Şrift:
Boykot barədə danışmağın siyasi əhəmiyyəti yoxdur
02.08.2013 [17:14] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Partiya sədrlərinin fikrincə, bu,qarşı tərəfin gücsüzlüyünü göstərir və dövrün tələblərinə uyğun siyasi mübarizə üsulu deyil

Özlərini demokratik qüvvələr adlandıran bir qrup müxalifətçinin Milli Şurasında son vaxtlar qarşıdan gələn prezident seçkilərinin boykot edilməsi barədə fikirlər səsləndirilir. Qurumun vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsini müşahidə edən müxalifət təmsilçiləri, xüsusən də AXCP fəalları Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizəd olmasındansa, boykota üstünlük verilməsini daha doğru yol sayırlar.

Yaranmış vəziyyətlə bağlı fikirlərini “Kaspi”yə bölüşən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bütün hallarda boykotu uğursuz mübarizə üsulu kimi qələmə verib. Deyib ki, bunun hər hansı bir şəkildə tətbiq olunması müxalifətin ziyanınadır:

“Əvvəlki illərin təcrübəsindən çıxış edərək demək olar ki, seçki prosesinin içində olanlar hadisələrə daha çox təsir etmə gücünə malik olurlar. Ən azı təbliğat aparmaq, seçkinin nəticələri ilə bağlı müəyyən məsələlərdə fikir bildirmək, dəqiq rəyləri ortaya qoymaq və sair. Bu baxımdan seçkidə iştirak etməyənlər üçün bəzi problemlər hələ də qalmaqdadır. Ancaq seçkiyə qatılanlar proseslərə bayaq qeyd etdiyim kimi daha çox təsir göstərə bilirlər. Digər tərəfdən, siyasi partiyaların əsas fəaliyyətlərindən biri seçkidə iştirak etməkdir. Əgər siyasi partiya bundan imtina edirsə, o zaman onun mövcudluğunun elə bir əhəmiyyəti qalmır. Konkret olaraq, Milli Şura üzvlərinin boykot təklifini səsləndirmələrinə gəlincə, burada söhbət özünə güvənməkdən gedir. Özünə güvənən siyasətçilər belə bir addım atmamalıdırlar. Çünki boykot onlara heç bir fayda verməyəcək. Seçkilərdə iştirakla, ən azı onların Azərbaycan cəmiyyətinə özlərinin mövqelərini, fikirlərini çatdırma, təbliğ etmə və əhalini seçim qarşısında qoyma imkanları var. Bu olmayandan sonra daha da laqeydlik, passivlik mühiti yaranır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də bütün seçkilərdə partiyaların iştirakını vacib sayıb. Bildirib ki, bu, həm siyasi təşkilatların daha da qüvvətlənməsi, təcrübə toplaması, həm də cəmiyyətin siyasi fəallığının artması üçün gərəklidir. Onun sözlərinə görə, demokratik seçkilər milli iradənin hansı formada olduğunu nümayiş etdirmək baxımından da əhəmiyyətlidir: “Ola bilər ki, hər hansısa səbəbdən seçkiyə qatılmırsan. Tutaq ki, hansısa partiyanın maliyyə imkanları onun seçki prosesinə qatılmasına imkan vermir. Bu tamamilə fərqli yanaşmadır. Lakin boykot etmək naminə, seçkinin qarşısını almaq naminə bu prosesə qatılmamaq yolverilməzdir. Bu, proseslərdən kənara çəkilmək, ölkənin siyasi həyatını xaosa buraxmaqdır. İstənilən ölkədə hər hansı dəyişiklik demokratik yolla, seçki vasitəsilə gerçəkləşdirilir. Prezident seçkilərində partiyalar tərəfindən namizədliyi irəli sürülən şəxs siyasi təşkilatın iradəsini, düşüncəsini, zehniyyətini ortaya qoyur. Cəmiyyətin də buna adekvat reaksiyasının şahidi olur. Bu mənada seçkiləri yoxlama prosesi də saymaq olar. Bununla insanların istənilən siyasi təşkilata münasibəti ortaya çıxır. Digər tərəfdən bu, partiyanın özünün “toz”unu silməkdir, təşkilatlanmaq, təbliğatı qurmaq deməkdir. Hətta seçkidə məğlub olsan belə, qalib tərəf sənin müsbət ideyalarından yararlana bilər. Bundan da cəmiyyət yalnız uda, qazana bilər. Cəmiyyətin inkişafı təmin olunar. Bütün bunları nəzərə alsaq, boykot əhəmiyyətsiz, hətta cəmiyyət üçün zərərli bir taktikadır”.

Milli Şura daxilində cərəyan edən proseslərə toxunan parlamentari bildirib ki, bu qurum daxilində alternativ namizəd uğrunda gərgin mübarizə aparılır. O, ehtimal edib ki, Milli Şura seçkilərə bir deyil, bir neçə namizədlə qatılacaq: “Oradakı bəzi siyasi qüvvələrin boykot adı altında kənara çəkilməsini də başa düşürəm. Onlar cəmiyyət arasında öz etibarını itirdiklərindən, səsləndirdikləri şüarlara sadiqlik nümayiş etdirmədiklərindən belə bir qərar qəbul edirlər. Çünki seçkiyə qatılacaqları təqdirdə xalqdan səs ala bilməyib fiaskoya uğrayacaqlar. Ona görə də seçkidən qaçmaq üçün boykot üsulundan istifadə edirlər. Görünən budur ki, Milli Şura daxilində ən müxtəlif səbəblərdən bir yerdə görünənlər vahid məqsəd naminə sonadək bir yerdə ola bilməyəcəklər”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu demokratik mübarizənin sonsuz sayda metodlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, siyasi təcrübədə bunlardan biri də boykot taktikasıdır. S.Cəlaloğlu bunun effektli olması üçün çox ciddi şərtlərin lazım olduğunu da dilə gətirib: “Hansısa qüvvənin seçkidə iştirak etməməsinin adının boykot qoyulub-qoyulmaması bütünlükdə siyasi proseslərə elə də ciddi təsir etmir. Digər tərəfdən, müasir cəmiyyətdə, qlobal dünyada boykot taktikası demokratiyanın tədrici inkişafı, hakimiyyətin fazalı keçidi və sair problemlərin həllində ümumiyyətlə yolverilməz hesab edilir. Ona görə də hazırda seçkiləri bu barədə danışmaq bir o qədər də effektli, ağıllı, dünyanın, çağdaş dövrün tələblərinə uyğun siyasi mübarizə üsulu sayılmır”.

ADP sədri də bütün hallarda boykotu siyasi əhəmiyyəti olmayan mübarizə üsulu kimi dəyərləndirib. O, Milli Şura üzvlərinin boykot taktikasını dilə gətirməsini isə siyasi mübarizə ilə əlaqələndirməyib: “Onlar məcburiyyət qarşısında qalıb belə bir tələbi ortaya qoyurlar. Onlar Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu ölkəyə gətirə bilmirlər, Rəsul Quliyev Amerikadadır, Lalə Şövkət və Əli Kərimli isə ayrılıqda seçkidə iştirak etmək istəmirlər. Ona görə də Milli Şuranın bəzi üzvləri naəlac qalıb boykot tələbini səsləndirirlər”.

Rufik İSMAYILOV "KASPİ" qəzeti
Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed