Şrift:
Qızılın qiymərinin sürətlə dəyərdən düşməsi Azərbaycan iqsadiyyatına necə təsir edir
02.07.2013 [11:06] - Gündəm, İqtisadiyyat
Bir neçə aydır gündəmin əsas mövzularından biri də qızılın qiymətinin sürətlə dəyərdən düşməsidir. Bunun hansı fəsadlar yarada biləcəyinə dair indiyə kimi kifayət qədər geniş məlumat verilib. Lakin hadisələrin son inkişafı qızılın ucuzlaşmasının fəsadlarının pronozlaşdırıldığından daha böyük ola biləcəyini deməyə əsas verir. Bu barədə danışmazdan öncə qeyd edək ki, ötən ilin noyabrından başlayaraq qızılın qiymətində müşahidə olunan ucuzlaşma hələ də davam edir.
Xatırladaq ki, ötən ilin noyabrında qızılın 1 unsiyasının dəyəri 1795 dollar idisə, indi 1223 dollardır. Bu da bir unsiyada 572 dollar fərq deməkdir. Hazırda 999.99 əyarlı qızılın bir qramı 39,3 dollara satılır.
Ekspertlər hesab edir ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra qiyməti artan qızılın 2013-cü ildə ucuzlaşacağı gözlənilən idi. Çünki 2008 və 2009-cu illərdə böhranın müddətini proqnozlaşdırmaqda çətinlik çəkən investorlar öz pullarını bu dəyərli metalda saxlamağa üstünlük verdilər. Bu isə həmin dövrdə qızılın qiymətində artımla müşahidə edildi. Ümumiyyətlə, qızılın qiymətilə bağlı əvvəlki dövrlərə də nəzər salsaq, sözügedən qiymətli metalın dəyərinin həmişə dünya iqtisadiyyatında və onun aparıcı ölkələrində ciddi maliyyə böhranı ortaya çıxan zaman dəyişdiyini müşahidə edərik. Məsələn, sonuncu bahalaşmanın özü qlobal maliyyə və iqtisadi böhranın start götürdüyü 2008-ci ildən sonrakı illərə düşdü. Çünki dünyanın tanınmış banklarının maliyyə vəziyyəti kəskin şəkildə pisləşdi, neftin qiymətinin birdən-birə xeyli ucuzlaşması nəticəsində ABŞ dolları avro və digər valyutalara nəzərən məzənnəsini itirdi. Ötən il qızılın qiyməti baxımından vəziyyət sabitləşsə də, ilin sonlarından artıq enmə dövrü başladı.
Dünyanın nüfuzlu investorları və bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, son ucuzlaşma dünyada qızıla olan inamı sarsıdıb. 30 ildən sonra baş verən bu cür kəskin ucuzlaşma qızılın investisiya aləti kimi nə qədər risqli olduğunu bir daha nümayiş etdirmiş oldu. Onu da bildirək ki, davam edən ucuzlaşma qızıl ehtiyatına malik ölkələrin daha böyük itki ilə üzləşməsinə səbəb olur. ABŞ-ın əlində olan qızıl ehtiyatlarının dəyəri bir neçə milyard dollar aşağı düşüb. ABŞ-dan sonra dünyada qızıl ehtiyatına ən çox sahib olan ölkə Almaniya hesab olunur. Almaniyanın əlində 3 min 391,3 ton qızıl ehtiyatı var. Son günlər ərzində qızılın qiymətindəki ucuzlaşma Almaniyanı on milyardlarla dollar zərərə salıb.
Ehtiyatlarının həcminə görə 3-cü sırada olan İtaliyanın 2 min 451,8 ton qızılı var və ucuzlaşma nəticəsində bu ölkənin itkisi bir neçə milyard dollara çatıb. 2 min 435,4 ton qızıl ehtiyatına sahib olan Fransanın zərəri də milyardlarla ölçülür. Dünyanın ən çox qızıl ehtiyatına sahib olan ölkələrinin ilk onluğunu Çin, İsveçrə, Rusiya və Yaponiya tamamlayır. Bu ölkələrin qızıl ehtiyatlarının həcmi müvafiq olaraq, 1054,1 ton, 1040,1 ton, 976,9 ton və 765,2 ton təşkil edir. Beləliklə, son ucuzlaşma həmin ölkələri də milyardlarla dollar zərərə salıb.
Sadalanan bu ölkələrlə müqayisədə Azərbaycanın qızıl ehtiyatlarının həcmi olduqca azdır. İlin sonuna kimi bu ehtiyatlar 30 tona çatacaq. Lakin baş verən ucuzlaşma Azərbaycanın da böyük itkiyə məruz qalmasını şərtləndirəcək. Xatırladaq ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranı zamanı Neft Fondu qızılın alınmasına başlamışdı. Çünki o zaman ekspertlər güman edirdilər ki, ucuzlaşan qızıla böhrandan sonra təlabat artacaq. Demək olar ki, həmin ərəfədə proqnozlar özünü doğrultdu, böhrandan sonra qızılın qiyməti 50 faiz bahalaşdı. Lakin sonradan Fondun 2012-ci ildə aldığı qızılın qiyməti 14 faiz ucuzlaşdı. Dövlət Neft Fondunun itirdiyi 14 faizlik nisbi azalma isə gələcəkdə gəlirlə əvəzlənə bilər. Çünki Neft Fondu valyuta ehtiyatlarının 5 %-ni qızılda saxlayır. Qızılın ucuzlaşması isə davam edəcək. İlk növbədə ona görə ki, investorlar pullarını yatırmaq üçün müvafiq istehsal sahələri tapdıqca, qızıl bir həddə qədər ucuzlaşmaqda davam edəcək. İndiki ucuzlaşmaya gəldikdə isə, bu, ABŞ və Avropa Birliyi ölkələrinin iqtisadiyyatında bundan sonra baş verəcək proseslərlə bağlı olacaq.
Qızılın qiymətinin ucuzlaşmasına yol açan digər amillərə gəldikdə isə, ekspertlər qeyd edir ki, ucuzlaşma həm də spekulyativ amillərlə bağlıdır. Çünki investorların böyük bir qismi qızılın ucuzlaşmasında maraqlı olduğu üçün rezervlərini qızıldan çəkirlər. Nəticədə, dünya bazarlarında qızıl dəyərdən düşür.
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed