Şrift:
Səhiyyə Nazirliyinin sözçüsü Bakıdakı İran klinikaları ilə bağlı açıqlama verib
30.07.2013 [13:10] - Xəbərlər, Gündəm
Bir neçə gün öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı ölkəsinin Bakıda iki klinikasının – İmam Xomeyni İmdad Komitəsinin nəzdində fəaliyyət göstərən xəstəxananın və İranın Qızıl Aypara Cəmiyyətinin klinikasının bağlanması ilə əlaqədar açıqlama vermişdi.

Abbas Əraqçi demişdi ki, klinikaların bağlanması texniki məsələdir: “Azərbaycan hökuməti bildirib ki, tibb mərkəzlərində və klinikalarda yeni standartlara keçmək istəyir. İstənilən hökumətin öz standartlarını bildirməsi onun təbii haqqıdır. Elə buna görə də hesab edirik ki, bu iki qurum özlərini yeni standartlarla uyğunlaşdırmaq məcburiyyətindədir”.

Abbas Əraqçinin açıqlamasında az əvvəl “Media forum” saytına müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də bildirmişdi ki, İmam Xomeyni İmdad Komitəsinin nəzdindəki xəstəxana Azərbaycan Səhiyyə Nazirliyinin irəli sürdüyü bəzi standartları yerinə yetirmək, lazım olan şəraiti, xüsusilə də laboratoriyanı təşkil etmək üçün fəaliyyətini məhdudlaşdırıb.

İyulun 29-da Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Media forum” saytına deyib ki, İmam Xomeyni İmdad Komitəsinin nəzdindəki klinikanın bağlanmasının nazirliyə heç bir aidiyyəti yoxdur. Anar Qədirli ümumiyyətlə bu klinikanın bağlanıb-bağlanmamasından xəbəri olmadığını vurğulayıb: “Əgər qapadılıbsa, bu, Səhiyyə Nazirliyinin xətti ilə edilməyib”.

İranın Qızıl Aypara Cəmiyyətinin Bakıdakı klinikasına gəlincə, Anar Qədirli qeyd edib ki, bu tibb ocağı fəaliyyətini lisenziya müddəti bitdiyi üçün dayandırıb: “Yeni lisenziyanın alınması üçün Səhiyyə Nazirliyinə müraciət daxil olub. Nazirlik prosedur qaydalara əsasən klinikaya baxış keçirib və istər sanitar-gigiyenik normalar, istərsə də klinikanın otaqlarının qanunvericilikdə göstərilən standartlara uyğunluğu baxımından bir sıra nöqsanlar aşkarlayıb. Bu nöqsanlar klinikanın rəhbərliyinə göstərilib və klinika həmin standartlara cavab vermək üçün təmir olunur. Yenilənmədən sonra nazirliyə təkrar müraciət olunacaq və həmin müraciətə baxılacaq”.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed