Şrift:
İndoneziya parlamentində Azərbaycan-Ermənistan münaqişəsi: Xocalı soyqırımı mövzusunda ictimai dinləmə keçirilib
29.06.2013 [10:36] - Gündəm, Siyasət
İyunun 27-də İndoneziya parlamentinin xarici məsələlər üzrə Birinci Komissiyasının təşkilatçılığı ilə parlamentin mətbuat zalında “Azərbaycan-Ermənistan münaqişəsi: Xocalı soyqırımı” mövzusunda ictimai dinləmələr keçirilib. Azərbaycanın İndoneziya eləcə də Sinqapur, Filippin və Timor-Leste respublikalarındakı səfirliyindən APA-ya verilən xəbərə görə, Birinci Komissiyanın sədr müavininin açılış çıxışı ilə başlayan və üç saat davam edən müzakirələrdə səfir Tamerlan Qarayev, İndoneziya Nümayəndələr Palatasının nümayəndəsi, Birinci Komissiyanın üzvü Məhəmməd Nacib, Nümayəndələr Palatasının sahə üzrə mütəxəssisi Beqi Hersutanto, İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Filemont Uriarte, Padjajaran Universitetinin beynəlxalq əlaqələr fakültəsinin mühazirəçisi Riki Ananda, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Lis Qindarsah əsas natiqlər qismində iştirak ediblər.



Müzakirələrə İndoneziyanın media nümayəndələri və tədqiqatçılar da cəlb olunub. Mətbuat zalının girişində Xocalı soyqırımını əks etdirən fotoşəkillər sərgilənib.



Tədbir səfir T. Qarayevin “Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı” haqqında görüntülü prezentasıyası və video təqdimatı ilə başlayıb. Dinləyicilərə Qarabağ münaqişəsinin qısa tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal əsnasında törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında təfsilatlı məlumat verilib. Beynəlxalq ictimaiyyətin və xüsusilə də İndoneziya Respublikasının məsələyə dair mövqeləri iştirakçıların diqqətinə çatdırılıb.



Təqdimatın sonunda İKT Parlamentlər İttifaqının İndoneziyanın Palembanq şəhərindəki konfransı zamanı qəbul olunmuş qətnaməyə əsasən İndoneziya parlamentinə Xocalı soyqırımını tanıması ilə əlaqədar müraciət olunduğu və bu müraciəti parlamentin sədri M. Əli də daxil olmaqla, 130-dan artıq parlament üzvlərinin imzaladıqları xüsusi vurğulanıb.



Digər natiqlər beynəlxalq qanun və normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini qeyd edərək Azərbaycan ərazilərinə qarşı təcavüz və Xocalıda törədilmiş bəşəriyyətə qarşı cinayətləri pisləyiblər.



Müzakirələrin sonunda bu növ ictimai dinləmələrin davamlı olaraq təşkil olunacağı deyilib.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed