Şrift:
MDHP sədri,Millət Vəkili Fərəc Quliyev Akademik Rəhim Rəhimov-un ailəsinə baş sağlıqı verir
08.07.2013 [13:34] - Gündəm, Bildiriş
Azərbaycan elminə ağır itki üz verib.


Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Rəhim Nurməmməd oğlu Rəhimov 2013-cü il iyulun 6-da ömrünün 91-ci ilində vəfat edib.

Bu münasibətlə Milli Dirçəliş Hərəkatı partiyasının sədri,Millət Vəkili Fərəc Quliyev akademik Rəhim Rəhimovun vəfatı ilə bağlı mərhumu ailəsinə və yaxınlarına ocümlədən Azərbaycan xalqına bu ağır itgilə əlaqədər dərin hüzünlə başsağlığı verib.
xatırladaq ki,Akademik Rəhim Rəhimov 1923-cü il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Yeddi illik orta məktəbi bitirdikdən sonra o, 1937-1941-ci illərdə Ordubad Pedaqoji Texnikumunda oxuyub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olan Rəhim Rəhimov 1945–1950-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil alıb. O, 1954-1957-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun əyani aspirantı olub.

1941-ci ildə Ordubad şəhər orta məktəbində əmək fəaliyyətinə başlayan Rəhim Rəhimov burada 1945-ci ilədək rayon kənd məktəblərində müəllimlik edib, 1950-1951-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah, 1951-1953-cü illərdə isə Ordubadda həkim-rentgenoloq işləyib. O, 1957-ci ildən 1970-ci ilədək Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun rentgen şöbəsinə rəhbərlik edib, 1970-1974-cü illərdə Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun direktor müavini, 1974-1989-cu illərdə isə həmin institutun direktoru vəzifələrində çalışıb, 1989-cu ildən ömrünün sonunadək şüa-diaqnostika üsulları şöbəsinin rəhbəri və Milli Onkologiya Mərkəzinin konsultantı olub.

Rəhim Rəhimov 1957-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1970-ci ildə isə professor elmi adına layiq görülüb. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş Rəhim Rəhimov özünün çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Alimin onkologiya, rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılması və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaradıb. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olub, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıdıb.

Rəhim Rəhimovun yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri var. O, onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların və patentlərin müəllifidir. Son dövrlər ərzində respublikada yetişən onkoloqların və rentgenoloqların böyük bir nəsli alimin tədqiqatlarından mötəbər mənbə kimi istifadə ediblər. Rəhim Rəhimov beynəlxalq konfrans və simpoziumlardakı çıxış və məruzələri ilə Azərbaycan tibb elmini layiqincə təmsil edib. O, uzun illər ərzində Azərbaycan rentgenoloqlarının və radioloqlarının elmi cəmiyyətinin sədri olaraq xüsusi təşkilatçılıq bacarığı nümayiş etdirib.

Rəhim Rəhimovun Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış alim, istedadlı həkim, bacarıqlı elm təşkilatçısı və təvazökar insan Rəhim Nurməmməd oğlu Rəhimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!

Dərin hüzünlə:
Milli Dirçəliş Hərkatı Partiyasının Sədri,Millət Vəkili
Fərəc Quliyev




Qeyd edək ki, akademik Rəhim Rəhimov Fatmayı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed