib. Kommunizmi necə var elə, yalanlarla dolu, insan ləyaqətini alçaldan, insan enerjisini boşa xərcləyən, qondarma tarix yazan, qatillərdən ibarət bir sistem kimi görüb. O, daxilən azad adam idi, azad olmaq, azad dünyada yaşamaq istəyirdi: bu isə kommunist rejimin ona və Sovet İttifaqında yaşayan yüz milyonlarla insana təklif etdiyi ilə ziddiyyət təşkil edirdi. Sanki o, anadan bunun üçün doğulub. Onu demokratiyaya aparan yol fərdi azadlıq, milli azadlıq uğrunda mübarizələrdə və məhz liberal demokratiyanın bu cür azadlıqların ən yaxşı təminatçısı olduğunu dərk etməsindən keçməsi idi. Azadlıq eşqi hər bir demokratın başlıca keyfiyyətidir və Əbülfəz Elçibəydə heç bir hədd-hüduda sığmayan azadlıq eşqi vardı. Onu tanıyan hər bir kəs yaxşı bilir ki, Elçibəy insan azadlığını məhdudlaşdıran hər cür buxova və əngələ, səbəbindən asılı olmayaraq, qarşı çıxırdı.
…Əbülfəz Elçibəy həmişə insanlara hədsiz inam bəsləyib. O inanırdı ki, insanlar mahiyyətcə yaxşı keyfiyyətlərə malikdirlər, onlara yaxşı şərait yaradıldıqda ağıllı hərəkət edəcək, təmiz yaşayacaq, doğru işlər görəcəklər. Prezident seçildikdən sonra o, vəzifəyə o qədər çox adam təyin etmədi, keçmiş dövlət məmurlarının 80 faizini öz işində saxladı, bir neçə əfv fərmanı imzaladı. O, öz ifadəsi ilə desək, «kimisə tutub basmağın» əleyhinə idi. Yenə öz ifadəsi ilə «vətəndaş sülhü» naminə. O, Azərbaycana, azərbaycanlılara inanırdı, inanırdı ki, yeni müstəqil Azərbaycan dövlətində hamı ümumi rifah naminə çalışacaq.
…Bütün həyatı boyu Əbülfəz Elçibəy həm tələbə, həm də müəllim olub. Praktiki olaraq hər şeylə maraqlanıb və hər şeyi öyrənməyə çalışıb. Mən inanıram ki, bildiyi dillərin imkanı daxilində siyasətlə bağlı əlinə keçən hər şeyi oxuyub. Haçansa bir gün Sovet İttifaqının dağılacağına heç bir şübhəsi olmadığına görə bu hadisədən sonrakı dövr üçün müxtəlif planlar düşünüb. Burada bir şeyi də qeyd etmək maraqlıdır ki, gələcək siyasi dəyişikliklər üçün uzun illər boyu müəyyən planlar quran mütəfəkkirlərin və siyasətçilərin çoxundan fərqli olaraq Əbülfəz Elçibəy heç bir cəhətdən ehkamçı olmayıb. Ömrünün sonuna kimi onun sualları cavablarından çox olub.
…Demokratiya hüquqi qanunlar sistemidir. Əbülfəz Elçibəy bunu bilir və anlayırdı. Onun prezidentliyi dövründə bir çox demokratik qanunlar qəbul edilib, bir çoxları hazırlanıb. Elçibəy hökumətinin prioritetləri aydın idi: qanunların işlədiyi, azad bazar iqtisadiyyatına malik və korrupsiyasız liberal demokratik bir sistemə keçmək. Qanunun qəbul edilməsi hələ birinci addımdır. Sonrakı addım onun tətbiqinə nail olmaqdır. Ancaq Polşa, Estoniya, bəzi əlamətlərə görə hətta Azərbaycan kimi ölkələrin nümunəsi göstərir ki, haçansa qəbul edilmiş qanun çox vaxt hətta köhnə rejim qayıtdıqdan sonra belə tətbiq olunmamış qalır. Əgər biz onun prezidentliyinin, xüsusilə də ilk altı ayı ərzində qəbul edilmiş vacib qanun və dekretləri digər ölkələrinki ilə müqayisə etsək, onun qazandığı müsbət nailiyyətlərə məəttəl qalacağıq.
…Elçibəyin düşüncəsinə görə, demokratik cəmiyyət hamıya bərabər imkanlar təmin edən, insanın dəyər və ləyaqətinin yüksək qiymətləndirildiyi bir sistemdir və burada mülki qulluqçular üçün yüksək maaş nəzərdə tutulur ki, onlar rüşvət almasınlar.
Əbülfəz Elçibəy bilirdi ki, sovet imperiyasının xarabalıqları üzərində demokratik quruluş yaratmaq çox çətindir. Kommunist rejimin 70 il ərzində cəmiyyətə, insan düşüncəsinə, iqtisadiyyata, mədəniyyətə və adət-ənənələrə nə qədər dərin yaralar vurduğundan xəbərdar idi. Bilirdi ki, bu yaraları sağaltmaq üçün müəyyən zamana ehtiyac var. Ümid edirdi ki, Azərbaycanda həyata keçirilməsinə başlanılan iqtisadi islahatlar tezliklə həqiqi orta təbəqənin, Qərb ölkələrindəki kimi liberal demokratik quruluşun əsas dayağı olan orta təbəqənin yaranmasına səbəb olacaq. O, kiçik sahibkarlara, həqiqi və təmiz biznesmenlərə dərin bir fəlsəfi rəğbət bəsləyirdi və məhz onların haçansa Azərbaycanın möhkəm orta təbəqəsini təşkil edəcəklərini güman edirdi.
Əbülfəz Elçibəy hökuməti ölkəni, heç bir kənar təsir olmadan vakuum içərisində idarə etmirdi. Ölkə müharibə vəziyyətində idi, Azərbaycanın yalnız kiçik bir hissəsi olduğu Sovet İttifaqı adlandırılan nəhəng bir şirkət iqtisadi tənəzzülə uğramışdı, cəmiyyət içəridən parçalanmış, bayırda isə düşmən qüvvələr fürsət gözləyirdi. Və demək olar ki, heç nəyə heç bir vaxt qalmamışdı.
Əlbəttə ki, səhvlər də vardı. Ancaq mən kənar bir müşahidəçi kimi bu səhvləri digər ölkə liderlərinin səhvləri ilə müqayisə edərkən Azərbaycanda hamının 1992-93-cü illərdə buraxılan səhvlərdən necə ağız dolusu, şövqlə danışdığına məəttəl qalmaya bilmirəm. Əgər tarix təkrar olunursa, onda çox güman ki, 1920-ci ildə bolşeviklərin Birinci Respublikanı ələ keçirmələrinə imkan verdiyi üçün Məhəmməd Əmin Rəsulzadə də ömrünün qalan 30 ilini öz səhvləri haqqında deyilənləri eşitməklə keçirib. Hər halda biz belə bir təəssüfedici sirdən xəbərdarıq ki, son nəhayətdə o öz partiyasının tərkibindən çıxarılıb. Bəzən böyük şəxsiyyətlərin tale yazısı bu cür sonunclanır.
Ancaq mən qəti şəkildə əminəm ki, 1993-cü ilin iyun qiyamının baş verməsinə Əbülfəz Elçibəyin, onun prezidentliyinin buraxdığı səhvlər deyil, qazandığı nailiyyətlər səbəb olub. Bu qiyam ona görə baş verdi ki, hökumət özəlləşdirmə və yeni seçkilər kimi daha demokratik islahatlar keçirməyə hazırlaşırdı; ona görə ki, Əbülfəz Elçibəy Qarabağ müharibəsini həll etmək üçün Minsk qrupu ilə işləyirdi; ona görə ki, o, neft sövdələşməsini imzalamaq üçün Londona getməyi planlaşdırırdı; ona görə ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında yaşayan qeyri-rus xalqları üçün pis bir nümunəyə çevrilmişdi.
1993-cü ilin iyun ayının o həyəcanlı günlərində Əbülfəz Elçibəy öz hökumətinin yeritdiyi siyasətin geniş şəkildə dəstəklənmədiyini gördü və bəlkə də bu səbəbdən qiyama qarşı qəti tədbirlər görməkdən vaz keçib, Kələkiyə getməyə üstünlük verdi. O, Azərbaycanı vətəndaş müharibəsinə sürükləmədiyi ilə həmişə fəxr edirdi.
…Azərbaycan bir daha dünyaya sübut etdi ki, təkcə Türkiyədə deyil, başqa bir müsəlman ölkəsində də demokratik, qanunlara əsaslanan, plüralist, dünyəvi dövlət qurulması mümkündür.

İrena Lasota
ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti

2002-ci il 23 iyun
Bu xəbər oxucular tərəfindən 1916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed