Şrift:
Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi fotomüsabiqə keçirir
03.07.2013 [14:51] - Gündəm, Mədəniyyət
Azərbaycan Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq «Mənim Azərbaycanım» internet foto-müsabiqəsinin başlanmasını elan edib.


Müsabiqə 3 nominasiya üzrə təşkil olunub. Bura «Təbiət – Azərbaycanın gözəl mənzərələri», «Tarix – Azərbaycanın adət ənənələri, zəngin tarixini əks etdirən fotolar» və «Ən orijinal foto» nominasiyaları daxildir.



Müsabiqə üçün fotoşəkillər iyulun 1-dən oktyabrın 31-dək qəbul olunur.



Qalibləri müəyyən etmək üçün internetdə noyabrın 1-25-də online səsvermə keçiriləcək. Online səsvermənin nəticələrinə və dövlət, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil olunan münsiflər heyətinin rəyinə uyğun olaraq qaliblər müəyyən edilərək onlara mükafatlar təqdim olunacaq. Hər nominasiya üzrə 1-ci yerin qalibinə noutbuk, 2-ci yerin qalibinə netbuk, 3-cü yeri tutanlara isə 3G mobil telefon təqdim olunacaq.



İştirakçılar hər nominasiya üzrə maksimum 3 foto şəkil göndərə bilər. Fotoşəkillər keyfiyyətli olmalı və göndərilən hər bir fotoşəkil üçün müvafiq məlumatlar (şəklin adı və qısa təsviri, çəkilmə tarixi (gün, ay, il), yer (şəhər, rayon, qəsəbə, kənd) qeyd edilməli, eləcə də iştirakçının təqdim etdiyi şəkillər üzrə müəlliflik hüququ göstərilməlidir.



Müsabiqənin mövzusuna uyğun gəlməyən, zorakılığı təsvir edən, milli mentalitetə yad olan fotoşəkillər müsabiqəyə buraxılmır.



Fotoşəkillər www.iktili.az saytı vasitəsilə birbaşa yüklənir.



Qaliblərin mükafatlandırılması dekabrın 6-da – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində aparılacaq.
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed