Şrift:
MDHP sədri Fərəc Quliyev: Milli Şuradakıların Dədə Qorqudluq etmələri yersizdir
12.07.2013 [14:23] - Siyasət, Fərəc Quliyev
Milli Şura təmsilçilərinin bu qurumda olmayan qüvvələri müxalifət hesab etməmələri etirazla qarşılanıb.

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri və prezident seçkilərində iştirak niyyətini açıqlamış Fərəc Quliyev Gün.Az-a açıqlamasında Milli Şura nümayəndələrinin müxalifət daxilində təsnifat aparmağa mənəvi haqlarının olmadığını deyib:

“Milli Şuranın üzvlərinin müxalifətçilik məsələsində Dədə Qorqudluq etmələri, yarlıq müəyyənləşdirməyə çalışmaları qeyri-ciddilik dərəcəsində absurd hərəkətdir.

Milli Şuradakıların çoxu hesab edir ki, müxalifətçilik hakimiyyətin qərəzli tənqid və hətta bir çox hallarda təhqir olunmasıdır. Eyni zamanda, hesab edirlər ki, müxalifətçilik başqa ölkələrin maraqlarına xidmət edərək, milli mənafelərə arxa çevirməkdir. Yəni onların düşüncəsi, müxalifətçiliyə yanaşmaları bundan ibarətdir.

Amma hər kəs, o cümlədən də belə yersiz fikirlər səsləndirənlər bilsinlər ki, müxalifət Milli Şuradakılardan ibarət deyil. Məlumdur ki, Azərbaycanda Milli Şuradan kənar çox sayda müxalif siyasətçi prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Bu faktı görməzdən gəlmək primitiv bolşevizmin göstəricisidir.

Özlərindən başqa digərlərini müxalifət hesab etməyənlərə xatırlatmaq istəyirəm ki, onlar ötən seçkilərdə mandat və vəzifə uğrunda siyasi bazarlıqlara baş vuranda mən öz mövqeyimə görə həbsxanaya salınmışdım.

Onlar bu məqamları heç vaxt unutmasınlar və gələcək açıqlamalarında diqqətli olsunlar. Əks halda, bizim deyəcəyimiz və onların cavab verə bilməyəcəkləri çox sözlər var”.

A.Zeynalov
Gün.Az
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed