Şrift:
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsi keçirilib
30.07.2013 [10:40] - Mədəniyyət, Borçalı
Tiflisdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, AZEBİ təşkilatının və “Dialoq və İnkişaf Fondu”nun təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli aktyor Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsi keçirilib.



Tədbiri Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açaraq Səyavuş Aslanın yaradıcılığından, Azərbaycan kinematoqrafiya tarixində özünəməxsus dəst-xəttindən, onunla bağlı xatirələrindən, Borçalıya səfərlərindən söhbət açıb, belə tədbirlərin iki dövlət arasında daha da möhkəmlənən mədəni körpü olduğunu bildirib.



Tədbirdə Azərbaycanın “Yol əhvalatı” filmində Mustafa rolunda çəkilən gürcü artisti, Gürcüstanın “Teatr və Kino” teatrının aktyoru Vaxtanq Pançulidze Səyavuş Aslanın film çəkilişində ona dəfələrlə kömək etdiyini, təcrübəsini öyrətdiyini, sadə insan, böyük aktyor olduğunu deyib.



Anım gecəsində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdiyev Səyavuş Aslanın baş rolda çəkildiyi “Yol əhvalatı” filmində “Zümrüd” rolunda oynayan Həmidə Ömərova ilə gürcü aktyoru Vaxtanq Pançulidze arasında canlı bağlantı yaradıb. H. Ömərova “Səyavuş Aslan aramızda yoxdur, lakin onun çəkildiyi film yaşayır. Bu gün demək olar ki, bu filmin yubileyidir. Səyavuş Aslan böyük aktyor, təmiz ürəkli, mehriban insan kimi həmişə bizimlə olacaq. Allah Səyavuş Aslanın ruhunu şad etsin””, - deyə bildirib.



V. Pançulidze Həmidə xanımla yenə də filmlərdə çəkiləcəklərini bildirib: “Mən bizim birgə filmə çəkildiyimiz günləri unutmamışam. İnanıram ki, yenə yaradıcılıq sahəsində görüşəcəyik. İstər Azərbaycan, istərsə də gürcü filmlərində müxtəlif rollarda oynayacağıq”.



Sonra tədbirdə “Yol əhvalatı” filmi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed